Şrift:
Akademik Mustafa Topçubaşovun Əziz Əliyev haqqında xatirəsi - Dağıstanlılar ona Qurucu Əziz adını vermişdilər
05.08.2017 [11:32] - Xəbərlər, Dərbənd
Əziz Əliyevə sadəcə “həkim”, yaxud “professor” demək bir o qədər də düz deyil. Doğrudur, o, universitetin tibb fakültəsini qurtarmışdır, can həkimi işləmişdir, elmlər doktoru olmuşdur. Ancaq məncə Əzizə “Cəmiyyət həkimi” desəydilər daha yaxşı olardı. Əslində cəmiyyət özü də bir canlıdır. Və onun da öz həkimi olması təbiidir.

Tibb sahəsində yaxşı xidmət göstərmiş çoxlu alimlərimiz olmuşdur və var. Onlarla birgə işləmişəm, çoxunu şəxsən tanıyıram. Ancaq Əziz heç kəslə müqayisə edilə bilməz. Bilirsinizmi niyə? Ona görə ki, Əziz Əliyev bir şəxsiyyət kimi yox, milli səhiyyəmizin inkişaf tarixinin bir mərhələsi kimi öyrənilməlidir.

Əzizi mən İrəvandan tanıyıram. İkimiz də gimnaziyada oxuyurduq. Gimnaziyalarımız bir-birindən xeyli aralı idi. Ailələrimiz arasında doğmalıq vardı. Bizə əksər qohumlarımızdan yaxın idilər. Xeyrimizdə-şərimizdə hamıdan tez tapılardılar...

Ağıllı və fərasətli bir uşaq olduğuna görə, atam Əzizin xətrini çox istəyirdi. O məndən iki sinif aşağıda oxuyurdu. Di gəl ki, mənim dərslərimi də bilirdi. Dərsdən sonra məhəllə uşaqlarında “dərs” verirdi. Əzizin belə qabiliyyətli, fərasətli olmasını atam tez-tez mənim üzümə vururdu. O, hey deyərdi:

- Əziz səndən iki yaş kiçikdir, ancaq iki dəfə bacarıqlıdır. Müəllimləri başına and içir. Bütün şəhər ondan danışır. Başqalarına dərs verir. Nə çıxsa, beləsindən çıxacaq!

Əzizi mənə qarşı qoymaqda atamın məqsədi başqa idi. O, bu yolla təhsilimi davam etdirmək, Rusiyaya getməyimin qarşısını almaq istəyirdi. Ailəmizdə heç kim mənim İrəvandan çıxmağıma razı deyildi. Buna həm maddi imkanımız yox idi, həm də bütün Rusiyanı xalq narazılığı bürümüşdü. Deyirdilər: “gedirəm nə olar, nə olmaz”.

“Yüz fikir bir borcu ödəməz”, - deyiblər. 1915-ci ildə gimnaziyanı qurtarıb, üz tutdum Kiyevə. Əzizlə bir də səkkiz ildən sonra Bakıda görüşdük. Danışırdı ki, o da gimnaziyanı bitirəndən sonra təhsilini davam etdirmək istəyib, Petroqrada gəlib. Burada hərbi tibb akademiyasına qəbul olunub. Ailəsinin ağır maddi ehtiyaca məruz qaldığını eşidəndə, təhsilini yarımçıq qoyub geri qayıdıb.

Bakıya gələn kimi, Əziz Əliyev respublika Xalq Komissarları Sovetində işə düzəldi, həm də universitetdə təhsilini davam etdirdi. Fakültəni qurtarandan sonra terapiya kafedrasında ordinator saxlanıldı. O, universitetin partiya özəyində də işləyirdi.

Sovet hakimiyyətinin ilk illərində trotskiçilərə qarşı ümumxalq mübarizəsi gedirdi. Düşmənlər bəzən terrora da əl atırdılar. Həkimlərə qəsd edirdilər, xəstəxanaları dağıdırdılar. Siyasi işçiləri hər an təhlükə gözləyirdi. Belə bir şəraitdə Əzizi respublikanın hər guşəsində görmək olardı.

Bir dəfə Qala divarının yanında mitinq keçirilirdi. Başımı qaldıranda Əzizi alovlu-alovlu danışan gördüm.

...Narazı qalanlar, ona replika atanlar vardı. Çətinliklə irəli keçdim. Məni görən kimi mətin səslə:

- Doktor, mitinqdə xəstələnən-zad yoxdur ki? - dedi.

Mən onun atmacasına əhəmiyyət vermədim.

- Əziz, bir az ehtiyatlı olmaq lazımdır, - dedim.

O, elə məğrurluqla dilləndi ki:

- Xəstəlikdən də, düşmən qabağından qaçanda da özünü məğlubiyyətə hazırlayırsan. Onlara təslim olmaqsa, ikiqat ölümdür!

Qəribə oğlan idi Əziz. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda, tayı-bərabəri yox idi. Təbabətin babası Hippokrat elə bil həkimlər haqqında andı onun kimilərinə baxıb yazmışdır.

***

Uşaqlıqdan bir-birimizi tanıdığımızdan və inzibati işlərimin çoxu ondan aşdığından Əzizin yanına tez-tez gedərdim. Bəzən onu itirərdim. Çünki respublikamızda Əzizin işləmədiyi yer qalmamışdı. Şəhər İcraiyyə Komitəsində, Respublika Xalq Səhiyyə Komissarlığında, Xalq Komissarları Sovetində, Mərkəzi Komitədə, institutlarda və s. həmişə də məsul vəzifələr aparırdı. Cəmiyyətdə hansı bir sahə “xəstələndi”, haraya Əziz çatardı. Xüsusilə, səhiyyənin o vaxt min əyir-əskiyi vardı. Tibb işçiləri Əzizə “təcili yardım” ləqəbi vermişdilər. Dara düşəndə qaçırdıq üstünə. Əzizin yanında müxtəlif peşə adamları görürdüm. Onun qəbulu və mütəxəssislərlə danışması məni valeh edirdi. Əzizin ali təhsilli olmasına heç kəs şübhə etməzdi. Ancaq hansı ali məktəbi bitirdiyini müəyyənləşdirmək müşkül məsələ idi. O, Aşıq Ələskər demişkən, “hər elmdən hali” idi.

Akademik Mustafa Topçubaşovun Əziz Əliyev haqqında xatirəsi - Dağıstanlılar ona Qurucu Əziz adını vermişdilər

Mərkəzi Komitədə işləyirdi. Bakıda cərrahların yığıncağı keçiriləsi idi. Bununla əlaqədar yanına getmişdim. Katibəsi məni tanıyırdı. Sorğu-sualsız kabinetinə keçirdim. Qapını açanda onu üç-dörd adamla söhbət edən gördüm. Ayaq saxlayıb, kabinetdən çıxmaq istəyəndə, məni çağırdı. Keçib əyləşdim. Söhbətlərindən belə görürdüm ki, buradakılar tikinti mühəndisləridir. Mübahisəli məsələləri vardı. Əziz də elə bil “mühəndisləşmişdi”, hər şey barədə yerli-yataqlı məsləhətlər verirdi. Zarafatla soruşdum:

- Əziz lələ, deyəsən indi də təhsilini mühəndislər institutunda davam etdirirsən?

- Yox, doktor, - dedi. Söhbətinə ara verdi. Lakin sözlü adama oxşayırdı. – Tələsmirsən ki? - Sualına özü də cavab verdi. – Əlbəttə, tələsirsən. Tələsmək yaxşıdır. Ancaq təkcə təbabət üçün tələsmək, məncə, çox azdır. Niyəsini deyim: bir ömür təbabət üçün tələsək, bir ömür mühəndislik üçün, bir ömür fəlsəfə üçün, bir ömür aqronomluq uçun... Axı, ay doktor, bizə bu qədər ömürləri verən kimdir?..

Əzizə ömürlər verilməmişdi, bir ömür verilmişdi. Elə bir ömür ki, bütün biliklərə kifayət etmişdi. Yenə də özündən, biliyindən razı qalmırdı...

* * *

Səhiyyə Komissarlığında işləyən bir nəfər işçi bizi oğlunun toy məclisinə dəvət etmişdi. Bəyin sağlığı üstündə bir nəfər orta məktəb müəllimi Puşkinin poemasından əzbər demək istədi. Yerinə düşmüşdü. Bəyin də adı Yevgeni idi. Yalan olmasın, bir saatdan çox əzbər söylədi. Ağzımız açıq qaldı. Kimsə soruşdu:

- Poemanı neçə dəfə oxumusan?

Müəllim cavab verdi:

- İki dəfə.

Əziz öz-özünə “iki dəfə” deyib fikrə getdi.

Biz yanaşı oturmuşduq. Qolumu qoluna vurub pıçıldadım:

- Deyəsən, yenə “tələsməyin” tutdu? Axı...

Elə bil buna bəndmiş, o saat dilləndi:

- Əşi, tutmasın neynəsin?! Biz Ələsgərin bir qoşmasını on dəfə oxuyuruq, yadımızda on xətt qalmır...

Səhiyyə Komissarlarının növbəti kollegiyası keçirilirdi. Kollegiyada qoyulan məsələlərdən biri ucqar kənd rayonunda işləyən bir cərrah barədə idi. Operasiya zamanı artıq qan itirmiş hamilə qadın tələf olmuşdu. Bu haqda xəstənin valideynləri komissarlığa məlumat vermişdi. Cərrah, qadının ölumünün əsas səbəbini xəstəxanada qan əvəzedicisi olmaması ilə izah edir və komissarlığı günahlandırırdı. Əziz Əliyev də etiraf etdi ki, respublikada bir çox dərmanlar və o cümlədən, qan əvəzedicisi çatmır. O, cərrahdan soruşdu:

- Bəs özünüz necə, qanınız normadadır?

- Deyə bilmərəm, ancaq narazı deyiləm.

- Mən narazıyam.

- Narazısız?

- Bəli!.. Deyin görüm, indiyə qədər qanköçürmə mərkəzinə nə qədər qan vermisiniz?

- Nə qədər qan vermişəm?! - Cərrah duruxdu. Söz tapmadı. Əziz dilləndi:

- Siz də soruşa bilərsiniz, mən nə qədər qan vermişəm. İndi gedərik mərkəzə öyrənərsiniz...

Kollegiya qurtarandan sonra qanköçürmə mərkəzinə getdik. Əziz mərkəzin kirəcəyində rast gəldiyi ağ xalatlı adama bizi göstərib dedi:

- Sizə bir trup donor gətirmişəm. Əməliyyata başlayın.

Özü bizdən 100 qram artıq qan verdi. Öyrəndik ki, həqiqətən donordur. İldə azı bir litr qan verir. Bunu mən də bilmirdim.

Biz qanköçurmə mərkəzindən çıxanda cərraha dedi:

- Əgər bu 200 qram qanı yerində xəstəxaya versəydin, operasiyanın gələcək nəticəsindən asılı olmayaraq, əsl həkimlik nəcibliyi göstərərdin. Hələ həkimlik qəhrəmanlığını demirəm. Xalq səhiyyəsində işləyən adam, qanından keçməyi də baçarmalıdır...

Əziz Əliyev hərtərəfli şəxsiyyət idi. Onu bir dəfə görənlər, onunla daim ünsiyyətdə olmaq arzusu ilə yaşayırdılar. İşgüzarlıqda tək yaranmışdı. Buna iki misal çəkim: Vaxtilə respublikamızı xəstəliklər basmışdı. Rayonlara həkim briqadaları göndərilirdi. Mən həmin briqadaların rayonlararası zona rəhbəri idim. Respublika üzrə Əziz Əliyev sədr təyin edilmişdi. İnanırsız ki, hansı rayona gedirdik, Əziz qabağımıza çıxırdı. Daha təhlükəli kəndlərin, ailələrin adlarını çəkir və nəzərdə tutmağımızı tapşırırdı.

Müharibə illərində hitlerçilər Mozdoka çatmışdılar. Zaqafqaziya təhlükə altında qalmışdı. O vaxt Əziz Əliyev səhiyyə komissarı idi. Mərkəzi Komitə Dağıstanda işləmək üçün Azərbaycandan iki nəfər siyasi işçi istəmişdi. Respublikadan təkcə Əziz Əliyevi zəmanət vermişdilər. Və demişdilər ki, bizim ikinci Əziz Əliyevimiz yoxdur.

Müharibənin ağır vaxtlarında Əziz Əliyevi Dağıstana göndərdilir. O, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi və eyni zamanda şəhər müdafiə şurasının sədri təyin edilmişdi. Bilirsinizmi, Əzizin üstünə nə boyda məsuliyət düşürdü!.. Bununla belə o, Azərbaycanla da əlaqəsini kəsmirdi. Bizdə səhiyyə komissarını uzun müddət onun müavini İosif Fel əvəz etdi. Komissarlıqda işlər pis getmirdi. Mən bir dəfə İosifdən soruşdum:

- Komissarsız çətinlik çəkmirsiniz ki?

- Komissarsız niyə - deyib mənə sarı dikəldi. Elə bildim təzə komissar təyin edilib. Müharibə illərində belə şeylər göz qırpımında olurdu. Susdum. Fikirləşdim ki, görəsən təzə komissarımız kimdir. İosif məni xəyaldan ayırdı:

- Bəs Əziz Mammedoviç kimdir?

- O, Dağıstanda deyilmi? - dedim.

Qəhqəhə çəkib güldü və yüksək ahənglə:

- Mustafa Ağayeviç, yatmısan fil qulağında...

Muharibə dövründə bir neçə dəfə Dağıstana getdim. Mahaçqalada İttifaq Qospitallar İdarəsinin Müşavirəsi keçirilirdi. Müşavirədə Əziz Əliyev də iştirak edirdi. O, qospitallarda görüləcək işlər, müalicə məsələləri, strategiya və taktikamız haqqında elə aktual fikirlər söyləyirdi ki, marşallar, generallar, həkimlər valeh olurdular.

Əziz Əliyev müharibə qurtarandan sonra da bir müddət Dağıstanda qaldı. Çoxlu bərpa və quruculuq işləri gördü. Dağıstanın çoxmillətli torpağı ona sitayiş edirdi. “Qurucu Əziz” adı vermişdilər. Dağların başında, şəhərin özündə və ətraf rayonlarda Əzizin çoxlu abadlıq yadigarları vardır.

* * *

Son vaxtlarda Dağıstana getmişdim. Dost-tanış başıma yığışdı, Əzizdən söhbət saldılar. Dedilər ki, onun getməsinə o vaxt yaman heyfslənmişlər. Vidalaşmaq üçün qocalar yol üstünə çıxmışlar. Maşını saxlayıb Əzizi bir-bir bağırlarına basmışlar. Və arxasınca baxıb ağlamışlar. Nə edəsən, ömur-gün keçdikcə sümük də kövrəlir, ürək də...

Bütün bunları mən xatirə kimi danışıram. Sizsə əhvalat kimi qəbul etməyin. Axı diqqətlə fikir versək, bu söz-söhbətlər də bizim tariximizdir, inkişafımızdır, ömrümüzdür...

Əziz Əliyev Moskvada da məsul vəzifə aparırdı. Nəhayət, doğma torpaq çəkdi onu öz qoynuna. Azərbaycana qayıtdı, yenidən təbabətə qovuşdu, Həkimləri Təkmilləşdirmə İnstitutuna rəhbərlik etdi... Nə xəstəliyindən, nə həyatdan köçdüyündən xəbər tutduq. Səməndər quşu kimi gəlmişdi dünyaya, Səməndər quşu kimi də getdi dunyadan...

Enter.News
Bu xəbər oxucular tərəfindən 6392 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed