Şrift:
Fərəc Quliyev: “Parlamentin simasını dəyişməliyik”
30.01.2019 [12:00] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Son zamanlar Milli Məclisin bəzi deputatlarının zəif və passiv olması ilə bağlı ciddi müzakirələr açılıb. Xüsusilə deputatların tam əksəriyyətinin Milli Məclisin iclaslarında çıxış etməkdən yayınmaları, mətbuata qapalı olmaları, xaricdən Azərbaycan əleyhinə təşkil olunan kampaniyalara cavab verməkdən qaçmaları bu cür fikirlərin sayını durmadan artırır.

İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat”a verdiyi geniş müsahibədə bu məsələyə toxunaraq, dinib-danışmayan həmkarlarını tənqid edib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev parlament haqqında danışmağın ona çətin olduğunu söylədi: “Özüm deputat olduğum üçün kolleqalarım haqqında fikir söyləməyim qeyri-etik çıxardı. Deputatın fəaliyyətini kənardan görüb qiymətləndirmək başqa bir şeydir, amma deputat olaraq bu barədə fikir söyləmək çətindir. Amma istənilən halda hər bir deputat çalışmalıdır ki, təmsilçisi olduğu Milli Məclis hər zaman güclü olsun, hər biri yükü çiyinlərində daşımağı bacarmalıdır. Milli Məclisdə də hər zaman bildirmişəm ki, elə etməliyik ki, parlament hakimiyyətlə əhali arasında olan funksiyasını bilsin, bir növ körpü rolunu oynasın, əhalinin problemlərini yuxarıya çatdırsın, problemlər həllini tapsın, əhali ilə daim kontaktları olsun, xaricdən gələn basqılara qarşı güclü müqavimət qura bilsin.
Amma onu da qeyd edək ki, Azərbaycan nümayəndə heyəti xaricdə ölkəmizi layiqincə təmsil edir. Onu deyim ki, prinsip etibarı ilə parlamentin simasını dəyişməliyik. Qanunverici orqan çiyinlərində daha çox yük götürməyi bacarmalıdır. Bütün deputatlar haqqında mənfi fikir demək mümkün deyil. İşlərinə məsuliyyətsiz yanaşan deputatların zəif olmaları ilə bağlı fikirləri, eləcə də ictimaiyyətdən gələn qınağı başa düşmək olar”.


YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov passiv deputat anlayışını qəbul etmir: “Deputatın vəzifələrinin önündə qanun yaradıcılığı gəlir, bu yaradıcılıqda iştirak etməkdir. Digər tərəfdən, Milli Məclis və komitə iclaslarında iştirak etməkdir. Parlamentin iclaslarında danışmaq bir hissədir. Bu, aktivlik əlaməti deyil. Seçicilərlə daha çox görüşlər keçirmək də aktivlik sayıla bilməz. Mətbuata müsahibə verməyi, telekanallarda çıxış etməyi də aktivlik kimi qəbul etmək düzgün deyil. Bunlar deputatın fəaliyyətinin, sadəcə, ayrı-ayrı hissələridir. Desək ki, filan deputat mətbuatda çıxış etmir, telekanala çıxmır, passivdir, düzgün olmazdı. Bu deputat Milli Məclisdə çıxış etmir, passivdir yanaşması qeyri-obyektiv olar. Sizi inandırıram ki, elə üzdə olmayan deputatlarımız var ki, çox böyük işlər görürlər, verilən tapşırıqları yüksək səviyyədə icra edirlər. Heç vaxt özlərini reklam da etmirlər. Gördükləri işləri özləri üçün vicdan borcu sayırlar”.

Deputat mətbuata səsləndi: “Etiraf edək ki, hazırda peşəkar jurnalistlərin sayı barmaqla sayılacaq qədər azdır. Bunu bir neçə dəfə KİV-lərlə bağlı keçirilən tədbirlərdə çıxışım zamanı demişəm. Deputatlara mətbuat sensasiya mənbəyi kimi baxır. Müsahibə götürürlər, müsahibənin mahiyyəti bir tərəfdə qalır, deputat ağzından dəqiq bir ifadə çıxarmırsa, vəssalam, onu başlığa çıxarırlar, bundan sensasiya düzəldirlər. Mən də jurnalistəm. Deputatın yol getdiyi zaman, yaxud başqa vacib işləri olduğu vaxt zənglərə cavab verə bilməməyi təbiidir. Mövzu ilə yaxından tanış olmadığı üçün uyğunsuz verilən cavab da təbii qarşılanmalıdır. Amma jurnalistlər belə etmirlər, bir şeydən yapışırlar, sonra deyirlər ki, deputatlar bizimlə əməkdaşlıq etmirlər. Axı əməkdaşlıq təmiz niyyətlə olsa, bu tamam başqa şeydir. Mən çox məhdud televiziya kanallarına çıxıram. Yəni məni oradakı verilişlər, aparıcılar qane etmir. Çox məhdud miqdarda sayt və qəzetlə əməkdaşlıq edirəm. Niyə? Çünki baxıram ki, onlar mənə həmkar kimi yanaşırlar, digər tərəfdən, fikirlərimi necə bir dəqiqliklə verdiklərini görürəm. O sayt və qəzetlə, jurnalistlə əməkdaşlıq edirəm ki, nəinki dediklərimi, bəzən fikirlərimi də redaktə edirlər. Əgər deputatla jurnalist arasında belə əməkdaşlıq olsa, heç bir deputat mətbuatdan qaçmaz, jurnalistin sualını cavabsız qoymaz. Bəzən deputatlar təzə seçilirlər. Mətbuatla əməkdaşlıqları olmur. Mətbuat belə şəxslərə xeyirxah mövqedən yanaşmalıdır. Bir növ həmin deputata mətbuata danışmağı öyrətməlidir. Amma bunu təəssüf ki, görmürəm. Deputatların fəaliyyətinin zəif olması, onların yenilənməsi ilə bağlı fikirlərdən təəssüf hissi keçirirəm. Bu, xoş niyyətlə ortalığa atılmayan fikirdir. Bunu Azərbaycana qarşı qərəzli olan qüvvələrin dövriyyəyə buraxdığı fikir sayıram. Burada Milli Məclisin də nüfuzdan salınması məsələsi gedir. Biz artıq qəzetdə rublika açmışıq. Deputatlardan başqa aspektdə müsahibə alıb işıqlandırmağa başlamışıq. Şahidi olmuşuq ki, deputatlarımız elə-belə şəxslər deyillər. Hər biri öz sahəsinin bilicisidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed