Şrift:
“Əsgər andı” kitabının təqdimatı keçirilib
08.02.2018 [10:50] - Gündəm
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun anadan olduğu gündür. Yaşasaydı 30 yaşını qeyd edəcəkdi.

Bu münasibətlə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyində Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş “Unutmayaq ki, unudulmayaq” mövzusunda “dəyirmi masa” və qəhrəmanın xatirəsinə şair Almaz Alıqızının həsr etdiyi “Əsgər andı” kitabının təqdimatı keçirilib.

Tədbirdən əvvəl şəhidin məzarı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə torpaqlarımız və ərazi bütövlüyümüz uğrunda canlarından keçən oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin birinci vitse-prezidenti Rasim Məmmədov Qəhrəman Mübariz İbrahimovun qısa, lakin şərəfli həyat yolundan söhbət açıb.

Onun ölməzliyə qovuşduğunu, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının fəxri olduğunu, neçə-neçə bədii əsərlərin, filmlərin qəhrəmanına çevrildiyini söyləyib.

Tədbirdə Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, ehtiyatda olan polkovnik Zahid Teymurov, kulturoloq Aydınxan Əbilov, İctimai Birliyin məsul katibi Yasəmən Möhübbətqızı, hərbçi-şair Aida Şirin və başqaları kitabın əhəmiyyətindən danışıb, müəllifin bu mövzunu gündəmə gətirməsinin vacibliyini bildiriblər.

Şairlər Zaməddin Ziyadoğlu, Südabə Sərvi və Xatirə Rəhimli Mübariz İbrahimova həsr etdikləri şeirləri oxuyublar.

Sonda müəllif kitabın ərsəyə gəlməsində və tədbirin təşkil olunmasında əməyi olanlara təşəkkürünü bildirib, imzası ilə kitablarını tədbir iştirakçılarına təqdim edib.
Bu xəbər oxucular tərəfindən 850 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed