Şrift:
"Uzağı 2 həftə kifayət edər ki, ordumuz ərazi bütövlüyümüzü tam təmin etsin"
27.12.2017 [10:53] - Hərb, Müsahibə
Birinci Qarabağ Savaşının qəhrəmanlarından olan keçmiş briqada komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Horadiz əməliyyatının ildönümündə Moderator.az-ın bir neçə sualını cavablandırıb:

- Cənab polkovnik, Birinci Qarabağ Savaşının ən parlaq qələbələrindən birindən bizi 24 il ayırır. O zaman briqada komandiri kimi Horadiz əməliyyatına rəhbərlik etmisiniz. Bu əməliyyatı Birinci Qarabağ savaşındakı hansı uğurlu əməliyyatlarla müqayisə etmək olar?

- Prinsip cəhətdən, bu əməliyyatı mən heç bir əməliyyatla müqayisə etməzdim. Birincisi, biz bu döyüşlərin dövrünə və bu hücum əməliyyatının tarixi şəraitinə baxmalıyıq. Bu, artıq ümumilli lider Heydər Əliyevin respublikaya qayıdışından sonra təşkil olunmuş əməliyyat idi. Bu əməliyyatda iştirak edən əsgərlər bilirsiniz ki, 1993-cü ilin noyabr ayında ümumilli lider Heydər Əliyev Qarabağdakı durumla bağlı xalqa müraciət etmişdi. Heç kimə sirr deyildi ki, həmin dövrədək ordunun can qüvvə təminatı məsələləri, səfərbərlik tədbirləri çox zəif gedirdi. Ardıcıl torpaqların itirilməsi, rayonların bir-birinin ardınca işğal olunması nəticəsində insanlar artıq qələbəyə inamını itirmişdilər. Çünki özünümüdafiə batalyonlarının pərakəndə döyüşməsi və respublika daxilində gedən müəyyən siyasi proseslərin təsiri təbii ki, cəbhə bölgəsində də öz əksini tapmışdı və ona görə də qələbəyə inam itmişdi. H.Əliyevin gəlişindən və xalqa müraciətindən sonra demək olar ki, insanlarda hansısa bir inam yarandı və bu hərbi hissə yenidən formalaşmaq üçün “Seyfəli” poliqonunda yerləşdirildi və orda əməliyyata hazırlıq dövrü keçdi. Nəticədə qısa zamanda həm ordunun komplektləşdirilməsi, həm də döyüş hazırlığı ilə məşğul olmağa imkan yarandı. Ali Baş Komandan H.Əliyev özü şəxsən bölgəyə gələrək Seyfəli poliqonunda briqadanın təlimlərində iştirak etdi və orada şəxsi heyətin qarşısında çıxış edib öz xeyir - duasını verdi. Bundan sonra bu şəxsi heyət Füzuli istiqamətində yerləşən bölgələyə gəldi və orda tapşırıq alaraq öz hücum əməliyyatını apardı. Mən niyə digər əməliyyatlarla Horadiz döyüşünü müqayisə etmirəm? Birincisi, bu əməliyyat bir çox parametrlərə görə unikallığı ilə seçilirdi. Çünki dəqiq kəşfiyyat aparmaqla imkan tapıb hücum əməliyyatına başlanılan gecəsi biz düşmənin arxasına 400 nəfərədək canlı qüvvə sala bilmişdik. Və əsas qüvvələrlə o qüvvələrin fəaliyyəti nəticəsində düşmən vahiməyə düşmüş, idarəetməni itirmiş və panika içərisində mövqeləri qoyub qaçmağa məcbur olmuşdu. Və iki günün ərzində 30 kilometrədək irəliləyərək 23 yaşayış məntəqəsi, o cümlədən Horadiz qəsəbəsi azad edilmişdi. Birinci Qarabağ savaşında mən elə bir əməliyyat xatırlamıram ki, iki gün ərzində bu qədər yaşayış məntəqəsi azad olunsun. Mən o iki gün ərzində gedən döyüşlərdə itkilərə də diqqət yetirmək istəyirəm. Yəni iki günün ərzində o ərazini işğaldana azad edərkən cəmisi 17 nəfər şəhid verdik və 43 nəfər də yaralımız oldu. Yəni bu doğrudan da unikal əməliyyat olub və bu əməliyyatın nəticəsidir ki, bu gün həmən ərazidə artıq bizim Azərbaycan vətəndaşlarımız rahat yaşayır və ən son dövrün ən sevindirici halı da Aprel hadisələrindən sonra Cocuq Mərcanlı yaşayış məntəqəsi artıq Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının səyi nəticəsində məskunlaşıb.

- Ermənilər nə qədər itki vermişdi canlı qüvvə və texnika sarıdan? Ermənilər bizdən üstün idimi? Yəni qəfil hücum onları panikaya saldı, yoxsa canlı qüvvədən əlavə həm də həmin əməliyyat zamanı texnika baxımından da üstün idik onlardan?

- Mən deməzdim ki çox üstün idik onlardan, ona görə ki, onlar artıq 3 aydan yuxarı idi o mövqelərdə müdafiə mövqeyi tutmuşdular. Və 3 ay ərzində müdafiəyə aid böyük işlər aparılmışdı. Mən sizə deyim ki, kəşfiyyatımız demək olar 4-5 gün lazımi kəşfiyyat apara və düşmənin arxasına keçə bilmirdi. Yəni bu onu göstərir ki, düşmən təmas xəttində olan mövqelərdə möhkəm və güclü mühəndis - istehkam tədbirləri və digər tədbirlər görmüş, güclü müdafiə qurmuşdu. Ona görə də mən deməzdim ki, çox güclü idik, ancaq bu əməliyyatın unikallığı ondan ibarət idi ki, yəni biz imkan tapıb 400 xüsusi təlim keçmiş canlı qüvvəni konkret tapşırıqlarla 3 qrupa bölərək düşmənin arxasına sala bilmişdik. Onların yuxarı komandanlığa verdikləri məlumata görə, əsas zərbənin hardan gəldiyini sonadək anlaya bilmədiklərini deyirdilər və buna görə də başlarını götürüb hara gəldi qaçmışdılar. Bilirsiniz ki, Horadiz İran sərhədində yerləşən bir yaşayış məntəqəsidir və orda Araz çayından İrana körpü var. Və elə bilmişdilər ki, həmin körpüdən İran ərazisindən böyük bir qüvvə bunların arxasına girib və onların 25 kilometr arxasında döyüş əməliyyatı aparır. Və vəziyyəti düzgün qiymətləndirməyərəkonlar panika vəziyyətinə düşmüşdülər. İndi baxın, Böyük Bəhmənli kəndinin arxasında bir qrup, Şükürbəyliyə gedən yoldakı yüksəkliklərdə bir qrup, Horadiz qəsəbəsinin özünün ətrafında olan yüksəkliklərdə digər qrup artıq əla mövqe seçərək arxadan sarsıdıcı zərbə vurmağa hazır dayanmışdı. Yəni əməliyyatın düzgün qurulması və peşəkarlıqla həyata keçirilməsi belə bir qələbəyə səbəb olmuşdu. Ona görə də mən deməzdim ki, bizim gücümüz onlardan qat-qat artıq idi.

- Öz itkilərimiz ydındır, bəs düşmən tərəfin canlı qüvvəsindəki itkilər nə qədər idi?

- Bilirsiniz bu itkilər cürbəcür səslənir. Məsələ ondadır ki, sürətli əməliyyatdan onlar panikaya düşüb mövqeləri atıb qaçmışdılar. Mən indi bu saat o itkilər haqqında konkret məlumat verə bilmərəm, çünki məni birinci növbədə öz qüvvələrimin itkisiz qalması maraqlandırırdı. Amma işğalçı ordu təbii ki, geri qaçarkən yüzlərlə itki verdi, eyni zamanda xeyli sayda texnika və hərbi sursatı da qoyub qaçdı.

- Belə bir sual yaranır, vaxtilə - 1993-cü ildə yenicə formalaşmış qüvvələrlə və düşməndən üstün olmayan silah-texnika ilə 2 gündə 23 kəndi azad etdik. Amma 4 günlük Aprel döyüşlərində bu uğuru təkrarlaya bilmədik. Yəni işğaldan azad etdiyimiz ərazi xeyli az oldu. Sizcə bu nə dərəcədə uğurlu müqayisədir?

- Birincisi, biz 94-cü ildə müharibə aparırdıq. Və bu hücum əməliyyatının məqsədi işğal olunmuş torpaqları azad etmək idi. Aprel döyüşləri isə məhdud sayta qüvvə ilə düşmən təxribatına cavab verməkdən ibarət idi və Qarabağ savaşını yenidən bərpa etmək məqsədi daşımırdı. Aprel savaşında iki istiqamətdə konkret tapşırıqlar qoyulmuşdu və bu tapşırıqlar da birinci növbədə təmas xəttində olan yaşayış məntəqələrində təhlükəsizliyin təmin edilməsi idi. Çünki atəşkəsin vaxtaşırı ermənilər tərəfindən pozulması nəticəsində təmas xəttində təkcə hərbçilərimiz deyil, mülki əhali də xeyli əziyyət çəkirdi, itkilər olurdu. Ona görə də həmin istiqamətlərdə bizə daim problem yaradan postları geri almaq üçün tapşırıq qoyulmuşdu və bu tapşırığı da orda olan bölmələrimiz uğurla yerinə yetirmişdi. O ki, qaldı hələ bizim silah- sursata, onların bir çoxunun tətbiqi tam şəkildə deyildi, tapşırığa uyğun olaraq tətbiq olunan və cəlb olunan məhdud sayda silah və şəxsi heyyət idi. İndi təsəvvür edin ki, Azərbaycan ordusunun indiki gücü ilə Horadizdəki əməliyyata bənzər bir hücum planı hazırlanıb həyata keçirilsə, ermənilər başlarınıl soxmağa deşik axtararlar. Əgər 94-cü ildə döyüş sursatının, texnikanın qıtlığı ilə müşayət olunan bir şəraitdə 3 ay müdafiədə duran düşməni 2 günün ərzində hardasa 30 km-ə kimi geri oturda bilmişiksə, inanıram ki, sabah Azərbaycan silahlı qüvvələri döyüş tapşırığı alandan sonra qısa bir zamanda az itki ilə bütövlükdə işğal altındakı torpaqlarımızı düşməndən azad edə bilər. Xatırlayırsınızsa, bir müddət öncə Ali Baş Komandan da öz çıxışında demişdi ki, əgər havadarları erməniləri dəstəkləməsələr, Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını qısa zamanda azad etmək gücündədir. Və mən sizə deyirəm ki, hardasa 10 gün, uzağı 2 həftə kifayət edər ki, Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan tapşırığı yerinə yetirərək öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyümüzü tam təmin etsin.
Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed