Şrift:
"Rüşvət aldığıma görə öldürülə bilərdim... Elçibəyi evimdə saxladım" - Tahir Kərimli
11.10.2017 [10:52] - Müsahibə
Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli ilə müsahibəni təqdim edirik:
– Tahir bəy, mən otağınızın qapısını açan kimi jurnalistlərdən gileylənməyə başladınız. Deyəsən, sizi çox incidiblər...
– Yəqin, yanlış anladınız. Mən jurnalistlərdən yox, şəxsi zənglərdən gileyləndim. 1912-ci ildə Lenin Praqa konfransından əvvəl anket doldururmuş. Orda soruşublar ki, sizin sənətiniz nədir? Lenin jurnalist olduğunu yazıb. Baxmayaraq ki, o, hüquqşünas idi. Amma özünü həqiqətən də bir nömrəli jurnalist hesab edib. Mən də jurnalistlərə fövqəladə əhəmiyyət verirəm. Çünki ölkəmizdə ictimai fikri, ictimai ovqatı məhz jurnalistlər yaradır...
– Leninin üstündən yüz il keçib. Siz isə hələ də ondan misal çəkirsiniz. Sitat gətirəcəyiniz yeni bir şəxsiyyət yoxdurmu?
– Mən ömrümün çoxunu Sovet dövründə yaşamışam. Marks deyir ki, insan sosial varlıqdır. Yəni cəmiyyət, şərait insanın ağlına hakim kəsilir. Ona görə mən sosializmi düşmən idealogiya hesab eləmirəm. Hesab edirəm ki, sosializm bəşəriyyətin böyük bir eksperimenti idi.
– Axı sizin müstəqillik uğrunda apardığınız mübarizə, eyni zamanda sosializmə qarşı yönəlmişdi. İndi də deyirsiniz ki, sosializmi düşmən idealogiya hesab eləmirəm.
– Doğrudur, sosializm qanlı-qadalı oldu, 37-dən keçdi, amma buna baxmayaraq, bu quruluş bərabərlik, ədalət axtarışı yolunda böyük bir addım idi. Əslində, nəzəriyyə kimi də kommunizim çox yaxşı nəzəriyyədir. Kommunist Partiyasının menifesti 1848-ci ildə yazılıb. O manifestdə məqsəd dünyanı dəyişməkdən ibarət idi. Bax, səmimi deyirəm, dünyanı dəyişmək fikri, hətta qoca vaxtımda da ürəyimdən keçir.
Alim Qasımovdan soruşurlar ki, necə oldu oxumağa başladın? Cavab verir ki, oxumaqdan başqa əlimdən heç nə gəlmirdi. Mənim də kitab oxumaqdan başqa əlimdən heç bir iş gəlmir. Ömrüm boyu kitab oxumuşam. İndi də hər gün oxuyuram. Öyrənmək istəyi məndə xəstəlik səviyyəsindədir. Həmişə belə olmuşam. Bütün ömrünü oxumaqla keçirən bir insan kimi deyirəm, doğrudan da, dünyada marksizmdən güclü nəzəriyyə yoxdur. Heç ona on faiz yaxınlaşan bir nəzəriyyə də yoxdur.
– Maraqlıdır, ömür boyu kitab oxuyub Tahir Kərimli olmusunuz. Bəs Allah eləməsin, oxumasaydınız, kim olacaqdınız, necə olacaqdınız?
– Təbii, yenə Tahir Kərimli olacaqdım. Oxumaq öyrənməkdir. Öyrənmək isə özünə zülm eləməkdir. Məsələn, başqaları əyləncələrə gedirdi, mən imtina edirdim, kitab oxuyurdum. Mən yaxşı idmançı olmuşam. Dərəcələrim olub. Futbol, güləş və s. Amma hamısından imtina elədim. Çünki idman mənim oxumağımı məhdudlaşdırırdı, vaxtım qalmırdı.
– Onda gəncliyiniz keçməyib ki...
– Bəli... Təəssüf ki, mən cavan olmamışam. Daha doğrusu, cavanlıq eləməyə vaxtım olmayıb.
– Bəs siyasətə necə başladınız? Bunun bir tarixçəsi varmı?
– Mən zorən siyasətçi olmuşam. Hətta 90-cı illərin ortalarında siyasətdən getmək istədim. Məni siyasətdə saxlayan əqidəm oldu. Ağlım kəsəndən vahid Azərbaycan ideyası ilə yaşamışam. Süleyman Rüstəmin “Təbrizim” şeirini oxuyanda göz yaşlarımı saxlaya bilmirdim.
Heç kim məni heç nəyə məcbur eləmirdi, amma istəyirdim ki, bütün fənləri fərq qoymadan müəkəmməl bilim, yaxşı öyrənim. Oxuyurdum və görürdüm ki, cəmiyyətdə baş verən hadisələrlə nəzəriyyələr arasında kəskin təzadlar var. Bunlar məni çox düşündürürdü. Ona görə qeyri-ixtiyari olaraq bu işə – siyasətin içinə atıldım.
Ömür boyu nəyi arzulamamışamsa, nəyi istəməmişəmsə, o, qismətim olub. Məsələn, partiyaya girmək istəmirdim. Amma məcbur qaldım. İstəmirdim rüşvətxor bir vəzifədə olum. Amma hakim oldum. Hətta evlənmək istəmirdim. Amma məcbur olub evləndim.
– Rüşvətxor vəzifə dediniz... Rüşvət almısınızmı?
– Bəli, almışam. Bir dəfə rəhmətlik Çingiz Mustafayev məndən müsahibə alırdı. Bir saatlıq veriliş idi. Ramiz Əhmədovun evində çəkilirdi. Çingiz bizi rəqib kimi üzləşdirirdi. Orda mənə sual verildi ki, sən rüşvət alımısanmı? Dedim ki, bəli, almışam. O vaxt cəmiyyət çox aktiv idi. Çoxlu məktublar aldım, hamı mənə etiraz edirdi ki, sən niyə dedin rüşvət almışam. Rüşvətə görə güllələnmə cəzası vardı, buna görə öldürülə bilərdim. Amma yalan danışa da bilməzdim. Axı o vaxt hamının rüşvət aldığı ölkədə necə oldu ki, bircə mən almadım? Buna heç kim inanmazdı.
Amma heç vaxt kasıb adamdan rüşvət almamışam. Heç vaxt qadın tutmamışam. Çalışmışam ki, ədalətsiz qərar çıxarmayım. Bəzən külli miqdarda puldan şəxsən imtina da etmişəm. Amma nə fərqi var? İşçilərim alıb mənə də verib. Bütün bunları nə üçün edirdim? Çünki rüşvətsiz yaşamaq qeyri-mümkün idi.
– Rüşvəti alıb hara xərcləyirdiniz?
– Aldığım o rüşvətlərlə ailəm, özüm üçün ləl-cəvahirat, maşın alsaydım, yaxud ev tiksəydim, rüşvətxor kimi ittiham oluna bilərdim. Amma bunların heç biri məndə olmayıb. Rüşvəti alıb Qarabağ uğrunda hərəkatda topa-tüfəngə vermişəm.
– Elçibəylə yaxın olmusunuz. O, sizin rüşvət aldığınızı bilirdimi?
– Əbülfəz bəyin deissident kimi tutulduğunu eşitmişdim. Onun qəbul eləməyimin yeganə səbəbi də dissident kimi həbs olunmağı olub. Təbii ki, Əbülfəz bəyə can atırdım, onunla yaxınlaşmaq istəyirdim. Allah elə elədi ki, yaxın olduq, dəfələrlə evimə gəlib-getdi, çörək kəsdik. Mən də onun evinə gedib-gəlirdim. Başqa-başqa rayonlara birlikdə səfərimiz olurdu. Ağır günlərində onu İsmayıllıda, əsasən də, Basqalda saxlamışam.
– Xatırlayırsınızsa, bir çıxışınızda Əbülfəz bəyi Heydər Əliyevə görə ittiham etmişdiniz...
– Ümumiyyətlə, çalışmışam ki, Əbülfəz bəy rəhmətə gedəndən sonra onun haqqında söz deməyim. Ona görə də bu barədə çox danışmaq istəmirəm. Həm də istəyirəm ki, ahıl vaxtımda qalmaqaldan qaçım. Amma siz suallarınızla məni məcbur edirsiniz...
Mən uşaq kimi olmuşam. Əbülfəz bəyə yüz faizlik inamım olub. Amma mənim və xalqımın inamı yerə çırpılandan sonra onu bağışlaya bilmədim. Mənə nə lazım idi? Həyatda nəyim çatmırdı ki? Vəzifəm də vardı, pul qazanmaq imkanlarım da! Əbülfəz bəyi isə əqidəmə görə qəbul eləmişdim. Bizim məqsədimiz xalq hökuməti qurmaq idi. Qurmuşduq da. Sadəcə, onun düzgün işləməyi və düzgün siyasət aparmağı lazım idi.
Bilirsinizmi, mən nə qədər çətinliklər, məşəqqətlər yaşamışam? Qarboçova ölüm hökmü kəsdim. Bundan sonra hakimlikdən çıxarıldım. Uzun müddət həyatım təhlükədə idi, gecə-gündüz qorunurdum...
– Vaxtilə AXC-nin konfransında Elçibəyin prezident olmasına qəti etiraz etmisiniz. Niyə onun prezident olmağını istəmirdiniz?
– Bəli, həmin konfransda da dedim ki, Əbülfəz bəy prezident olarsa, AXC-nin strukturlarında olan intizamsızlıq dövlət orqanlarına da transfer olacaq. Dedim ki, Bəy, siz özünüz prezident olmayın, başqası olsun. Amma sabah hansı prezident düzgün işləməsə, onu dəyişmək imkanınız olsun.
İndi də hesab edirəm ki, Əbülfəz bəyin prezident olmağı düzgün deyildi. Biz istəmirdik Əbülfəz bəy prezident olsun. Amma oldu. Sonra isə istəmirdik prezidentlikdən getsin. Amma getdi. O, bizi siyasi cəhətdən əzablara saldı. Ölkədə siyasi cəhətdən qarşıdurmaların əsası Elçibəyin prezident olması və prezidentlikdən getməsi ilə qoyuldu.
Əbülfəz bəy bir tərəfdən Heydər Əliyevi Bakıya dəvət eləyir, o biri tərəfdən isə hamımıza deyirdi ki, vəzifələrinizi dondurun. Bizi öyrədirdi ki, Heydər Əliyevə qarşı müxalifətdə dayanın. Axı sən Heydər Əliyevi xilaskar kimi, dost kimi Bakıya dəvət eləmisən. Bəs bizə niyə deyirsən ki, vəzifələrinizi dondurun, Heydər Əliyevə qarşı müxalifətdə olun? Azərbaycanda yalançı müxalifətçiliyin əsası o vaxtdan qoyulub. Buna görə yüz minlərlə insanın qəlbi, əqidəsi göynədi, əzab çəkdilər.
– Siz bir çıxışınızda intihar edəcəyinizi də demişdiniz... Yadınızdadır?
– O çıxışım səkkiz dəqiqədir, amma cəmi iki dəqiqəsini internetə yerləşdiriblər. Bəli, doğrudan da, dilimdən çıxmışdı ki, intihar eləyərəm. Ancaq intihar o zaman ola bilərdi ki, biz uduzaq. Axı mənim çıxışımdan sonra Milli Məclis dağıldı. Heç kim buna diqqət eləmir. Üç gündən sonra təkrar Milli Məclis çağırıldı. O vaxt mənim sürücüm, mühafizəçim həbs olundu.
Təsəvvür edin, mənim – Ali Məhkəmənin sədrinin maşını Surət Hüseynovun dəstəsinə verilmişdi. Buna baxmayaraq, mən Ali Məhkəmənin köhnə binasından çox qorxulu, ağır bir vaxtda Milli Məclisə piyada getdim. Şəhidlər Xiyabanının qabağındakı dairədən o yana məni buraxmadılar deyə, sonrakı proseslərdə iştirak eləyə bilmədim. Mən Ali Sovetin üzvü idim, Milli Məclisin üzvü deyildim. Axı mən nə üçün özümü öldürməli idim? Axı qalib gəlmişdik və bunu bayram edirdik.
– Doğrudan, intihar edəcəkdiniz?
– O vaxt təkcə mən yox, bəlkə də çoxları bu yolu tutardı. Həmin gün, həmin saat hakimiyyət təhvil verilməli idi. Elə ona görə yığışmışdıq. Axı qiyam baş tutmadı. Əgər mənim sözüm yerinə yetibsə, nə üçün özümü öldürməliyəm?
Siz indi cavansınız, görməmisiniz. Mən mitinqlərdə çox emosional danışırdım. Çünki Allahla özümdən başqa, hər şey yadımdan çıxırdı. Bir də onu bilirdim ki, hüquqşünasam, hüquqi səhv eləmərəm. Əxlaqım, mənəviyyatım var, ağzımdan pis söz çıxmaz!
– Sosial şəbəkələrdə sizin haqqınızda təhqiramiz fikirlər səslənir. Adamlar niyə sizə qarşı bu qədər aqressivdir? Siz onlara nə etmisiniz?
– Bəli, mənim bir çıxışımı internetə veriblər, orda bir neçə yüz şərh var. O şərhlərin heç bir faizi mənim xeyrimə deyil. Günahım o idi ki, milli dövlətimi qorumaq istəyirdim? Danışmaqdan zəhrim çatlayırdı. Siz təsəvvür edin, o boyda insan – Heydər Əliyev mənimlə görüşəndə dedi ki, Tahir, qal işlə! Dedim ki, xeyr. Əbülfəz Elçibəy, mənim günahım nə idi? Axı mən sənə sadiq qalmışdım...
– İnternetdə Elçibəyin bir daxmasının şəklini tez-tez paylaşırlar. Naxçıvanda uçuq-sökük bir evdir. Doğrudan, onun heç nəyi yox idi?
– Bəli, Əbülfəz bəy prezident olana qədər çox kasıb və sadə həyat yaşayıb.
– Prezident olana qədər! Bəs prezident olandan sonra?
– Mən bu barədə danışmaq istəmirəm.
– Bayaq etiraf etdiniz ki, əlim rüşvətə dəyib. Çünki o vaxt hamı rüşvət alırdı. Bəs sizcə, Elçibəyin də əli rüşvətə dəymişdimi?
– Əbülfəz bəy bir dəfə İsmayıllıda 5-10 adamın yanında dedi ki, mən “uçaskovu” olsaydım, heç bilmirəm xalq hərəkatına qoşulardım, ya yox. Sən bu boyda hakimliklə xalq hərəkatına qoşulmusan, bunu çox yüksək qiymətləndirirəm.
– Sizcə, Elçibəy niyə hakimiyyətdə qala bilmədi?
– Çox təəssüf edirəm ki, hakimiyyət təkcə əqidə üzərində qurulmur. Hakimiyyəti saxlamaq üçün əqidə kifayət eləmir. Elə xadimlər olub ki, şərəflərini qurban veriblər, özlərini zərbə altında qoyublar, amma dövləti xilas ediblər. Əbülfəz bəy isə romantik hisslərlə yaşayırdı. Romantik bir dövlət qurmaq istəyirdi. Və təbii ki, belə bir hakimiyyət çox sürə bilməzdi.
– Torpaqların işğalında da AXC hökumətinin bir günahı vardımı?
– Bu ssenarini yazan Rusiya idi. Qorboçovla Reyqanın arasında müqavilə bağlanandan sonra artıq bütün ssenari qurulmuşdu. Məsələn, biz Ayaz Mütəllibovu işləməyə qoysaydıq, Rusiya Azərbaycanla dost olacaqdı. Necə ki, rus qoşunları erməniləri qırdı, Çaykəndi alıb bizə təhvil verdi. Amma Moskvanın istədiyi adamı – Ayaz Mütəllibovu biz hakimiyyətdə saxlamadıq, AXC hakimiyyəti xəttini tutduq. Tələblərini yerinə yetirmədiyimizə görə isə Rusiya özünün tarixən yaratdığı süni dövləti – Ermənistanı müdafiə etdi. Rusiya deyirdi ki, Laçına belə girəcəksən, orda udacaqsan, burda uduzacaqsan və s. Belə də olurdu.
– Rus qoşunlarının Azərbaycandan çıxarılması da Elçibəyin xidməti deyildi?
–Bunun hamısı beynəlxalq razılaşma idi. Rusiyanın yanında Azərbaycan kiçik dövlət idi, ruslar bizim tələbimizlə burdan qoşun çıxarardı? Amerika ilə Rusiyanın arasında razılaşma vardı ki, qoşunlar hara çəkiləcək, necə çəkiləcək... Qorboçovla Reyqan razılaşmışdı ki, Baltikyanı respublikaları çıxmaq şərti ilə yerdə qalan ölkələr Rusiyanın təsiri altında qalacaq.
– Bəs niyə Elçibəyi az qala peyğəmbər kimi sevirlər? Əgər o, doğrudan da, sizin danışdıqlarınız və danışmaq istəmədikləriniz kimi idisə, xalqın ürəyinə necə yol tapmışdı?
– Həyatda heç kimi ilahiləşdirmək lazım deyil...
– Tahir bəy, dolanışığınız necədir?
– Şükür Allaha ki, dolanıram. Ailəm, uşağım. İyirmi ildən sonra maaş alıram. Baxmayaraq ki, ali dərəcəli hakim rütbəsi almışam, uzun illər işsiz qaldım. İndi isə deputat kimi maaş alıram... Min şükür!
– Maddi problemləriniz olur?
– Təbii ki, on illərlə üst-üstə yığılan problemlər var. Qardaşlarım işsizdir. Uşaqlarımdan da işsiz olanı var. Özümün də xarakterimdə yoxdur ki, kiminsə qapısını döyüm, kiməsə ağız açım. Təbii, çətinliklərimiz olur. Amma yenə də şükür eləyirəm.
– Bir ara deputatların maaşının artırılması müzakirə olundu... Siz də maaşınızın artırılmasını istəyirdiniz?
– Xeyr! Mən buna etiraz elədim. Buna görə də deputat yoldaşlarım üstümə gəldilər.
– Sirr deyilsə, maaşınız nə qədərdir ki?
– Təxminən, əlimizə min altı yüz manata yaxın pul gəlir. Amma bizə əlavə yardım da eləyirlər. Üst-üstə hər ay iki minə yaxın pul olur. Bu pulla çalışıram ailəmi də, ehtiyacı olan yaxınlarımı da dolandırım.
– Övladlarınızdan yolunuzu davam elətdirən var?
– Övladlarım siyasətə nifrət edirlər. Bəlkə də atalarının taleyi onları qorxutdu. Bu dövlətin alnında mənim imzam var. Atalarının yaratdığı dövlətdə onlar illərlə nə rahat həyat gördülər, nə də rahat dolanışıq. İndi-indi yaxşı yaşamağa başlayıblar...
– Eviniz yenə bankda girovdadır?
– Öz kreditimi ödəyib qurtarmışam. İndi yaxın bir qohumum mənim evimi girov qoyub bankdan pul götürüb...
Kəramət Böyükçöl
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed