Şrift:
"Bəzən Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlılar arasında yaşanan çaxnaşmalara şərait yaradır"
13.06.2012 [16:54] - Diaspor
Dava-qalmaqallar niyə məhz Rusiyada yaşayan soydaşlarımız arasında baş verir?

Və ya Qərb ölkələrində yaşayan soydaşlarımız niyə bir-birinə mehribandır?

Samir Adıgözəlli: "Bəzən Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlılar arasında yaşanan çaxnaşmalara şərait yaradır"
Vaqif Arzumanlı: "Bir növ bu kimi hadisələr xırda hisslərin nəticəsində meydana çıxır"

Məlum olduğu kimi, dünyanın bir sıra ölkələrində Azərbaycanın diaspor təşkilatları fəaliyyət göstərir. Ancaq nədənsə, son illər xaricdə, xüsusən də Rusiyada yaşayan azərbaycanlılar arasında bir sıra ziddiyyətlər, qalmaqallar, davalar, bir-birinin ünvanına nalayiq hərəkətlər baş verir.

Hətta bəzən münasibətlər o qədər sərtləşir ki, soydaşlarımız bir-birini müxtəlif vasitələrlə qanına qəltan etməkdən belə çəkinmir. Bunların arasında hətta zorlama halları belə yaşanır. Bir sözlə, tez-tez Rusiyada yaşayan azərbaycanlılar arasında xoşagəlməz insidentlərin baş verdiyini eşidirik.

Bu günlərdə növbəti dəfə Rusiyada azərbaycanlılar arasında kütləvi dava-dalaş baş verib. Rusiya mətbuatına istinadən yayılan məlumata görə, hüquq-mühafizə orqanlarına iyunun 10-da axşam saatlarında Yakutiyada Maqansk yolu istiqamətindəki qəbiristanlığın yaxınlığına onlarla azərbaycanlının dava üçün toplaşacağı barədə məlumat daxil olub.

Hadisə yerinə operativ qrup, o cümlədən xüsusi təyinatlı polis dəstələri göndərilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları davanın yeni başladığı məqamda ora çatıb. 41 Azərbaycan vətəndaşı saxlanıb. Beş nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib, azərbaycanlılara məxsus 16 avtomobil cərimə meydançasına aparılıb. Necə deyərlər, hüquq-mühafizə orqanlarının davaya zamanında müdaxilə etməsi daha ağır nəticələrin ortaya çıxmasının qarşısını alıb.

Maraqlıdır, niyə məhz bu kimi insidentlər əsasən Rusiyada baş verir? Axı azərbaycanlılar Türkiyə, Ukrayna və digər ölkələrdə də yaşayır və işgüzarlığı, ictimai həyatda fəallığı ilə seçilir.

Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli məhz Rusiyada yaşayan azərbaycanlılar arasında tez-tez müəyyən xoşagəlməz hadisələrin yaşanmasını müxtəlif faktorlarla izah etdi: "Bu müxtəlif amillərlə bağlıdır. Başlıca səbəb odur ki, Rusiyada soydaşlarımız daha çoxdur, fəaldırlar, müxtəlif biznes strukturlarında təmsil olunurlar, nüfuzlu olduqlarına görə iddialıdırlar və s. Bəzən iddialı olmaq o həddə gəlib çatır ki, tərəflər liderlik məsələsində qarşılıqlı güzəştə getmir.

Bu da son nəticədə müəyyən narazılıqlara, qarşılıqlı ittihamlara gətirib çıxarır. Diaspor ilə bağlı son qurultayda cənab prezident İlham Əliyev xüsusi olaraq diaspor təşkilatları arasında, bu təşkilatlarla səfirliklər arasında olan narazılıqlara eyham vurdu.

Qəti olaraq bildirdi ki, bu kimi hallara son qoyulmalıdır. Təbii ki, hər bir qurumda bu və ya digər formada narazılıq ola bilər. Ancaq onu da nəzərə almaq lazımdır ki, Rusiyada azərbaycanlılarla bağlı durum bir qədər fərqlidir. Məsələ ondadır ki, bəzən Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlılar arasında yaşanan çaxnaşmalara müxtəlif vasitələrlə şərait yaradır.

Məsələn, hansısa azərbaycanlı iş adamı öldürüləndə araşdırma aparmadan belə məlumat yayırlar ki, bunu soydaşlarımız edib. Halbuki, reallıqda bunun arxasında ermənilər dayanır".

Dünya Azərbaycanlıları Konqresi idarə heyətinin üzvü Vaqif Arzumanlı bunu Rusiyada Azərbaycan diasporunun tərkibinin çox olması ilə əlaqələndirdi: "İki milyon nəfərə yaxın Azərbaycan diasporunun nümayəndəsi Rusiyada fəaliyyət göstərir.

Digər tərəfdən, orada soydaşlarımızın bir hissəsi elmlə, sənətlə məşğuldur, dövlət qurumlarında təmsil olunur. Bir qismi isə ticarətlə məşğuldur. Ticarətlə, bazarda xırda alverlə məşğul olan soydaşlarımız arasında belə narazılıqlara tez-tez rast gəlinir.

Bunun səbəbi odur ki, xırda alverlə məşğul olan adamlar müəyyən məsələlərdə yola getmir, bir-biri ilə sözləri düz gəlmir. Yəni bir növ bu kimi hadisələr xırda hisslərin nəticəsində meydana çıxır".

Vidadi ORDAHALLI
Bu xəbər oxucular tərəfindən 1279 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed