Şrift:
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirinin iştirakçıları Naxçıvan ilə tanış olublar
21.06.2018 [10:20] - İslam dini
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. Qala yalnız müdafiə məqsədi daşımayıb, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Muzeydə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.

Nuh Peyğəmbərin məzarüstü türbəsinə baxış zamanı qeyd olunub ki, türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 28 iyun tarixli “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” Sərəncamına əsasən bərpa edilib. Qonaqlara türbənin tarixi haqqında ətraflı məlumat verilib.

Həmin gün qonaqlar Naxçıvan şəhərində inşa edilən yeni məscid binası ilə də tanış olublar. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlərin qorunub-yaşadılması və təbliği istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublika ərazisindəki dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirib. Məscid binası ibadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün mədrəsədən və kitabxanadan ibarət olacaqdır. Hazırda məsciddə tikinti işləri aparılır. 15 günbəzli məsciddə eyni vaxtda 5 min nəfər ibadət edə biləcəkdir.

Daha sonra Ali Məclisin Sədri və qonaqlar Naxçıvan Biznes Mərkəzində də olublar. Qonaqlara mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib. Qeyd edilib ki, mərkəzdə muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri sərgilənir. Həmçinin burada müxtəlif tədbirlər, biznes forumlar, işgüzar görüş və konfranslar keçirilir. Sərgi salonunda 94 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, ailə təsərrüfatlarında istehsal edilən məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.

Naxçıvanla tanışlıq zamanı “Əshabi-Kəhf” ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi də ziyarət edilib. Qeyd olunub ki, Naxçıvanın ən qədim tarixə malik özünəməxsus və təkrarsız abidələri içərisində “Əshabi-Kəhf” ziyarətgahının xüsusi yeri var. “Əshabi-Kəhf”dən dünya müsəlmanlarının dini kitabı olan “Qurani-Kərim”in Əl-kəhf surəsində ayrıca bəhs olunması bu qədim ziyarətgahın Quranaqədərki dövrdə tanınmasının və məşhurlaşmasının daha bir sübutudur. Ulu Öndərin 1998-ci ildə “Əshabi-Kəhf”in abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi, xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir. Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm marşrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Bu gün “Əshabi-Kəhf” ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilib. Təkcə bu ilin ötən dövründə 20 mindən artıq yerli və xarici qonaq bu möcüzəvi məkanı ziyarət edib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirinin iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzinə gəlib, mərkəzin fəaliyyəti ilə tanış olublar.

Bildirilib ki, duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində bronxial astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. 600 yerlik xəstəxanada temperatur sabitdir. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzdə dünyanın bir çox ölkələrindən hazırda 400-ə yaxın xəstə müalicə olunur.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed