Şrift:
“Qoyya” baleti nümayiş ediləcək
23.01.2019 [11:12] - Gündəm, Afişa
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında yeni səhnə əsərlərindən olan dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən “Qoyya” birpərdəli baleti fevralın 3-də teatrsevərlərə təqdim ediləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti, Sankt-Peterburq “Dance Opera” balet festivalın bədii rəhbəri, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyevdir.

Tamaşanın quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Səhnə əsərində əsas rolları sənət ocağının aparıcı solistləri Cəmilə Kərimova, Timur Oduşev, Makar Ferştandt və Samirə Məmmədova ifa edəcək. Xronometrajı 40 dəqiqə olan operanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.
Bu xəbər oxucular tərəfindən 963 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed