Şrift:
Görkəmli alim Qara Əhmədovun xatirəsinə həsr edilmiş yığıncaq keçirildi
16.01.2019 [09:42] - Gündəm, DAVAMın yazıları
Yanvarın 15-də AMEA-nın əsas binasının elektron akt zalında görkəmli alim, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, mərhum arxeoloq Qara Məmməd oğlu Əhmədovun 90 illiyinə həsr edilmiş yığıncaq keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademiki, İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova bildirdi ki, Azərbaycanın orta əsrlər dövrü üzrə araşdırmalar aparan hər bir alim görkəmli alim, respublikada arxeologiya üzrə ilk elmlər doktoru, AMEA-nın müxbir üzvü Qara Məmməd oğlu Əhmədovun elmi əsərləri ilə tanışdır. Belə ki, məhz professor Q.Əhmədovun tədqiqatları Azərbaycanın və bölgənin orta əsr dövrü maddi mədəniyyəti barədə geniş bilikləri ortaya çıxarmışdır. Q.Əhmədov hələ Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılmazdan öncə, onun sələfi olmuş Tarix İnstitutu nəzdindəki Arxeologiya və Etnoqrafiya sektorunun Elmi Şurasına 20 il ərzində rəhbərlik etmişdir. Onun tərəfindən Azərbaycanda arxeologiya və etnoqrafiya sahələri təşkilatlandırılmış və institutlaşdırılmışdır. Bu günki arxeoloq və etnoqraflar Q.Əhmədov kimi alimlərin irsi üzərində yetişmişlər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova çıxışında mərhum professorun həyat yolundan və elmi yaradıcılığından söz açmışdır. Professor M.Rəhimova çıxışında bildirmişdir ki, Q.Əhmədov həyatının böyük bir hissəsini Beyləqanın və Qəbələnin orta əsr dövrünün arxeoloji tədqiqatlarına həsr etmişdir. İndiyədək onun Azərbaycanın orta əsrlər üzrə tədqiqatları tarixçi və arxeoloqların stolüstü kitabları olaraq qalmaqdadır. Mərhum alimin altı monoqrafiyası, yüzdən çox elmi məqaləsi işıq üzü görmüşdür. Q.Əhmədovun rəhbərliyi ilə 7 elmlər na­mizədi, 3 elmlər doktoru hazır­lan­mışdır. Q.Əhmədovun elmi məqalələrinin toplusunun yaxın günlərdə nəşr ediləcəyini bildirən professor M.Rəhimova həmçinin, görkəmli alimlə bağlı xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Professor M.Rəhimovanın təklifi ilə tədbir iştirakçıları bir dəqiqəlik sükutla mərhum alimin xatirəsini yad etdilər.

AMEA-nın akademiki, Milli Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı çıxışında xüsusi qeyd etdi ki, 7 cildlik “Azərbaycan tarixi” əsərinin ikinci cildində maddi mədəniyyətə aid bütün bölmələr məhz mərhum Q.Əhmədovun əməyinin nəticəsidir. Həmçinin, cildin biblioqrafiyasının hazırlanmasında iştirak etmiş üç alimdən biri məhz Q.Əhmədov olmuşdur. Həmçinin, akademik N.Vəlixanlı qeyd etdi ki, Milli Azərbaycan Tarix Muzeyində sərgilənən ən qiymətli eksponatların bir hissəsi məhz Q.Əhmədovun uzun müddət rəhbərlik etdiyi Örənqala və Qəbələ arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir.

AMEA-nın akademiki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Teymur Bünyadov mərhum Q.Əhmədovun yüksək insani keyfiyyətlərini bariz nümayiş etdirən xatirələri barədə danışdı. Akademik T.Bünyadov təklif etdi ki, İnstitut Qəbələ şəhəri rəhbərliyi qarşısında şəhərin küçələrindən birinə professor Q.Əhmədovun adının verilməsi barədə məsələ qaldırsın.

Görkəmli alimin ilk aspirantlarından biri olmuş, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Qafar Cəbiyev çıxışında bildirdi ki, mərhum professor Q.Əhmədov bir sıra ilklərin müəllifi kimi yadda qalmaqdadır. Qara Əhmədov arxeologiya üzrə ilk elmlər doktoru, sənətkarlıq tarixinin əsasını qoymuş ilk arxeoloq olmuşdur. O, orta əsr Azərbaycan keramik materialının ilk fundamental araşdırmaçısı, Vətənimizin və Cənubi Qafqazın orta əsr şəhər mədəniyyəti genezisi problemini fundamental şəkildə tədqiq edən ilk alim idi. Onun “Örənqala (qısa tarixi-arxeoloji oçerk)”, “Orta əsr Beyləqan şəhəri”, “Qəbələ (tarixi-arxeoloji oçerk)” kimi şah əsərləri Azərbaycan arxeologiyası və tarix elmi üçün əvəzedilməz töhfələrdir.

Daha sonra tədbirdə iştirak edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri, tarix üzrə elmlər doktoru Hidayət Cəfərov, tarix üzrə elmlər doktoru Əsədulla Cəfərov, həmçinin, tarix üzrə elmlər doktoru Abbas Seyidov, tarix üzrə fəlsəfə doktoru Mikayil Mustafayev, A.Bakıxanov ad. Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Cəbi Bəhramov və d. mərhum professor Q.Əhmədov barədə xatirələri ilə bölüşdülər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed