Şrift:
İrəvandakı Azərbaycan mətbuatının tarixi – ARAŞDIRMA – II YAZI
06.02.2018 [11:02] - Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları
Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın İrəvanda nəşr olunan mətubatımız haqqında olan yazısını təqdim edirik:

Yazının əvvəlini bu linkdən oxuyun

“Bürhani-həqiqət” öz oxucusunu cəhalət zülmündən xilas etməklə yanaşı, baş verən hadisələri həqiqətin dili ilə izah etmək, ayrı-ayrı partiyaların və qurumların əsl məqsədini kütlələrə izah etmək, qətl və qarətlərin, kütləvi qırğınların arxasında duran qüvvələri göstərmək, ermənilərin İrəvandakı maddi-mədəniyyət abidələrimizin tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq kimi bir missiyalar da daşıyırdı.

1917-ci il fevral inqilabından sonra “Bürhani-həqiqət” məcmuəsi “Hürriyyət, müsavat, ədalət” başlıqlı məqalə dərc edərək yazırdı ki, azadlığı qazanmaq nə qədər çətindirsə, onu əldə saxlamaq ondan da çətindir. Məcmuə azərbaycanlı seçiciləri seçki prosesinə ciddi yanaşmağa, öz aralarından layiqli nümayəndələr seçməyə çağırırdı.

Əli Məhzun “Bürhani-həqiqət”də yazdığı “Azadlıqmı, əsarətmi?” məqaləsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə etiraz səsini ucaldaraq yazırdı: “Bulvarda, küçədə, bazarda hər gün yüzlərcə müsəlmanlar erməni soldatları tərəfindən təhqir olunurlar. Gecələr saat səkkizdə belə bulvarda bir nəfər də olsun papaqlı müsəlman tapılmayır. Hətta teatroya getməyə belə bir çoxları cürət edə bilməyirlər. Səbəbi isə hər halda təhqir olunub döyülməkdir. Azadlıqmı? Əsarətmi? Əvət, lap da qorxulu bir əsarətdir. Kimə rücu (yəni – müraciət) etməli? Və kimdən əlac istəməli?”

“Bürhani-həqiqət” öz yazılarını əsasən beş başlıq – “Lüğətin lüğəti”, “Ədəbiyyata dair”, “Məişət məsələləri”, “Elmi məqalələr” və “Elanlar şöbəsi” başlıqları altında oxucularına təqdim edirdi. Məcmuənin ilk nömrələri İrəvanda yığıldıqdan sonra Tiflisə göndərilir, senzuradan icazə alındıqdan sonra çap edilirdi. Senzura əngəlləri üzündən məcmuənin 2-ci və 4-cü nömrələr vaxtında çıxmamış, yazıların bir qismi dəyişdirilmişdi. Məcmuənin naşiri və redaktoru “Bürhani-həqiqət”i 16 səhifə həcmində çıxarmağa hazırlaşsalar da, buna müvəffəq ola bilməmişdilər. Məcmuə iyunun 29-da çıxan 9-cu nömrəsindən sonra bağlanmışdı.
İrəvandakı Azərbaycan mətbuatının tarixi – ARAŞDIRMA – II YAZI
1917-ci ildə İrəvanda “İrşad”, “İttihad”, “Yeni firqə”, sosial-demokrat təmayüllü “Müdafieyi məzluman” adlı firqələr, İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti kimi bir sıra ictimai qurumlar fəaliyyət göstərirdi. Şübhəsiz ki, onlardan bəzilərinin mətbu orqanları olmuşdur. Lakin həmin dövrdə İrəvanda yalnız “Cavanlar şurası” adlı qəzetin buraxılması haqqında məlumat gəlib çatmışdır. İrəvan Müsəlman Milli Şurası öz ətrafında vətənpərvər qüvvələri birləşdirirdi. Bu şura İrəvanda milli zəmində qanlı toqquşmaların qarşısının alınması üçün erməni siyasi təşkilatları ilə əməkdaşlıq edirdi. Nazim Axundovun tərtib etdiyi “Azərbaycanda dövri mətbuat (1832-1920)” biblioqrafik-məlumat kitabında həftəlik siyasi-ictimai, ədəbi qəzet olan “Cavanlar şurası”nın İrəvan azərbaycanlılarının Milli Şurası tərəfindən 1920-ci ildə nəşr edildiyi, tələbə Rza Tağıyev, M.Ə.Nasir və Mir Fətullayev tərəfindən redaktə olunduğu göstərilmişdir.

İrəvanda Azərbaycan mətbuat tarixinin ilk tədqiqatçısı İsrafil Məmmədovun da qeyd etdiyi kimi, 1920-ci ildə İrəvanda azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyi dövrdə Azərbaycan dilində qəzet nəşr etdirmək mümkün deyildi. Digər tərəfdən, qəzetin redaktorlarından Məmmədəli Nasir 1918-ci ildə daşnakların təqibindən qurtularaq Gəcə şəhərinə gəlmiş, orada jurnalistlik fəaliyyətini davam etdirmişdi. İrəvan Müsəlman Milli Şurası 1918-ci ilin mayında daşnakların hakimiyyətə gəlməsinədək aktiv fəaliyyət göstərdiyindən, “Cavanlar şurası”nın 1917-ci ilin ikinci yarısı, 1918-ci ilin birinci yarısında nəşr edildiyini təxmin etmək olar.

1918-1920-ci illərdə Ermənistan daşnak hakimiyyəti dövründə İrəvanda Azərbaycan dilində mətbuat nəşr olunmadığı halda, həmin dövrdə Bakıda erməni dilində “Arev” (“Günəş”), “Aşxatavori dzayn” (Əməkçinin səsi”), “Aşxatanki droşak” (“Əmək bayrağı”), “Banvori xosk” (“Fəhlə sözü”), “Qordz” (“İş”), “Yerkir” (“Ölkə”) və s. kimi mətbu orqanları işıq üzü görürdü. Bu gün erməni tarixçilərinin iddia etdikləri kimi, əgər 1918-ci ildə Bakıda ermənilərə qarşı “soyqırım” törədilmiş olsaydı, bu qədər qəzet və jurnal işıq üzü görə bilməzdi.
İrəvandakı Azərbaycan mətbuatının tarixi – ARAŞDIRMA – II YAZI
Sovet Ermənistanında Azərbaycan dilində nəşr olunan ilk qəzet kimi “Kommunist”in adı çəkilir. Məlumdur ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan az bir müddət sonra yenidən öz yer-yurdlarına qayıdıb gələn azərbaycanlı əhalinin mərkəzi hakimiyyət orqanlarında təmsilçiliyi məsələsi gündəliyə gəlmişdi. İlk dövrlərdə Ermənistana rəhbər kadrlar Azərbaycandan göndərilirdi. 1921-ci ilin yanvarın ortalarında Azərbaycan İnqilab Komitəsinin zəmanəti ilə rəhbər vəzifə tutmaq üçün Süleyman Nuri adında şəxs Ermənistan İnqilab Komitəsinin sərəncamına göndərilmişdi. Mustafa Sübhinin başçılıq etdiyi Türkiyə Kommunist Partiyasının üzvü olan Süleyman Nuri Bakıda qalmış,1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayının təşkilatçılarından olmuşdu. 1921-ci il yanvarın ortalarında Ermənistan Hərbi-İnqilab Komitəsinin üzvü sifətiylə İrəvana göndərilən Süleyman Nuri Ermənistan Xalq Komissarları Şurasının qərarı ilə Xalq Ədliyyə komissarı və Ali Məhkəmənin sədri təyin edilir. Süleyman Nuri xatirələrində yazır ki, o, eyni zamanda, tərkibi İrəvan şəhərində yaşayan yerli türklərdən təşkil edilmiş kommunist özəklərinin yaradılması ilə məşğul olmuşdur. Süleyman Nuri yazır “… təklifim əsasında Ermənistan Kommunist Partiyası mərkəzi Komitəsi Bakıya məktub göndərmiş, qəzetəçi Semih Hüseyn adında bir yoldaş redaktor olaraq İrəvana dəvət edilmiş və İrəvanda yerli türklərin dilində çıxan bu qəzetin yayınları daha verimli hala gəlmişdir.”

Süleyman Nuri xatirələrinin başqa bir yerində yazır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sərəncamında Semih Hüseyn adlı İstanbullu türk zabitinin komandanlığında bir ehtiyat polis taburu var idi. Semih Hüseyn də bəzi türklər kimi, Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıda qalmış, kommunist partiyasına üzv olmuş, Süleyman Nuri ilə birgə çalışmışdı. Çox ehtimal ki, Bakıdan qəzet redaktoru kimi İrəvana dəvət edilən Semih Hüseyn elə Süleyman Nurinin bəhs etdiyi həmin şəxs olmuşdur. Belə qənaət hasil olur ki, bəzi tədqiqatçıların “Kommunist”in redaktorunun Həmid Qənizadə adlı şəxsin olması haqqında irəli sürdükləri fikir yanlışdır. Həmid Qənizadə “Kommunist”in deyil, 1921-ci ilin ikinci yarısından nəşr edilən “Rəncbər” qəzetinin redaktoru olmuşdur.

1921-ci il fevralın ikinci yarısında daşnaklar qiyam qaldıraraq Ermənistanda sovet hakimiyyətini yıxmış, İrəvan şəhəri daşnakların əlinə keçmişdi. Bununla da “Kommunist” qəzeti öz fəaliyyətini dayandırmışdı. Aprel ayında İrəvanda sovet hakimiyyəti yenidən bərpa edilmiş, may ayında yeni hökumət – Xalq Komissarları Soveti təşkil edilmişdi. Erməni dilini bilməyən, tərcüməçi vasitəsi ilə ədliyyə komissarı vəzifəsində işləməyin səmərəli olmadığını söyləyən Süleyman Nuri yenidən İrəvana qayıtmaqdan imtina etmişdi. 1921-ci ilin iyul ayında Azərbaycandan göndərilən Bala Əfəndiyev xalq daxili işlər komissarının müavini vəzifəsinə təyin edilmişdi. Bala Əfəndiyev 1922-ci ilin yanvarından Ermənistan KP MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində Türk seksiyasının müdiri vəzifəsində işləməklə yanaşı, Ermənistan KP MK-nın və İrəvan şəhər Partiya Komitəsinin orqanı olan “Rəncbər”, sonra isə “Zəngi” qəzetinin redaktoru olmuşdu. Bala Əfəndiyevin xanımı Fatma Əfəndiyeva da ictimai-siyasi işlərdə fəal iştirak edirdi. O, “Rəncbər” qəzetinin ilk qadın müxbiri olmaqla yanaşı, İrəvanda azərbaycanlı qadınlar üçün təşkil edilmiş Qadınlar klubunun rəhbəri olmuşdu. Sonralar Bülbül Kazımovanın rəhbəri olduğu həmin klub azərbaycanlı qadınlar içərisində mədəni-maarif işlərinin aparılmasında, dini mövhumata qarşı mübarizədə mühüm işlər görmüşdü. 1949-cu ilədək fəaliyyət göstərən Qadınlar klubunun nəzdində savadsızlığın ləğv edilməsi, dərzilik kursları, özfəaliyyət və dram dərnəkləri fəaliyyət göstərirdi.
İrəvandakı Azərbaycan mətbuatının tarixi – ARAŞDIRMA – II YAZI
Əvvəlcə 500, sonra isə 1000 nüsxə ilə 4 səhifə həcmində nəşr olunan “Rəncbər” qəzetinin 1921-ci ildə 31 nömrəsi, 1922-ci ildə isə 46 nömrəsi işıq üzü görmüşdür. “Rəncbər” qəzeti 1922-ci il dekabrın sonunda nəşrini dayandırmışdır. Ermənistanın bolşevik qiyafəsinə girmiş millətçi-şovinist rəhbərləri Azərbaycanlıların doğma yer-yurdlarına qayıtmalarını istəmirdilər. Üstəlik, Azərbaycan dilində qəzetin buraxılmasını heç istəmirdilər. Mərkəzi Komitənin katiblərindən biri olan Aşot Hovanisyan “Rəncbər”in abunəçilərinin az olmasını bəhanə edərək qəzetin bağlanmasına göstəriş vermişdi. Digər tərəfdən, 1922-ci ilin dekabrında Zaqafqaziya Ölkə Partiya Komitəsi Zaqafqaziyada nəşr edilən bir sıra qəzetlərin vəziyyətini müzakirə edərək qərar qəbul etmişdi. Qərarda deyilirdi: “İrəvan və Batumidə türk dilində nəşr edilən qəzetlərin çıxarılması dayandırılsın. Zaqafqaziya türkləri üçün ümumi bir ölkə qəzetinin nəşri zəruri hesab edilsin. Gürcüstan K(b)P MK-nın orqanı olan “Yeni fikir” qəzeti Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının orqanı olaraq gündəlik nəşr edilsin.”

Ermənistan K(b)P MK-nın nəzdindəki Türk seksiyasının müdiri Bala Əfəndiyev seksiyanın 1922-1925-ci illərdə gördüyü işləri əhatə edən hesabatında göstərirdi ki, 1923-cü ildən Ermənistan KP MK-nın orqanı olan “Rəncbər” qəzeti Zaqafqaziya Ölkə Komitəsinin qərarı ilə bağlanmış. əvəzində “Yeni fikir” qəzeti alınmışdır, hansı ki, Ermənistanın türk rayonlarının ehtiyac və tələbatını ödəyə bilmir.

Məhz Bala Əfəndiyevin gərgin əməyi nəticəsində, 1925-ci il noyabrın 29-da onun redaktorluğu ilə Ermənistan KP MK-nın və Ermənistan SSR Xalq Komissarları Şurasının orqanı kimi, “Zəngi” qəzeti nəşr olunmağa başlamışdı. Əvvəlcə həftədə bir dəfə, sonra isə iki dəfə çap olunan bu qəzet azərbaycanlıların maariflənməsi, onların hüquqlarının qorunması, yeni türk əlifbasına keçid məsələlərində müstəsna rol oynayırdı. 1928-ci ilin sonuna kimi “Zəngi” adı ilə nəşr olunan qəzet 1929-cu ilin yanvarından “Qızıl şəfəq” adı ilə nəşr olunmağa başlamışdı. “Qızıl şəfəq” öz sələfi haqqında yazırdı: “Zəngi” qəzeti Ermənistanda yaşayıb da türkcə danışan işçi və kəndli kütləsinin mədəni inqilab tarixini yaratmağa birinci vasitə və ilk bayraqdar olaraq meydana gəlmişdir. Həftədə iki dəfə çıxan, üç il davam edən fəaliyyətində apardığı təşviqat və məfkurəvi mübarizə sayəsində türk zəhmətkeşlərinin maarif və mədəniyyətcə qabağa getməsində böyük iş görmüşdür. Onun şəfəqləri türk zəhmətkeş kütləsini maarifləndirmək və sosializm quruculuğuna cəlb etmək işində yardımçı olacaqdır.”

Bala Əfəndiyevin 1926-cı ildə Ermənistanda ictimai təminat komissarı vəzifəsinə təyin edilməsindən sonra qəzetin məsul redaktoru Mustafa Hüseynov olmuşdur.

1930-cu ilin yanvarında Əli Əkərəkli “Qızıl Şəfəq” qəzetinin redaktoru təyin edilmişdir. Bu barədə Rza Vəlibəyov öz xatirələrində yazır ki, Zaqafqaziya Kommunist Universitetinin məzunu Əli Əkərəkli Mərkəzi Komitənin tapşırığı ilə kollektivləşmə işlərinə rəhbərlik etmək üçün Basarkeçər rayonuna təhkim edilmişdi. Həmin vaxt Basarkeçərə gələn Ermənistan KP MK-nın ikinci katibi Ağasi Xancyan Əli Əkərəkli ilə görüşəndə deyir ki, Mərkəzi Komitənin bürosu razılığını soruşmadan onu “Qızıl şəfəq” qəzetinə redaktor təyin etmişdir. Bu, ondan irəli gəlirdi ki, o vaxt Kommunist Partiyası qəzetlərə redaktor təyin edərkən həmin şəxsin redaktorluq təcrübəsinə və yaxud jurnalistlik peşəsinə yiyələnib-yiyələnməməsi baxımından deyil, onun siyasi yetkinliyi baxımından yanaşırdı.

Davamı var...
Bu xəbər oxucular tərəfindən 3932 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed