Şrift:
Ədəbiyyatda fəlsəfə, fəlsəfənin zirvəsi
18.10.2011 [14:11] - Mədəniyyət
Sən şair deyilsən, a Məmməd Araz,
Bir ovuc torpaqsan, Vətən torpağı!



“Dünyanın gedişatındakı sürət artdıqca, dəyərlər bir-birinə qarışdıqca, dünyadakı informasiya qolları gücləndikcə Məmməd Araz şeirlərinə tələbat daha da artacaq”

Geridə qoyduğumuz həftə dahi Məmməd Arazın doğum günü ilə yadda qaldı. Biz də qərara gəldik ki, bayram gününə təsadüf eləyən bu nömrəmizdə Məmməd Araz da aramızda olsun. Bir qəzet səhifəsinə sığmayan şair İstiqlal gününə sığa bilər ancaq!


Öz ömrümü şum elədi, öz əlim,
Yazımda gül, payızımda qəzəlim,
Gündoğandan günbatana mənzilim,
Bu da belə bir ömürdü, yaşadım


Bu da belə bir ömürdü yaşayırıq Məmməd Araz, sənsiz, səninlə.
Görəsən demədiyin nə qədər sözün qaldı ürəyində, nə qədər ağrı sinənə dərd oldu? Bu ağrıların hansı tutdu dilni? Arazınmı dərdi, Azərbaycanınmı dərdi? Niyə susdun?

Sudan çıxmış balıq tək,
Ölərəm mən Arazsız.
Tayı itmiş ceyran tək,
Mələrəm mən Arazsız.
O mənim mürəkkəbim,
Mən onun qələmiyəm.
O mənim telli sazım,
Mən onun “Dilqəmi”yəm!


Zaman gəlib keçdikcə hər keçən andan bir iz qalır. Bu izlər toplaşıb kiminsə ömür yolundan xatirələrə çevrilir. Məmməd Araz kimliyi isə arxasınca bütöv bir ədəbiyyatı aparmaq, ədəbi fəlsəfəni daşımaq üçün Azərbaycan poeziyasında iz deyil, yol saldı. O, bu poeziyaya vətənpərvərlik hissinin sızıldamaq olmadığını anlatdı, Vətən üçün Vətənin daşında-qayasında mamır olub bitməyi öyrətdi. Bu gün bir balaca uşaqdan belə Azərbaycan haqqında şeir soruşsan ilk öncə “Azərbaycan deyiləndə ayağa dur ki...” ya da “Vətən mənə oğul desə nə dərdim...” misralarını dilə gətirər. Özü də elə bir qürurla ki, o bircə misrada Məmməd Araza dönər o uşaq. Mənə elə gəlir ki, hər kəs tanıdığı qədər Məmməd Arazdır!

Bu ölkədə bir çay axır, adı Araz,
Bu ölkədə bir şair var, Məmməd Araz,
O da Araz, bu da Araz,
Biri axır dağdan-düzə, dalğa-dalğa, ləpə-ləpə,
Biri axır düzdən-dağa, qollarını səpə-səpə


Mən Məmməd Arazdan ədəbiyyat səhifəsi hazırlamaq şərəfinə nail oldum amma o səviyyəyə çatdımmı, bilmirəm. Məmməd Araz bir zirvədir, mən isə o zirvənin önündə hər zaman səcdəyə duracaq bir Allah bəndəsi. Amma öncə bir az Naxçıvandan söz açmaq istəyirəm.
Sanki bu torpağın adı Nuhçıxan yox, Nurçıxan olmalıymış. Buranın insanlarında doğrudan da bir nur var, eyni zamanda da qəribə bir oxşarlıq. Suyu da nur, ruhu da nurdu buranın. Azərbaycanın harası nur deyil ki...
Gün gəldi Naxçıvanın Nur suyundan bir nur, bir ziya düşdü Azərbaycan ədəbiyyatının üstünə. 14 oktyabr 1933-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun, Nursu kəndində (Sovet düşüncəsi daşıyan adamların dilində hələ də əski Sovet düşüncəsindən Nurs deyə xatırlanır bu kəndin adı) bir oğlan uşağı dünyaya gəldi. Məmməd adı qoydular. Bu adı verən valideynlərinin, 1945-ci ildə “xalq düşməni” adı ilə Sibirə sürgün olunacaq İnfil kişinin heç ağlına da gəlməzdi, bu uşağın gələcəkdə məşhur bir filosof olacağı...
Gəlin qısaca Məmməd Arazın ömür yoluna nəzər salaq:
Şairin Nursu kəndindən başlayan ömür yolu Azərbaycan Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmaqla davam edir. Eyni zamanda yaradıcılığını da davam etdirir. “Yanın işıqlarım” adlı şeiri ilə ədəbiyyat aləminə ilk qədəmlərini qoyur. 1954-cü ildə institutu bitirəndə, təntənəli buraxılış gecəsində məzunlara həsr olunmuş “Ayrılıq” şerini oxuyur. 1955-56-cı illərdə Şahbuz rayonunun Nursu kəndində müəllim işləyir. 1957-ci ildə Azərbaycan Nazirlər Soveti yanındakı Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsinə işə qəbul edilir. Həmin il “üç oğul anası” poemasını çap etdirir. 1957-ci ildə Azərbaycan Yazarlar Birliyinin üzvü seçilir. 1958-ci ildə ailə həyatı quran şairin 1959-cu ildə “Sevgi nəğməsi” adlı ilk şerlər kitabı “Azərnəşr”də çap olunur.
1959-cu ildə Moskva SSRİ Yazıcılar İttifaqı nəzdindəki M.Qorki adına ikiillik Ali Ədəbiyyat kursuna daxil olur. 1961-ci ildə Ali Ədəbiyyat kursunu bitirdikdən sonra «Maarif» nəşriyyatında redaktor işləyir. 1962-ci ildə M.Ə.Sabirə həsr olunmuş “mən də insan oldum” poeması dövrü mətbuatda dərc olunur. 1963-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsinə irəli çəkilir.
1963-cü ildə “mən səni taparam” kitabı nəşr edilir. 1964-cü ildə “Araz axır” adlı poemalar toplusu çapdan çıxır. 1966-cı ildə “Anamdan yadigar nəğmələr” adlı kitabı nəşr edilir.
1967-ci ildə “Ulduz” jurnalına məsul katib təyin edilir. 1967-ci ildə “Ömür karvanı” kitabı “Azərnəşr”də çap olunur.
1969-cu ildə “Gənclik” nəşriyyatında “illərdən biri” kitabı çapdan çıxır. 1970-c ildə “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor müavini vəzifəsində çalışır.
1971-ci ildən 1981-ci ilə qədər Azərbaycan Yazıcılar İttifaqının poeziya bölməsinə rəhbərlik edərək, milli şeirin inkişafında, ədəbi gəncliyin formalaşmasında səy göstərir. “Yer üzünün Qarabağ düzü”, “Qarabağ simfoniyası” məqalələrini çap etdirir. 1972-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində N.Nərimanovun anadan olmasının 100 illiyi ilə ədaqədar hazırlanmış xüsusi nömrədə verilmiş materiallara görə millətçi kimi baş redaktor müavini vəzifəsindən azad edilir.
1973-cü ildə “Qanadlı qayalar” kitabı işıq üzü görür. 1973-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyir. 1974-cü ildə “Gənçlik” nəşriyyatında “Atamın kitabı” çap olunur.
Məmməd Arazın yaradıcılıq yolunu yazmaqla bitirmək olmaz. Çünki “məndən ötdü, qardaşıma dəydi” dərdini dilləndirə bilən bir şair, təkcə kitablarında deyil, “mamır olub” bitmək istədiyi Vətən torpağının hər qarışında var.

Salam Sarvan: “Bilirsiniz, Məmməd Araz şeirlərində qəribə bir enerji var. Dünyanın gedişatındakı surət artdıqca, dəyərlər bir-birinə qarışdıqca, dünyadakı informasiya qolları gücləndikcə Məmməd Araz şeirlərinə tələbat daha da artacaq. O hələ mənim tələbə olduğum dövrün iki-üç sevimli şairlərindən biri idi və o dövrün şeir ənənələrindən tamamilə fərqlənirdi. Ona görə ki, o dövr üçün xarakterik olan güclü pafos Məmməd Araz yaradıcılığında yoxuydu. Dediyim kimi, adam bir az sıxıntı keçirəndə onun şeirlərindən oxuyur və hər şey keçir. Mən qayğılardan, cəmiyyətin bütün səs-küyündən azad olmaq üçün Məmməd Araz oxumağı tövsiyə edərdim”.

Xanəmir Nəzərli: “Məmməd Araz Azərbaycan ədəbiyyatına nə gətirdi? Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunu bataqlıqdan çıxarmaq, orijinallaşdırmaq, özəlləşdirməklə yanaşı Azərbaycan poeziyasında həmişə bir sözdən sonra gələn bir boşluq var idi ki, Məmməd Araz bu boşluğu doldurdu. Məmməd Araz şeirində sözlər arasında bu məsafə, bu boşluq yoxdur”.

Həbib Ələkbərsoy: “Məmməd Araz şair, yazıçı, ictimai xadim və ən nəhayət böyük bir Azərbaycan filosofudur.
Məmməd Araz yaddaşlarda həm də yaxşı insan və sınmaz, qorxmaz, mubariz bir insan kimi qaldı. Əyər Azərbaycan yazılı fəlsəfə tarixinin zirvələrini nəzərdə tutsaq Dədə Qorqud, Nizami Gəncəvi, Nəsimi, Huseyn Cavid kimi dahilərin yaratdığı Azərbaycan təsəvvür fəlsəfəsi Məmməd Arazda tamamlanmış hesab olunur. Biz hələ on dörd il əvvəl Almaniyada filosofların Məmməd Araz yaradıcılığına intinadən fəlsəfi əsərlər yaratmaqlarının şahidi oluruq. Çox təəssüf ki, sonradan bu əsərləri Azərbaycanda yaymağı bacarmadıq. Mən Məmməd Araz haqqında günlərlə danışmaq istərdim”.
Həbib bəy Məmməd Arazın Yazıçılar İttifaqından getməsi ilə bağlı belə bir haşiyə də çıxdı: “SSRİ zamanında mərkəzdən Yazıçılar İttifaqına tapşırıq gəlir ki, xalq şairi adı verilməsi üçün bir şairin təqdimatı Moskvaya verilsin. Həm də bu Sovet şairi yox, Azərbaycan xalq şairi adıydı. Yazlıçılar İttifaqında qızğın “mübarizə” başladı. Ən layiqli namizəd Məmməd Araz olduğu üçün o adın arzusunda olanla onun əleyhinə mətbuatda qara piara başlayırlar. Dahi Məmməd Araz isə böyüklüyündə qalır və dünyasından öz fəlsəfəsi ilə yanaşır bu məsələyə. Bu iyrənc rəqabətə girmir və hadisə ilə bağlı iki misra yazıb öz əvəzinə o misraları qoyur və Yazıçılar İttifaqından gedir:
İki itə para sümük atdılar
Alabaşda Qarabaşda nə günah...

Məmməd Araz bax belə idi”.
Bir də “Salamat qal”ı var şairin. Arxasınca qalan bir cüt gözlərə, dumana, çənə, dağa-daşa, gül-çiçəyə, Nursuya və sonda Azərbaycana salamat qal deyir bu şeiriylə. Sizcə getdimi Məmməd Araz?...

Ey dəvə yol, düşdüm daha belindən,
Ovsar cığır, çıxdın daha əlimdən.
Balam çiçək, bir də öpüm telindən,
Salamat qal,
Salamat!


Nigar İSFƏNDİYARQIZI
Bu xəbər oxucular tərəfindən 2767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed