Şrift:
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib
02.02.2019 [10:36] - Gündəm, Siyasət
Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib.

Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan edib. Sonra dövlət himni səsləndirilib.

Gündəliyin təsdiqindən sonra sədr deyib ki, parlament yaz sessiyasında da dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasətə uyğun olaraq quruculuq işlərinin hüquqi bazasını təmin etmək üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək. Yaz sessiyasında parlamentdə hökumətin və insan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın hesabatları dinləniləcək, digər vacib sənədlərin müzakirəsi keçiriləcək.

Sonra gündəlikdə məsələlər müzakirə edilib. Əvvəlcə Milli Məclisin hesablayıcı və intizam komissiyalarının yenidən təşkil edilməsi haqqında parlamentin qərarları müzakirəyə çıxarılıb. Oqtay Əsədov bildirib ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, intizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə qaldırılıb. Komissiyanın tərkibinə deputatlardan Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kərimzadə və Fəzail İbrahimli də daxil edilib, Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb. Hesablayıcı komissiyasının tərkibi isə dəyişməyib, əvvəlki sədr və üzvlər olduğu kimi saxlanılır. Hər iki qərar ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Sonra parlamentin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planına baxılıb. Bildirilib ki, qanunvericilik işləri planına “Azərbaycan Respublikasının Dövlət Gerbinin və Dövlət Himninin istifadəsi qaydaları haqqında”, “Peşə bilikləri haqqında”, “Sosial sifarişlər haqqında”, “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Texniki tənzimləmə haqqında”, “Standartlaşdırma haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Ümumi təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Yazılı abidələr haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” kimi çox mühüm qanun layihələri, bəzi qanunlarda dəyişikliklər edilməsi barədə sənədlər daxil edilib. Həmçinin Azərbaycan Prezidentinin, deputatların, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüs qaydasında təqdim etdiyi qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.

Deputatlar fikirlərini bildirəndən, təkliflərini səsləndirəndən sonra qanunvericilik işləri planı səsə qoyularaq təsdiqlənib.

“Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” qanun layihəsinə əsasən Məlahət İbrahimqızı hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Şahin İsmayılov isə gənclər və idman komitəsinin sədr müavinləri seçiliblər. Sənədlər səsvermə yolu ilə təsdiqlənib.

Sonra mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında” və “Türk Akademiyasının maliyyə qaydaları haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini təqdim edib. Sənədlər səsə qoyularaq yekdilliklə qəbul edilib.

Daha sonra Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihələrini təqdim edib. Bildirilib ki, qanun layihələri texniki xarakterlidir və uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, 2018-ci il iyunun 12-də “Sərhəd qoşunları haqqında” Qanunda çoxsaylı dəyişiklik edilib. Eyni zamanda, həmin dəyişikliklər əsasında “sərhəd qoşunları” ifadəsi “sərhəd mühafizə orqanları” ifadəsi ilə əvəz edilib. Bundan irəli gələrək “Sərhəd qoşunları haqqında” sənəd “Sərhəd mühafizə orqanları haqqında” qanun adlandırılıb. Bu sənədlər də səsvermə yolu ilə qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məlumatında bildirib ki, bu sənədlərin 2-ci maddələrinə yeni redaksiyada keçid müddəalarının əlavə edilməsi nəzərdə tutulur. Hər iki sənəd səsə qoyularaq məqsədəuyğun sayılıb.

Sonra Ziyad Səmədzadə Mənzil Məcəlləsində edilən dəyişiklikləri diqqətə çatdırıb. Qeyd olunub ki, son illər ölkəmizdə mənzil qanunvericiliyinin, çoxmənzilli binaların idarə olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, vətəndaşlara daha keyfiyyətli və müasir tələblərə uyğun kommunal xidmətlərin göstərilməsi sahəsində tələblər həyata keçirilir. Mənzil Fondu ilə bağlı olan belə məsələlərin dövlət nəzarəti üzrə yeni qaydalarının müəyyən olunması zərurəti yaranıb. Sənədə təklif olunan dəyişikliklər bu məqsədlə hazırlanıb, bu sahədə nəzarətin və idarəçiliyin gücləndirilməsinə xidmət edəcək. Qanun səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələyə edilən texniki xarakterli dəyişikliyi şərh edib. Sənəd səsə qoyularaq qəbul edilib.

“İnzibati icraat haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə bağlı məlumatında Əli Hüseynli bildirib ki, sənəddə inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həllini tənzimləmək məqsədilə dəyişikliklər təklif edilib. Belə mübahisələrin həlledilmə qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti) tərəfindən müəyyən edilməsi layihədə əksini tapıb. Sənəd səsə qoyularaq yekdilliklə təsdiqlənib.

Əli Hüseynli gündəlikdəki “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanunla bağlı məlumat verib. Qeyd olunub ki, sənədə edilən 1.2-1-ci əlavədə deyilir ki, doğum haqqında şəhadətnamə ilə birlikdə ilk dəfə verilən fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs də müraciət edə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda da həmin qanuna uyğunlaşdırmaq məqsədilə düzəlişlər aparılıb. Bu sənədlər də ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Ailə, qadın, uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Ailə Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti ilə bağlı bildirdi ki, dəyişikliklər doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədini daşıyır. Sənəd səsə qoyularaq təsdiq edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Ticarət Gəmiçiliyi Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin şərhində bildirdi ki, sənəd “gəminin üzgüçülüyə yararlılığı haqqında şəhadətnamə”nin əsas gəmi sənədləri siyahısından çıxarılmasını və bununla bağlı dəyişiklikləri nəzərdə tutur. Sənəd səsə qoyularaq təsdiqlənib.

Ziyafət Əsgərov “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda edilən dəyişiklikləri diqqətə çatdıraraq bildirib ki, qanuna əlavə edilən yeni maddə hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan kişi cinsli vətəndaşların yaşayış və olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalarını nəzərdə tutur. Bu vətəndaşlar qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə həmin qurumlara gəlməli və lazımi sənədlərini təqdim etməlidirlər. Qeyd olunub ki, dəyişiklik vaxta qənaət etmək, vətəndaş məmnunluğunu yüksəltmək, dövlət idarəçiliyində səmərəliliyi artırmaq üçündür. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

Ziyad Səmədzadə Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsində edilən əlavələrin dənizçinin şəxsiyyət vəsiqəsinin qaydasında təkmilləşdirilməsi, sənədlərin verilməsi, zəruri məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi imkanlarının yaradılması qaydaları ilə bağlı olduğunu bildirib. Sənəd səsə qoyularaq təsdiqlənib.

Komitə sədri “Qiymətli kağızlar bazarı haqqında”, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “İxrac nəzarəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlərə edilən dəyişiklikləri də diqqətə çatdırıb. Bu sənədlər də səsvermə yolu ilə təsdiqlənib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində və “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədlə bağlı məlumatında bildirib ki, ölkəmiz “Yol hərəkəti haqqında” Vyana Konvensiyasına qoşulub. Dəyişikliklər sürücülük vəsiqələrindəki məlumatların və alt kateqoriyaların beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlıdır. Bu sənədlərdəki dəyişikliklər “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə 2018-ci il 31 may tarixli 1172-VQD nömrəli qanunun icrası məqsədilə hazırlanıb. Sənəd müzakirələrdən sonra səsvermə yolu ilə təsdiq edilib.

Sonra Əli Hüseynli Şəhərsalma və Tikinti Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, həmçinin “Reklam haqqında” Qanuna birinci oxunuşda dəyişikliklər edilməsi barədə sənədləri birlikdə şərh edib. Qeyd olunub ki, təklif edilən dəyişikliklər reklam qurğularının tikintisinə, quraşdırılmasına və konstruktiv dəyişikliklərin edilməsinə icazənin verilməsi prosedurunun sadələşdirilməsi qaydalarını müəyyən edir. Bu sənədlər də səsvermə yolu ilə təsdiq edilib.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov birinci oxunuşda “Kitabxana işi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, təklif olunan dəyişiklik kitabxanaların elektron sistemə keçirilməsi məqsədilə hazırlanıb Bu, indiyədək bu sahədə mövcud olan pərakəndəliklərin qarşısını alacaq və kitabxana resurslarının bir mənbədən idarə olunmasına xidmət edəcək. Sənəd səsə qoyularaq təsdiqlənib.

Sonra komitə sədri “Kütləvi informasiya vasitələri haqqında” və “Nəşriyyat işi haqqında” qanunlarda edilən dəyişikliklərin də eynilə “Kitabxana işi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunda olduğu kimi kitabxanaların elektron sistemə keçirilməsi ilə bağlı olduğunu vurğulayıb. Bu sənədlər də məqsədəuyğun sayılıb. Rafael Hüseynov “Milli arxiv fondu haqqında” Qanunda edilən dəyişikliklərin “Dövlət sirri haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıdığını deyib. Sənəd təsdiq edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Əmək və Cəzaların İcrası Məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrini birinci oxunuşda təqdim edib. Bildirilib ki, Əmək Məcəlləsinin 3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “mərkəzləşdirilmiş” sözü əlavə edilir. Bundan başqa, sənədin 14-cü maddəsinə “əmək münasibətləri sahəsində elektron xidmətləri elektron informasiya sistemi vasitəsilə həyata keçirir” məzmunlu dördüncü abzas əlavə edilir. Qeyd olunub ki, Cəzaların İcrası Məcəlləsinin 90-cı maddəsi də yeni redaksiyada təklif edilir. Komitə sədri dəyişikliklərin münasibətlərin elektronlaşdırılması, həbsdə olan insanların pensiya təminatının asanlaşdırılması ilə bağlı olduğu vurğulayıb. Hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Sonra Hadi Rəcəblinin təqdimatında gündəlikdəki “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlərə edilən texniki xarakterli dəyişikliklərə baxılıb. Sənədlər səsvermə yolu ilə təsdiqlənib.

Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklikləri birinci oxunuşda təqdim edib. Bildirilib ki, sənəd Azərbaycan Əqli Mülkiyyət Agentliyi tərəfindən göstərilən dövlət rüsumu ilə bağlı nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin dövlət rüsumlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Komitə sədri gündəlikdəki digər iki məsələdə - “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Patent haqqında” qanunlarda birinci oxunuşda nəzərdə tutulan dəyişikliklərin də eyni məqsədlə edildiyini diqqətə çatdırıb. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Bununla da Milli Məclis işini başa çatdırıb.
Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed