Şrift:
Gürcüstandakı soydaşlarımızın seçki etinasızlığı
30.10.2018 [11:19] - Xəbərlər, Siyasət, Borçalı, Özəl xəbər, Fərəc Quliyev
Qonşu ölkədəki seçkilərdə ən aşağı seçici fəallığı soydaşlarımızın kompakt yaşadıqları Marneulidə müşahidə olunub

Oktyabrın 28-də Gürcüstanda növbəti prezident seçkiləri keçirilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, prezident seçkilərində səslərin 98,89 faizi hesablanıb. Yekun nəticələrə görə, müstəqil namizəd Salome Zurabişvili 38,61 faiz səs toplayıb. Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72 faizini toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir. Gürcüstan MSK-nın digər məlumatına görə, seçici fəallığı 46,74 faiz təşkil edib. Yəni, seçkilərdə ümumilikdə 1 milyon 637 min 956 vətəndaş iştirak edib. Seçicilərin ən yüksək fəallığı Keda rayonunda (64,74 faiz), ən aşağı fəallıq isə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda (36,47 faiz) qeydə alınıb.
Maraqlı məqamlardan biri kimi, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgədə-Marneulidə seçici fəallığı ümumi ölkə üzrə ən aşağı nəticə olub. Görəsən, azərbaycanlıların prezident seçkilərində yaxından iştirak etməməsi hansı səbəblərdən irəli gəlir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fərəc Quliyev bildirdi ki, Gürcüstanda azərbaycanlılara münasibət fərqlidir: "Açığını desək, Azərbaycanın Gürcüstana göstərdiyi münasibətə adekvat cavab yoxdur. Azərbaycan Gürcüstanın bütün enerji məsələlərində, tranzit ölkə kimi vəsait qazanmasında ciddi şəkildə dəstək verir. Bizim Gürcüstanla münasibətlərimizi yüksək səviyyədə saxlamağımıza baxmayaraq, bu ölkədən qarşılıqlı addımlar atılmır. Məsələn, Gürcüstanda məktəblərlə, mədəniyyətimizə münasibətlə, eyni zamanda müəyyən qədər torpaqlarla bağlı məsələlər var. Bilirik ki, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə torpaqların başqalarına satılması, özəlləşdirilməsi kimi müəyyən qədər problemlər mövcuddur. Bu prezident seçkilərində azərbaycanlıların aktiv iştirak etməməsi də ola bilsin ki, bununla bağlıdır. Eləcə də ziyalılarımızın orada qalıb fəaliyyət göstərməsi problemdir. Təbii ki, bu da seçici fəallığına təsirsiz ötüşmür. Milli Məclisdə məsələ qaldırdım ki, Gürcüstanda artıq şagirdlərimizin, tələbələrimizin sayı 50 faiz azalıb və müəllimlərin 82 faizi tezliklə təqaüdə gedək. Bununla da müəllim çatışmazlığı yaranacaq və gərək biz məsələni gündəmdə saxlayaq. Biz orada insanların ölkənin taleyinə təsir eləmək üçün toparlanmasını, siyasi fəaliyyətini, məsələlərə müdaxilə etməsini təmin etməliyik”.
F.Quliyev vurğuladı ki, Gürcüstan hökuməti soydaşlarımızın siyasətdən kənar qalması siyasəti yürütməməlidir: "Ola bilsin, onlar bu addımı atır, amma biz elə tədbirlər görməliyik ki, bunun qarşısını alaq. Çünki Gürcüstanda 600 min civarında soydaşımız yaşayır və ən böyük aborigen xalqlardan biridir. Biz onların taleyinə biganə qala bilmərik. Bütün hallarda biz çalışmalıyıq ki, soydaşlarımız parlamentdə təmsil olunsun. Eləcə də prezident seçkilərində fəal olub, komandada yer alsınlar. Hətta çalışmalıyıq ki, Nazirlər Kabinetində azərbaycanlılar təmsil olunsunlar”.
Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev bildirdi ki, prezident seçkilərində tək azərbaycanlılar yaşayan bölgədə yox, bütün ölkə üzrə seçici fəallığı aşağı olub: "Seçicilərin savadlı, məlumatlı, siyasi-mədəni səviyyəsi yüksək olan hissəsi seçkilərdə iştirak etdi. Onların bir qismi də iştirak etmədi. Bilirsiniz ki, Gürcüstanda yeni konstitusiya qəbul edildikdən sonra parlament respublikası modelinə keçid olub. Prezidentin səlahiyyətləri, belə deyərdim ki, nominal simvolik səciyyə daşıyır. Yəni, prezidentin elə bir böyük səlahiyyəti yoxdur. Bu baxımdan, seçkilər seçicilərin bir hissəsi üçün önəmli deyildi. Ona görə də ölkədə bu vəzifənin statusundan, tutduğu mövqedən, yaxud da prezidentlik institutunun bu gün önəminin azalması baxımından seçici fəallığının aşağı olduğunu deyə bilərik. Mən belə izah edərdim”.
M.Dərziyev əlavə etdi ki, prezident seçkilərindən fərqli olaraq Gürcüstanda 2016-cı ildə keçirilən yerli seçkilərdə çox yüksək fəallıq müşahidə olundu: "Bizdə parlament seçkiləri adəti üzrə çox yüksək fəallıqla müşahidə olunur. Amma prezident seçkilərində tək azərbaycanlılar yaşayan bölgə yox, başqa bölgələrdə də seçici fəallığının aşağı olması müşahidə edilib. Lakin reallıqdır ki, oktyabrın 28-də saat 4-5 radələrində Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda ən aşağı seçici fəallığının Marneulidə müşahidə olunduğu qeyd olundu”.

BƏXTİYAR
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed