Şrift:
Avstriya hökuməti bir dini icmanın və yeddi məscidin bağlanması haqqında qərar qəbul edib
09.06.2018 [10:26] - İslam dini
Avstriya hökuməti ölkədə fəaliyyət göstərən yeddi məscidin bağlanması barədə qərar qəbul edib.

Bu barədə xəbəri iyunun 8-də Federal Kansler Aparatında keçirilən mətbuat konfransında ölkənin kansleri Sebastian Kurts və vitse-kansler, daxili işlər naziri Haynts-Kristian Ştraxe təsdiqləyiblər.

Bildirilib ki, Avstriya İslam Etiqad İcmaları üstqurumuna daxil olan Avstriya Ərəb Etiqad İcması ləğv edilib, icmanın bir neçə imamı ölkəni tərk etməli olacaqlar. İcmaya daxil olan altı məscid, eləcə də Vyanada fəaliyyət göstərən daha bir məscid radikal ekstremist düşüncə tərzini yaymaqda ittiham olunur.

Avstriya Federal Kansler Aparatında dini məsələlər üzrə məsul nazir Qernot Blümel açıqlamasında bildirib ki, Avstriya İslam Etiqad İcmaları tərəfindən leqal sayılmayan bu icmanın ləğv edilməsi ölkədəki mövcud İslam Qanununun tələbləri əsasında baş tutub.

Avstriya İslam Etiqad İcmaları tərəfindən məsələyə rəsmi açıqlama verilməyib və iyunun 9-da təşkilatın Ali Şurasının iclasında məscidlərin bağlanması məsələsinə baxılacağı gözlənilir.

Bəzi müstəqil ekspertlər isə məscidlərin bağlanmasının məhz Ramazan ayında və Türkiyədə parlament seçkiləri ərəfəsində baş verməsini hökumət tərəfindən atılmış populist addım kimi dəyərləndiriblər. Avstriya Yaşıllar Partiyasının Avropa Parlamentində nümayəndə heyətinin həmsədri Mişel Reymon isə bildirib ki, Avstriyanın federal kansleri Sebastian Kurtsa öz anti-İslam kampaniyası üçün güclü türk prezidenti düşmən obrazı kimi çox lazımlıdır və buna görə də hökumət bu addımı düşünülmüş şəkildə indiki vaxta təyin edib.
Bu xəbər oxucular tərəfindən 662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed