Şrift:
“SƏNƏT, MƏNİM AZAD RUHUMDUR...” – Elşən İsmayıl
27.03.2017 [11:10] - Gündəm, Gənclik, Müsahibə
Müsahibimiz, qısa bir zamanda mətbuatda öz dəsti-xəttiylə tanınan, xüsusi üslubuyla digərlərindən seçilən, mətbuatda yayımlanan onlarla hekayənin, essenin, elmi-publisistik və siyasi məqalənin, şeirin müəllifi, milli mövzulu 3 filmin, 5 tamaşanın yaradıcısı istedadlı gənc yazar və rejissor Elşən İsmayıldır.

Sizlərə onunla apardığımız səmimi söhbəti təqdim edirik:

1.Sənət, sizin üçün nədir?

- Sənət, mənim üçün, hər şeydən öncə səmimi insan hisslərinin obrazlı təzahürü, saf duyğularla dolu bir gəmi, sevgi dalğaları və əsl xoşbəxtlik adasıdır. Və əlavə olaraq deyim ki, sənət, mənim azad ruhumdur...

2.Yazmaq, yaratmaq eşqi sizdə haradandır və siz də bir çoxları kimi ilham pərisinə ehtiyac duyursunuzmu?

- Yazmaq, yaratmaq eşqi, bu özü elə bir ilhamdır. Həyata bağlanmanın sevdası. Yaşamın qızıl qaydası... Məncə, həyat elə özü bir eşqdir. Saf, tər-təmiz eşq... O eşqə düşərkən əlavə ilhama ehtiyacınız yoxdur. Sadəcə həyatı sevin, yetərlidir...

3.Nikbin olmaq daha asandır, yoxsa xoşbəxt olmaq?

- Nikbinlik, xoşbəxtlik arzusundan gəlir. Xoşbəxtlik, nikbinliyin nəticəsidir. Hər ikisi sevgi ağacının bəhrəsidir... Əgər sevərsəniz, nikbin olarsınız. Nikbin olsanız, xoşbəxt olmağa bir çıraq yandırarsınız. Və o çıraq, sizi qaranlıq düşüncələrdən uzaqlaşdırıb aydınlıq hisslərinə, əsl xoşbəxtliyə çatdırar. Yenə təkrar edirəm, sadəcə sevin, qalanı bir yumaq kimi açılıb gələcək...

4.Həyatda nədənsə narazısınızmı, yoxsa həyat sizin üçün şirin bir xəyalmıdır?

- Narazı olmaq üçün bir səbəb görmürəm. Qaldı ki, şirin xəyal, həyatımız boyu bizimlədir. Əgər siz, maddi aləmi deyil, ruhani həyatı, səmimi hissləri, saf duyğuları, arzuları seçirsinizsə, o zaman həyatınız heç nədən narazı qalmayacağınız şirin bir xəyala dönəcək. Özü də bitməyən xəyal...

5.Belə çıxır ki, siz xəyalpərəstsiniz?

- Bu həyatda kim xəyalpərəst deyil ki, hər kəs, nəsə etmək istəyən insan öncə onun xəyalını qurur, sonra bir müddət o xəyal ilə yaşayır, nəhayət, xəyal, saf sevgi və səmimi duyğular ilə birləşib gerçək məfhuma çevrilir. Amma baxır, siz xəyal nəyə deyirsiniz. Əgər xəyal sizin üçün yalnız maddi arzularınızdan ibarətdirsə, o zaman özünüzü aldatmayın, sizin xəyal qurma bacarığınız yoxdur. Siz sadəcə ani həvəs üçün yaşayan bəsit zərrəciksiniz. (gülür) Bağışlayın, deyəsən bir az sərt alındı.

6.Maddi aləmlə ruhani dünyanı necə ayırırsınız?

- Maddi aləm, hər növ eqoizmin, istismarın, siyasi və ictimai qəlibin olduğu, insanları robotlaşdıran, bəsitləşdirən materialist bir sistemdir. Ruhani aləm isə, sərhədlərin, qayğının, qanunların olmadığı, insanlıq məfkurəsinin əsl mahiyyətini ortaya qoyan, arzular, istəklər, və səmimi hisslərin var olduğu, ancaq və ancaq xoşbəxt olmaq üçün yaşanan, dərin, fəlsəfi bir varoluşdur. Hətta deyərdim, ayrıca bir boyutdur. Bu boyuta isə yalnız və yalnız saf, təmiz eşqlə yoğrulanlar sığa bilər...

7.Yazılarınızda romantizm təsiri böyük olsa da, siz eyni anda realist əsərlər də yaradırsınız, bu nə ilə əlaqədardır?

- Məncə, həqiqi yazar, sənət adamı hər şey yaza (yarada) bilməlidir. Əks halda o yazar (sənətçi) deyil, nümayişçidir. Yalnız özünü təbliğ edən eqoist bir təlxəkdir hətta. (gülür) Yenə sərt oldu deyəsən. Nə edim, sənət yalan danışmaz... Romantizmi sevirəm, çünki ruhumun tələbi belədir. Realist yazılar yazıram, çünki həyat reallıqdan ibarətdir. (gülür) Bu fikrim sizi çaşdırmasın, baxır, siz nəyə həyat deyirsiniz. Elə realizmin özü də ikibaşlıdır... (gülür)

8.Klassik yazarlardan kimi bəyənirsiniz və niyə?

- Hələ ki, tam olaraq yaradıcılığına tanış olub bəyəndiyim tək yazar Gi De Mopassandır. Onun yaradıcılığında isə bəyəndiyim çox nüans var. Tək birini vurğulamaq istərəm ki, nə qədər də ayrı-ayrı dövrlərdə və ölkələrdə yaşasaq da, ruhumuzda oxşarlıq var və haradasa yazma stilimiz də eynidir. Hər ikimiz romantizmlə realizmi birlikdə yazıb yaşayırıq. Və ən əsası, sənətə xas olan senzurasızlıq, çılpaqlıq özünü göstərir. Səmimi insan hissləri bəsit həyati quruluşla birlikdə orijinal şəkildə təsvir edilir Mopassan yaradıcılığında. (gülür) Və bir də hər ikimizin diqqət mərkəzimizdən biri qadınlardır. Baxmayaraq ki, bu barədə bir qədər fərqli düşüncələrə sahibik...

9.Oxucularınıza və izləyicilərinizə sözünüz?

- Oxucularıma sözüm ondan ibarət ola bilər ki, məni oxumağa, yaradıcılığımı izləməyə davam etsinlər, yaxında bir-birindən maraqlı və sürpriz mövzulu əsərlərimlə tanış olacaqlar. Və ən əsası, hekayələrimi, digər yazılarımı oxuduqdan sonra rəy yazmağı unutmasınlar, çünki hər bir oxucumun baxış bucağı və dəyərləndirmə tərzi mənimçün dəyərlidir.

Mühasibəni götürdü: Tural Turan
Yazar-jurnalist
Bu xəbər oxucular tərəfindən 1397 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed