Şrift:
Gürcüstan parlamentinin sədri Qardabanidə (Qaratəpə)yerli əhali ilə mövcud problemləri müzakirə etmişdir
17.06.2012 [10:50] - Türk dünyası-Turan
Gürcüstan parlamentinin sədri David Bakradze iyunun16-da azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayon mərkəzində əhali ilə görüşmüş, onları narahat edən problemlərlə maraqlanmışdır.

Parlamentin sədri demişdir ki, Qardabaniyə səfərimin məqsədi sizinlə görülən işlər, qarşıda duran vəzifələr, həllini gözləyən problemlər barədə fikir mübadiləsi aparmaq və vəziyyətlə bilavasitə yerində tanış olmaqdır. Tbilisidən, kabinetlərdən vəziyyət başqa cür görünür, buna görə də Gürcüstan dövlətinin nümayəndələri yerlərə gedir, xalqla görüşür və bunun əsasında gələcək fəaliyyətlərini müəyyənləşdirirlər.
Sonra parlament sədri ölkədə aparılan işlər, səhiyyə, pensiya və sosial təminat sistemlərində həyata keçirilən islahatlar, səhiyyənin hamı üçün əlçatan olması, yaşayış məntəqələrinin qazlaşdırılması və s. istiqamətlər barədə söhbət açmışdır. D. Bakradze qeyd etmişdir ki, ölkənin yaşayış məntəqələrinə təbii qaz çəkilişi uğurla həyata keçirilir. Bu işdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və digər qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. Lakin içməli və suvarma suyu problemi Gürcüstanın hər yerində olduğu kimi, Qardabanidə də kəskin şəkildə həllini gözləyir.
Spiker demişdir ki, yeni su sistemlərinin çəkilməsi, köhnələrində yenidənqurma işlərinin aparılması baha başa gələn layihələrdəndir, lakin çalışacağıq ki, yaxın il yarım ərzində bu sahədə də çatışmazlıqlar aradan qaldırılsın.
D. Bakradze diqqəti 7-8 il əvvəl ölkə iqtisadiyyatının, o cümlədən infrastrukturun bərbad vəziyyətdə olmasına yönəltmiş və ötən müddətdə bu sahələrin dirçəldildiyini vurğulamış, əksər mərkəzi yolların müasir standartlar səviyyəsinə çatdırıldığını, indi isə daxili və kənd yollarında bərpa işlərinə başlanıldığını bildirmişdir.
Sonra görüş dialoq şəklində davam etdirilmişdir. Rayonun Rustavi şəhəri ilə həmsərhəd olan Təzəkənd və Birlik kəndlərinin nümayəndələri Rustavinin sənaye müəssisələrinin bu ərazini olduqca çirkləndirdiyini, əhalinin sağlamlığına ciddi ziyan vurduğunu diqqətə çatdırmışlar. İçməli və suvarma suyu problemi, işsizlik və s. məsələlər barədə də D. Bakradzeyə məlumat verilmişdir.
Spiker qaldırılan məsələləri müvafiq nazirliklərin və strukturların rəhbərləri ilə müzakirə edib, lazımi tədbirlər görüləcəyini demişdir.
D. Bakradze Qardabani rayon mədəniyyət evinin təmir işləri ilə tanış olmuşdur. Spikerə təmirin avqustun sonlarında başa çatdırılacağı və burada əsasən yerli sakinlərin işlə təmin olunacaqlarına dair məlumat verilmişdir.
Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze Gürcüstan parlamenti sədrinin Qardabaniyə bölgələrə səfəri çərçivəsində gəldiyini bildirmiş və spikerin əhaliyə ölkənin siyasi-iqtisadi həyatında baş verən proseslər barədə ətraflı məlumat verdiyini, mövcud problemlərlə yerində tanış olduğunu demişdir. Qubernator əmin olduğunu bildirmişdir ki, D. Bakradzenin səfəri Qardabanidə və ümumilikdə bölgədə mövcud olan problemlərin həllinin sürətləndirilməsinə şərait yaradacaqdır.
Bu xəbər oxucular tərəfindən 1201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed