Şrift:
Erməni cinayətləri ilə bağlı elektron kitab dərc olundu
17.11.2018 [11:15] - Gündəm, Kitab evi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyi tərəfindən “Azərbaycanlılara qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər (1918-2018-ci illər)” adlı elektron kitab hazırlanıb.



Kitabda Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları tərəfindən 100 il ərzində törədilmiş və hal-hazırda törədilməkdə davam edən sülh və insanlıq əleyhinə cinayətlərin beynəlxalq hüquqi təhlili öz əksini tapıb. Kitabın müəllifi hüquq üzrə fəlsəfə doktoru Səyyad Məcidlidir.



Həmçinin, kitabda xarici və ölkədaxili mənbələrə əsaslanaraq, transmilli cinayətlərin nəzəri və praktiki məqamları elmi cəhətdən araşdırılıb, tarixi xronologiya əsasında Ermənistanın 1918-ci ildən başlayaraq Bakıda, Qubada Gəncədə, Şamaxıda, Qaradağlıda, Xocalıda, Ağdabanda və Azərbaycanın digər bölgələrində törətdiyi soyqırımı, təcavüz, müharibə və insanlıq əleyhinə cinayətlər, terror cinayətlərinin beynəlxalq cinayət hüquqi məqamları, habelə geosiyasi və hüquqi aspektləri təhlil olunub. Kitabda eyni zamanda, ermənilər tərəfindən törədilən transmilli cinayətlərə beynəlxalq və milli məhkəmələrdə baxılması, beynəlxalq instansiyalarda bu cinayətlərə düzgün hüquqi qiymətin verilməsi perspektivlərinə toxunulub.



Hüquqşünaslar, tarixçilər, politoloqlar və ümumilikdə bu sahəyə maraq göstərən geniş oxucu kütləsi, xüsusilə internet istifadəçiləri üçün nəzərdə tutulmuş və şərti olaraq “100 ilin 100 cinayəti” adlanan bu kitabın elektron versiyasını http://aggression.az saytının “e-kitablar” bölməsindən əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 66 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed