Şrift:
Təbrizdə həbs olunan quzey Azərbaycanlı şairlərdən yeni məlumat
08.05.2012 [12:46] - Güney Azərbaycan xəbərləri
Poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış iki gənc Azərbaycan şairi - Fərid Hüseyn və Şəhriyar del Gerani həbs olunublar.

“Azadlıq” radiosu azərbaycanlı şairləri Təbrizdə mülki geyimli şəxslərin saxladığını xəbər verib.

Şəhriyar del Gerani və Fərid Hüseyndən mayın 2-dən bəri xəbər yoxdur. İrana aprelin 29-da gedən gənc şairlər mayın 2-də axşam Təbriz-Bakı avtobusuna minib Azərbaycana qayıtmalıymışlar.

Mayın 2-də Şəhriyarla Fərid Təbrizdə İmişlidən olan 2 nəfərlə rastlaşıblar. Həmin şəxslər Şəhriyarın keçmiş məktəb yoldaşları olub. Dörd gənc birlikdə həmin gün Təbrizi gəziblər.

Həmin 2 nəfərin avtobusu Şəhriyargilin oturmalı olduğu avtobusdan 4 saat sonra çıxmalı imiş. Axşam Şəhriyargil “Koka-kola” almaq üçün bu iki nəfərdən aralanıblar. Elə bu vaxt mülki geyimli şəxslər onları həbs edib.

Şəhriyarın atası Hacı Mail Hacızadə “Azadlıq” radiosuna bildirib ki, şairləri saxlayan mülki geyimlilər beş-altı nəfər olublar, iki maşındaymışlar, özlərini təqdim etməyiblər: “Şəhriyargili maşına oturdublar ki, “bizimlə gedəcəksiz”. Şəhriyargil də deyib ki, “icazə verin çantamızı götürək”. Bundan sonra mülki geyimlilər maşınları sürüblər bunların yoldaşlarının yanına. Onları da həbs ediblər. Amma o iki nəfəri sonradan azad ediblər. Düzdür, əvvəlcə qaldıqları otel otağında axtarış aparıblar, sənədlərini aparıb yoxlayıblar. Amma gecə saat 2-də onların sənədlərini qaytarıblar və onlar da Azərbaycana qayıdıblar.

Şəhriyargilin həbs edilməsi xəbərini də onlar mənə çatdırıblar. Dediklərinə görə, onları həbs edənlər dövlət adamlarına oxşayırmışlar. Çünki otel otağında axtarış aparanda otel işçisinə deyiblər ki, “müdirə deyin filankəs gəlmişdi”. Demək ki, müdir onları tanıyırmış. Yəqin ki dövlət idarəsindən olan adamlar imiş”.

Atasının sözlərinə görə, Şəhriyar əvvəllər 6 dəfə İranda olub.

Hacı Mail Hacızadənin sözlərinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı İranın Azərbaycandakı səfirinə məlumat verib: “Konsulluq səviyyəsində iş araşdırılır”.

Gənc şairlərin həbs olunma səbəblərinə gəldikdə isə Hacı Mailin ehtimalları bu cürdür: “Bu gənclər cinayət etməyiblər, adam öldürməyiblər. Ola bilər azərbaycançılıq və türkçülüklə bağlı hansısa şeirlər oxuyublar, müzakirələrdə iştirak ediblər”.

Gənc şairlər İrana bu ölkədə fəaliyyət göstərən Azad Yazarlar və Şairlər Ocağının dəvəti ilə poeziya festivalında iştirak etməyə gediblər. Ocaq Azərbaycan dilində kitablar nəşr edir, Azərbaycan dilinin təbliği ilə bağlı işlər aparır. Azad Yazarlar və Şairlər Ocağının rəhbəri Bəhram Sürgündür.

“Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Səlim Babullaoğlu İranın dini rəhbəri ayətullah Xamneyi, prezidenti Mahmud Əhmədinejad və İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhramiyə müraciət edib.

O, Fərid Hüseyn və Şəhriyar del Geraninin taleyi ilə bağlı narahatlığını bildirib: “Diqqətinizə çatdırmaq istəyirik ki, adları çəkilən adamlar olduqca istedadlı gənc ədəbiyyatçılardır, gənc olmalarına rəğmən Azərbaycanda kifayət qədər yaxşı tanınırlar və onlar indiyə qədərki heç bir hərəkəti və yazısı ilə nə İran dövlətinin, nə də Azərbaycan-İran dostluğunun əleyhinə olub. Düşünmürük ki, gənc həmkarlarımız İranda olduqları müddətdə hər hansı qanun pozuntusuna yol veriblər. Bunu eyni vaxtda İranda olan və onların saxlanmasına şahidlik edən həmvətənlərimiz də söyləyirlər.

İslamın uca, insanpərvər idealları əsasında qurulan və yaşayan dövlətdə belə bir xoşagəlməz hadisənin olması dərin təəssüf hissi doğurur. İnanrıq ki, İran dövlətinin müvafiq strukturları bu məsələni tezliklə həll edəcək, ilk növbədə bu gənclərin onları artıq 5 gündür səbirsizliklə gözləyən valideynlərinin, sonra isə ədəbi ictimaiyyətin narahatçılığına son qoyulacaq.

Sizdən çox xahiş edirik ki, bu məsələnin tezliklə həll olunmasında öz böyük nüfuzunudan istifadə edəsiniz və ədalət bərqərar olsun!"

Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı da məsələ ilə bağlı bəyanat yayaraq mövqeyini bildirib: “Gənc şairlər Fərid Hüseynlə Şəhriyar del Geraninin (Hacızadə) İranda mülki geyimli şəxslər tərəfindən həbs edilməsi və onların taleyi ilə bağlı dolğun bilgi əldə edilməməsini qınayıram və düşünürəm ki, bu adıyaman işin icraçıları olduqca böyük qəflət və yanlış içindədir.

Fəridlə Şəhriyar öz yaradıcılıqlarında humanizmi, dostluğu, birgəyaşayış və anlaşmanı, ümumən ədəbiyyatın aşılamalı olduğu dəyərləri təbliğ edən perspektivli gənclərdir. Onların müəmmalı şəkildə “yoxa çıxma”ları İran hakimiyyətinə başucalığı gətirmir. Gənc yazarların İrana səfəri poeziya ilə, şeir-sənətlə bağlı olduğundan, onlar nəinki həbs olunmalı, quşquyla qarşılanmalı, əksinə, sayğıya layiq rəftar görməli, layiqli qonaqpərvərliklə qarşılanıb, yola salınmalıydılar. Hətta gənc yazarlar hər hansı yanlışlığa yol vermiş olsalar belə, bu onların müəmmalı, qeyri-şəffaf ortamda “yoxa çıxma”larına əsas verə bilməz.

Hesab edirəm, İranın ilgili dövlət orqanları Azərbaycan vətəndaşları olan gənc yazarlarla bağlı məsələyə bir an öncə aydınlıq gətirməli, onların öz ölkələrinə təhlükəsiz şəkildə qayıtmalarına şərait yaratmalıdır. Əks təqdirdə İran ərazisində keçirilən hər hansı ictimai-mədəni tədbirdə iştirak etməyin nə qədər təhlükəli olduğu bütün dünyaya bir daha aydın olacaq və uluslararası zəmində öz həssas dönəmini yaşayan İranla bağlı yeni suallar doğuracaq”.
Bu xəbər oxucular tərəfindən 1632 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed