Şrift:
Özbəkistan Azərbaycan türkünün yanında olduğunu əməli ilə bir daha sübut etdi
02.07.2012 [02:36] - Türk dünyası-Turan
Rəsmi Daşkənd bu qurumdan çıxdığını elan etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Azərbaycanı yenə də hədələyir. KTMT baş katibi İrəvanda bildirib ki, əgər erməni hərbçiləri Azərbaycanla müharibə başlayacağı təqdirdə tab gətirə bilməsələr, onlar Ermənistana kömək edəcəklər. Ermənistanın bu quruma üzvlüyünün Azərbaycan üçün maneə faktoru ola biləcəyi barədə suala cavabı isə müsbət olub. O qeyd edib ki, müttəfiqlərin mövcudluğu və tərəfdaşların köməyi çox vacib faktordur.
Rusiyalı general bildirib ki, guya Ermənistanın KTMT-yə üzvlüyü Qafqazda stabilliyi qorumaq nöqteyi-nəzərindən çox müsbət faktordur. Görünür, Bordyuja sadəcə olaraq, siyasi savadsızlığı üzündən kimin torpağının kim tərəfindən işğal edildiyini bilmir. Bu açıqlamanın Bordyujanın səlahiyyətlərindən kənar olduğunu deyən Milli Məclisin Təhükəsizlik və Müdafiə Komitəsinin üzvü Aydın Mirzəzadə bildirdi ki, eyni zamanda o, nizamnamədən də kənar bəyanatlar verir: «Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsas vəzifəsi üzvlərinin təhlükəsizliyini qorumaqdan ibarətdir, üzvlərinin işğalçılıq siyasətini müdafiə etmək yox. Ermənistan bu gün silahlı qüvvələrini öz sərhədlərindən kənarda saxlayır. Əgər Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istəyirsə, bunun Ermənistan ərazisinə nə aidiyyəti var? Bordyujanın bəyanatı ilk növbədə KTMT-nin nizamnaməsinə ziddir. Digər tərəfdən, KTMT-nin nə addım atacağına Bordyuja deyil, təşkilatın rəhbər orqanları - dövlət başçıları qərar verəcək. Bu məsələnin hüquqi izahına ehtiyac var. Yaxşı olardı ki, cənab Bolrdyuja nizamnaməni dərindən oxuyaydı».
KTMT-yə rəhbərik edən şəxsin belə bəyanat verməsinin beynəlxalq hüquqazidd olduğunu deyən politoloq Elman Nəsirov isə diqqətə çatırdı ki, əgər, həmin qurum özünü NATO ilə müqayisə etmək istəyirsə, müqayisənin özü də yanlışdır: «Belə açıqlamalar çox məsuliyyətsiz bəyanatlardır. Əvvəla Rusiya Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr çərçivəsində tanıyır. Yəni Dağlıq Qarabağın Azərbaycanın ərazisi olmasını tanıyır. İndi Dağlıq Qarabağda Ermənistanın dəstək verdiyi separatçı rejim var. Azərbaycan müharibəyə Ermənistan ərazisində yox, Dağlıq Qarabağda öz ərazi bütövlüyünü təmin etmək məqsədilə başlayır. Qondarma Dağlıq Qarabağ Respublikasını heç bir dövlət, heç Ermənistan da tanımayıb. Belə olduğu təqdirdə KTMT hansı hüquqi bazaya söykənərək bu məsələyə müdaxilə edə bilər? Əgər Azərbaycan Ermənistan sərhədlərini keçib bu dövlətlə müharibəyə başlasa, belə olduğu halda müəyyən hüquqi baza yaranır. Yəni belə olarsa, KTMT üzvü olan ölkələr öhdəlikdən çıxış edərək məsələyə müdaxilə edə bilərlər. Amma Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün müharibəyə başlaya bilər. Ona görə də hesab edirəm ki, bu, kifayət qədər məsuliyyətsiz bəyanatdır. Rusiyadakı müəyyən hərbi siyasi dairələrin anti-Azərbaycan mövqeyinin ifadəsidir. Heç bir halda bu yanaşma real vəziyyətə adekvat deyil. Bundan başqa, KTMT-nin üzvü olan hər bir dövlətdə Azərbaycanın sıx iqtisadi-siyasi əlaqələri mövcuddur. Həmin dövlətlər də Ermənistan tərəfdən müharibəyə qoşulmazlar. KTMT-nin may ayında 20 illiyi tamam oldu. O zaman Putin təşkilata üzv olan ölkə rəhbərləri ilə görüş keçirdi. Orada müəyyən bəyanatlar səsləndirdi. Məncə həmin bəyanatlar daha çox daxilə hesablanmışdı. Yəni bildirildi ki, daxildə də KTMT-yə üzv olan ölkələrin hansı birinə təhlükə yaranarsa, o zaman təqribən 20 minlik silahlı birləşmədən istifadə oluna bilər. Bu təşkilatın heç bir halda Qarabağda hərbi əməliyyatların keçirilməsinə müdaxilə etmək hüququ yoxdur». Görünür, Bordyuja sadəcə erməni konyakından yüz-yüz vurduqdan sonra belə sərsəmləyir. Digər tərəfdən də zavallı bu cür içkidən sonra «tostabənzər» nəsə deməlidir axı…
Qeyd edək ki, Özbəkistan MDB-nin hərbi qurumu sayılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dayandırdığını elan edib. Bu məlumatı yayan Rusiya xəbər agentlikləri rəsmilərə istinadən Özbəkistanın KTMT katibliyinə təşkilatın fəaliyyətində iştirakını dayandırdığı barədə müvafiq nota da göndərdiyini bildiriblər. Xatırladaq ki, quruma daxil olan ölkələrin suverenliyi və ərazi bütövlüyünü qorumaq, xarici təhlükələri dəf etmək kimi məsələləri qarşısına məqsəd qoyan KTMT təşkilatına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan daxildirlər. "Təşkilatın ekspertləri quruma üzv olan dövlətlərin rəhbərlərinə hadisə barədə məruzə hazırlamaq üçün katibliyə gəlmiş sənədlərin hüququi ekpertizasını keçirirlər", - KTMT sözçüsü Vladimir Zaynetdinov «RİA Novosti» agentliyinə bildirib. Rusiya KTMT strukturunu keçmiş Sovet respublikalarının NATO alyansına cavabı kimi qələmə vermək istəsə də, KTMT indiyə qədər amorf və üzv-ölkələr arasında ziddiyyətlər üzündən zəif təşkilat təəssüratı bağışlayıb. KTMT çərçivəsində çevik qüvvələr bölümü yaradılsa da, bu qurumun azsaylığı və qarşısında qoyulmuş məqsədlərin qeyri-müəyyənliyi təhlillərdə qeyd olunub. Özbəkistan KTMT çevik qüvvələrinin fəaliyyətində iştirak etməyib. Özbəkistan artıq buna qədər təşkilatın sıralarından bir dəfə 1999 ildə çıxmışdı, lakin 2006 ildə yenidən bu quruma qayıtmışdı. Rəsmi Daşkənd ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dayandırmaq barədə qərarı şərh edib. Özbəkistan Xarici İşlər Nazirliyindəki mənbə “Kommersant”a bildirib ki, rəsmi Daşkənd KTMT-nın Əfqanıstanla bağlı strateji planları ilə razı deyil. Eyni zamanda, blok çərçivəsində hərbi əməkdaşlığın gücləndirilməsi planları da Özbəkistan rəhbərliyini razı salmır. Rəsmi Daşkənd narazaı salan digər məqamlar da var və bunlar KTMT rəhbərliyinə göndərilən notada aydın şəkildə əks olunub.
Bu xəbər oxucular tərəfindən 1244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed