Şrift:
Deputat: Ermənistanın bir qütbdən digərinə qaçması düşdüyü ağır vəziyyəti göstərir
23.08.2017 [09:28] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan həmişə öz müttəfiqlərinə qarşı qeyri-səmimi olub. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Ermənistanın Rusiya ilə dostluq münasibətlərini birmənalı şəkildə "saxta" adlandırmaq olar:

“Ermənistan bütün hərəkətlərində Rusiyaya qarşı ikili oyun oynayır. Bir tərəfdən, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, hətta baş katibidir, amma digər tərəfdən, NATO ilə sıx əlaqələr yaradır, onun hərbi təlimlərində iştirak edir, proqramlarından maksimum yararlanmağa çalışır. Ermənistan həm Avrasiya İqtisadi İttifaqının üzvüdür, həm də Avropa İttifaqı ilə münasibətləri hətta assosiativ üzv səviyyəsinə qaldırmağa çalışır”.

A.Mirzəzadə qeyd edib ki, Ermənistanın rəsmi Moskvanın maraqlarına zidd addım atması artıq Rusiya siyasətçilərini də təəccübləndirmir:

“Ermənistan sadəcə maraqlarının güdüldüyü yeri axtarır. Onun maraqları isə ancaq maddiyyat, qonşu dövlətlərə qarşı ərazi iddiası, tarixin saxtalaşdırılmasıdır. İndiyə qədər bu məsələyə sadəcə olaraq əhəmiyyət verilmirdi, ancaq hazırda Ermənistanla bağlı dünyanın gözü açılmaqdadır. Hətta Rusiyanın özündə də Ermənistanın hərəkətlərinə siyasi qiymət verməyə çalışırlar. Əgər bu gün Ermənistan siyasi, iqtisadi və hərbi baxımdan RF-dən asılı olmasa, hesab edirəm ki, asanlıqla Rusiyanın bir nömrəli düşməni ola bilər”.

Deputat əlavə edib ki, Ermənistan dövlətçiliyi tarixi təsadüf nəticəsində yarandığına görə onu idarə edənlər də ciddi və uzaqgörən siyasət qura bilməzlər:

“Ermənistanda indiki iqtidar Azərbaycan torpaqlarının bir hissəsinin işğalı üzərindən hakimiyyətə gəlib. Amma bu, Ermənistana heç nə verməyib, nə iqtisadi, nə də siyasi cəhətdən nüfuz qazana bilib. Ermənistan bu gün dilənçi vəziyyətindədir və onun siyasətdə bir qütbdən digər qütbə qaçması düşdüyü ağır vəziyyəti göstərir. Hesab edirəm ki, bu gün hansısa bir qütbdən Ermənistanla münasibət qurmaq təklifi sadəcə olaraq ondan istifadə etmək üçündür. Ermənistan bu gün qeyri-ciddi, müttəfiqə xəyanətkar bir dövlət kimi tanınır və bu baxımdan Ermənistanla ciddi, uzunmüddətli əlaqələr qurmaq heç bir ölkə üçün perspektivli və inandırıcı deyil”.
Bu xəbər oxucular tərəfindən 1127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed