Şrift:
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu keçirilib
22.11.2018 [10:31] - Gənclik, Türk dünyası-Turan
Noyabrın 21-də Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu keçirilib.

Forum 2017-ci ildə Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlığı üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının protokoluna və ötən il sentyabrın 21-də Aktauda keçirilən Azərbaycan-Qazaxıstan gənclərinin əməkdaşlığı günü çərçivəsində əldə edilmiş razılığa əsasən təşkil olunub.

Forumun keçirilməsində məqsəd ölkələrimiz arasında gənclər sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması üçün şəraitin yaradılmasıdır.

Tədbirin açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev iki ölkə arasında çoxəsrlik tarixə malik əlaqələrimizin bu gün bütün sahələrdə uğurla davam etdiyini bildirib. Ölkələrimiz arasında münasibətlərin ümummilli lider Heydər Əliyevin və Nursultan Nazarbayevin misilsiz xidmətləri sayəsində hazırkı yüksək səviyyəyə çatdığını vurğulayan nazir müavini bu gün ikitərəfli əməkdaşlığın sürətlə inkişaf etdiyini deyib. Əlaqələrimizin bütün istiqamətlərdə, o cümlədən gənclər sahəsində də yüksək səviyyəyə çatdırılmasının zəruriliyini vurğulayan nazir müavini deyib: “Parlaq gələcəyimizin təminatçısı olan gənclərin ictimai, siyasi, elm və digər sahələrdə qarşılıqlı əməkdaşlıq şəraitində geniş fəaliyyəti üçün imkanlar yaratmaq çox vacibdir. Son illər bütün istiqamətlərdə, o cümlədən gənclər sahəsində çoxsaylı tədbirlər keçirilir. Dost və qardaş ölkələrimizin gənclər sahəsində sıx əməkdaşlığı getdikcə intensivləşir”.

Sentyabrın 21-də Aktauda Xəzəryanı Gənclər Forumu çərçivəsində Azərbaycan-Qazaxıstan gənclərinin əməkdaşlıq gününün keçirildiyini bildirən İntiqam Babayev tədbir çərçivəsində iki ölkənin bir neçə təşkilatı arasında sazişlərin imzalandığını qeyd edib.

Qazaxıstanın ictimai inkişaf nazirinin müavini Julduz Omarbekova bildirib ki, Azərbaycan dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyov və digər görkəmli şəxsiyyətlər bəxş edən diyardır. Azərbaycan Qazaxıstan üçün təkcə strateji tərəfdaş deyil, həm də qardaş ölkədir. Bu baxımdan Azərbaycan-Qazaxıstan Gənclərinin Forumunun mühüm əhəmiyyət daşıdığını bildirən Julduz Omarbekova bu sahədə bir sıra tədbirlərin reallaşdırıldığını da diqqətə çatdırıb.

Forumda iki ölkə arasında gənclər sahəsində görülən işlərin və reallaşdırılan layihələrin təqdimatı olub.
Bu xəbər oxucular tərəfindən 1126 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed