Şrift:
Bu şəkildəki Miskin Abdaldan qalma qazan haqqında Töstülü Məmmədalı babanın dediklərindən.
26.10.2018 [11:54] - Gündəm, DAVAMın yazıları
Göyçə mahalının Dərə kəndində Töstülü Məmmədalı adında (1822-1962) 140 il ömür sürmüş bir ixtiyarın Lori Pəmbək bölgəsindın olan o dövrün məşhur ruhanisi Molla İsmayılla söhbətindən:
“ Bizim ulu babamız Dəmroy İsmayıl Miskin Abdal nəslindəndir. O zaman Zərgərli (Sarıyaqub) kəndinin sakinlərinin Dəlidağdan başlayan Şahdağ silsiləsindəki yaylaqlarda sürülər, naxırlar üçün otlaq sahələri olub. Kəndin ailə başçılarının razılığı əsasında həmin otlaq sahələrindən bir hissə quzular üçün ayrılıb və o sahədə ancaq quzu sürüsü otarılıb. Dəmroy İsmayılın oğlu İbrahim at ilxısını həmin ərazidən keçirib başqa otlaq sahəsinə haylayan zaman kəndin başqa bir ailəsindən olan və İbrahimlə süd qohumu Mahmudla aralarında mübahisə zəmnində İbrahim Mahmudun sinəsindən itələyir. Mahmudun ayağı sürüşüb yıxılan zaman başı daşa dəyir və gözlənilməz zərbədən dünyasını dəyişir. Bu bədbəxt hadisənin ədavətə, qisasa çevrilməməsi üçün kənd ağsaqqallarının qərarı ilə Dəmroy İsmayıl ailəsini və mal-qarasını götürüb Lori Pəmbək bölgəsinə köçür. Dəmroy İsmayıl kənddən köçəndə ona Miskin Abdal ocağından yadigar kimi bir (əlli litlik) mis qazan da verirlər... Nəhayət, aradan 40-50 il keçir, Dəmroy İsmayıl, İbrahim dünyasını dəyişdikdən sonra İbrahimin oğlu Mustafa Göyçə mahalının Pəmbək kəndinə qayıdıb orada, on ildən sonra isə Dərə kəndində məskunlaşır...”
Bu şəkildəki Miskin Abdaldan qalma qazan haqqında Töstülü Məmmədalı babanın dediklərindən.

Məmmədalı babanın Miskin Abdal ocağından olan mis qazanla bağlı başqa bir söhbəti: “ Aclıq vaxtı idi: 1941-45-ci illər Göyçə mahalında kolxoz təsərrüfatında əldə olunan taxıl (buğda) bütünlüklə tədarük olunub müharibəyə göndərilirdi və kolxazçular üçün əməkgünü bölgüsünə taxıl verilmirdi. Kənd sakinləri pay torpaqlarında əkdikləri dənli bitkidən əldə etdikləri məhsul hesabına güzaran keçirirdilər... Bayrama az qalmışdı, qonşu Kazım mənə dedi:- Ay Məmmədalı baba, yaza toxum saxlaya biməyəcəm. Bir az arpa qlıb, onu da gizlədə bilmirəm, arvad-uşaq axırına çıxacaq, neyləyim, acliğın üzü qara olsun! Toxumu da yesək, sonrası daha pis olacaq. Mən Kazıma dedim ki, gətir, mis qazana dolduraq, ağzına da bir sini qoyub bizim pəyədəki boş taxıl quyusunda gizlədək...Elə də elədik, yazda arpanı çıxarıb Kazıma verdim ki, əksin. Həmin arpanı Kazım əkəndən sonra bir məhsul verdi ki, gəl görəsən! Arpanın sünbulləri buğdanın sünbüllərindən uzun olmuşdu, həm də dənlər, yalan olmasın, iki buğda dənəsi boyda olmuşdu. Xülasə, bir qazan arpadan üç çuval dolu məhsul yığıldı. Kazımın ailəsi o arpanı kirkirədə çəkib aclığın bir qışını yaza çıxardılar...”
Məmmədalı baba mənim ana babandır, dünyasını dəyişəndə də anama vəsiyyət eləmişdi ki, qazan bizim ocaq əşyasıdır, Miskin Abdaldan qalan yadigardır, qazanı qoru ki, evdə həmişə bin-bərəkət olsun. Həmin qazanda (bərəkətlidir deyə) Dərə kəndinin sakinləri xeyir-şər üçün xörək bişirirdilər. İmam ehsanı üçün halva ancaq o mis qazanda bişirilirdi və kəndin 60 evinə paylanırdı...Anam xəstə, yataqda olarkən dünyasını dəyişməmişdən bir həftə əvvəl mənə dedi: “Bala, o qazanı uşaqlar bilməzlər, birdən mis alanlara, kiməsə satarlar, olmaz! Mən o qazanı qoruyub bu köçəköçdə Göyçədən Qaxa, Qaxdan Şəkiyə, Şəkidən də Bakıya gətirmişəm. Qazanı qalaylat, imam ehsanını onda bişirin. O qazan bizim Miskin Abdaldan qalan ocaq əşyasıdır.”


--
Niftali Goyceli
Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed