Şrift:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran mediasında Azərbaycanın ünvanına səslənən ittihamlara münasibət bildirib
15.05.2012 [17:25] - Xəbərlər
“Son vaxtlar İran İslam Respublikasının media məkanında siyasi əxlaq və milli-mənəvi dəyərlərə uyuşmayan, dövlətlərimiz arasında dost - qonşuluq münasibətlərinə kölgə salan təbliğat və təşviqat ünsürlərinə rast gəlinir.
Qəbuledilməz haldır ki, aksiyalarda yüksək nüfuz sahibi olan şəxslərin ünvanına Azərbaycan və İran mentalitetinə yaraşmayan şər-xəta sözlər səsləndirilir”. Bu fikirlər yaydığı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatında öz əksini tapıb.
Məlumatda bildirilir ki, belə bir informasiya gərginliyinin yaradılmasında erməni mənşəli veb-saytların qızışdırıcı rolu və ondan alışan etirazlarda ilk növbədə qonşu soydaşları qarşı-qarşıya qoymaq istəyənlərin məkrli məqsədi aydın sezilsə də, təəssüf ki, qarşı tərəfdə bu niyyətə rəvac verənlər tapılır: “Azərbaycan Respublikasının rəsmi şəxsləri İran dövlətinə mehriban qonşuluq və dost münasibətini siyasi mövqe olaraq dəfələrlə açıqlayıblar. Bu günədək İran İslam Respublikasının dövlət adamları bunun əksini sübut edəcək heç bir faktla çıxış etməymb. Ona görə də çoxəsrlik əlaqələrimizin perspektivini yox etmək məqsədi güdən bəzi qurumların və milli mənəviyyat düşmənlərinin əlində təbliğat alətinə çevrilmək yetər. Azərbaycan Respublikası dünyəvi dövlətdir. Onun həm yaxın, həm də uzaq qonşuları vətəndaşlarımızın bu seçiminə hörmət etməlidirlər. Və bizim dünyəviliyimizdə o da var ki, dövlətimiz Azərbaycan milli-dini dəyərlərinə yad nə isə bir şərəfsizliyin onun ərazisində baş tuta biləcəyinə göz yuma bilməz”.
Məlumatda qeyd edilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün müxtəlif dinc formalardan istifadə edir: ““Evrovision-2012” məhz həmin mübarizənin tərkib hissələrinə güc verəcək bəşəri formatlı tədbirdir. Mədəniyyətlərarası dialoqda ən faydalı üsullardan biri, dinc, yanaşı yaşamaq məkanı kimi örnək olan bir dövlətə qarşı edilmiş təcavüzün mahiyyətini və istiqamətlərini müəyyənləşdirməkdə çətinlik çəkən, ona biganə qalan, yaxud tərəddüd edən milyonlarla insanın sosial-siyasi mövqeyinin obyektivcəsinə müəyyənləşdirilməsində ən kütləvi və təsiredici formadır. Bunun olduğu kimi görünməsini istəməyənlərin mövqeyi və hərəkətləri ancaq acı təəssüf doğurur. Əminik ki, bu gün respublikamızın və vətəndaşlarımızın, o cümlədən çoxmilyonlu soydaşlarımızın sağlam mənəviyyatına və mövqeyinə kölgə salmağa cəhd edənlər çox qısa zamanda rüsvay olacaqlar”.
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed