Şrift:
Borçalının havası, suyu kimi təmiz olan insan
13.01.2018 [11:36] - Gündəm, Borçalı
Yanvarın 12-də Əməkdar Elm Xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayevin xatirəsi yad edilib.

Anma mərasimində alimin ömür yolundan, elmi axtarışlarından, insani keyfiyyətlərindən və Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən söhbət açılıb.

Bildirilib ki, dərin düşüncəli mənəviyyat adamı idi Camal Mustafayev. O hələ sağlığında “Dədə Camal” adlandırılaraq mənəviyyat heykəli kimi böyük hörmət və nüfuz qazanmışdır. Onun “Əxlaq dərsi vermək, ağıl öyrətmək görünməmiş hünər deyil. Ən çətini əxlaqa, həqiqətə uyğun yaşamaqdır” fikirləri indi də yaddaşlarda özünə əbədiyaşarlıq qazanıb.

Vurğulanıb ki, alimin Borçalının havası, suyu qədər saf, təmiz, insanı duyğulandıran unudulmaz səmimi söhbətləri, elmi məqalələri, sanballı kitabları gənclər üçün bir örnək, həyat dərsidir.

Çıxış edənlər Qədim Şərq, yunan və Avropa mədəniyyətinə, tarixinə və fəlsəfəsinə dərindən bələd olan Camal müəllimin özlüyündə geniş elmi düşüncəyə, təfəkkürə malik bir fəlsəfə məktəbi olduğunu söyləyiblər. Onun fikirlərinin uzun illər çalışdığı Bakı Dövlət, Xarici Dillər, Xəzər universitetlərinin və digər təhsil ocaqlarının tələbələrinin mənəvi tərbiyəsində böyük rol oynadığı bildirilib. Filosofun “İdrakın şeriyyəti” və “Fəlsəfi-tarixi araşdırmalar” kitabları və yüzdən çox elmi məqaləsi, tezisləri böyük bir erudisiyaya, təfəkkürə malik olan ağılın, düşüncənin və bənzərsiz idrakın məhsulu olduğu bildirilib.

Tədqiqatçı filosofun çağdaş ədəbi proseslə bağlı vaxtaşırı qələmə aldığı dəyərli elmi məqalələri ədəbi, elmi fikrin inkişafına əvəzsiz töhfə kimi dəyərləndirilib.

Mərasimdə “Borçalı” qəzetinin görkəmli filosofun xatirəsinə həsr etdiyi “Xüsusi buraxılış”ı iştirakçılara təqdim olunub.

Qeyd edilib ki, görkəmli alimin yazdığı əsərlər heç zaman aktuallığını itirməyəcək və onun xatirəsi daima qəlblərdə yaşayacaq.
Bu xəbər oxucular tərəfindən 812 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed