Şrift:
Argentinanın La Plata Dövlət Universitetində Azərbaycanşünaslıq kafedrası fəaliyyətə başlayıb
31.05.2012 [23:27] - Diaspor
Mayın 30-da Argentinanın aparıcı elmi mərkəzlərindən olan La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun nəzdində yaradılmış Azərbaycanşünaslıq kafedrasının fəaliyyətə başlaması ilə əlaqədar mərasim keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə La Plata Dövlət Universitetinin rəhbərliyi, Argentina parlamentinin üzvləri, Argentina Xarici İşlər və Etiqad Nazirliyinin nümayəndələri, tanınmış alim və tədqiqatçılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə universitetin Beynəlxalq Əlaqələr İnstitutunun direktoru, eyni zamanda Azərbaycanşünaslıq kafedrasının müdiri, professor Norberto Consani açaraq Azərbaycanın əhəmiyyətindən danışıb. O, son dövrdə Argentinanın Azərbaycana olan marağının artmasını nəzərə alaraq universitetin belə bir kafedra yaratmaq qərarına gəldiyini söyləyərək bu kafedranın Azərbaycanın Argentinada daha yaxından tanıdılmasına xidmət göstərəcəyini bildirib. Səfir Məmməd Əhmədzadə isə universitetin rəhbərliyinə təşəkkür edərək bu kafedranın yaradılmasını tarixi hadisə kimi qiymətləndirib.

Tədbir Azərbaycan mətbəxindən ibarət ziyafətlə davam edib.

Azərbaycanşünaslıq kafedrası La Plata Dövlət Universitetinin paytaxt Buenos-Ayresdəki korpusunda fəaliyyət göstərir ki, bu da kafedranın daha geniş elmi-akademik çevrələrə çıxışının təmin edilməsi nöqteyi-nəzərdən əhəmiyyətlidir.
Bu xəbər oxucular tərəfindən 1051 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed