Şrift:
Həkimə Əhmədinin qeyri-müəyyən vəziyyətdə saxlanması davam edir
04.02.2019 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal xanım Həkimə Əhmədi 3 aydan çoxdur ki, qeyri-müəyyən vəziyyətdə saxlanılır.

O 2018-ci il oktyabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Mərənd Şəhər Ettelaat İdarəsinin təcridxanasına aparılıb.

Təhlükəsizlik qüvvələri xanım H.Əhmədinin evinə girdikdən sonra onun həyat yoldaşını silahla təhdid edərək evdə qanunsuz axtarış aparıb və heç bir açıqlama vermədən onu saxlayıblar.

“Herana” agentliyinin yaydığı məlumata görə, məhkəmə fəalın saxlanmasının 4-cü ayında “Sepah”ın təhlükəsizlik bölümü tərəfindən araşdırılan dosyenin təkmilləşdirilməsi bəhanəsi ilə onun azadlığa buraxılması haqda vəsiqə qərarı çıxarmaqdan imtina edir. Dosyenin təkmilləşməməsinə baxmayaraq ona “milli təhlükəsizliyə pozmağa cəhd göstərmək” və “qanunsuz qrup və dəstələr yaratmaq” ittihamları ilə üzləşdiyi bildirilib.

İşgəncələr altında saxlanılan H.Əhmədinin qabırğa və barmaqları ağır xəsarət alıb. O oktyabrın 30-da xəstəxanaya aparılıb və noyabrın 2-də saxlandığı təcridxanaya qaytarılıb.

H.Əhmədinin həyat yoldaşı mühəndis Qulamrza Qurbani noyabr ayında bir video yayaraq təcridxanadakı işgəncələrə görə xanımının qabırğalarının qırıldığı və barmaqlarının yaralandığını bildirmişdir. O qeyd etmişdir ki, təhlükəsizlik qüvvələri onunla əlaqə saxlayaraq həyat yoldaşının müalicə xərcini ödəməli olduğunu bildiriblər. Onlar H.Əhmədinin hansı xəstəxanaya aparıldığını bildirməyib və onunla görüşməyin qadağan olduğunu deyiblər.

Həkimə Əhmədi Mərənd şəhərinin fəallarından biri kimi ana dilində təhsil hüququ ilə əlaqədar fəaliyyət göstərir. İki uşaq anası olan fəalın sosiologiya üzrə yüksək lisansı var. O bundan əvvəl də mədəni fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 553 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed