Şrift:
Anası prezidentə müraciət edən Hüseyn Abdullayev bağışlana bilərmi
04.02.2019 [13:34] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
2018-ci il aprelin 22-də Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva Prezident İlham Əliyevə müraciət edib. Z.Abdullayeva ahıl yaşda olduğunu və oğlunun səhhətindəki problemləri nəzərə alaraq onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyi dövlət başçısından xahiş edib.

Qeyd edək ki, “Quska” ləqəbli Hüseyn Abdullayev 2007-ci ildə - deputat olarkən parlamentdə qalmaqal yaradaraq, deputat Fəzail Ağamalı ilə əlbəyaxa dalaşmışdı. Buna görə həbs edildi, bir müddət sonra əfv olundu. Daha sonra isə Avropaya mühacirət etdi, orada Azərbaycan iqtidarı əleyhinə fəaliyyətə başladı. Həmçinin, onun iqtisadi cinayətləri də aşkarlandı.

O, ötən ilin aprelində Türkiyədə həbs edilərək. Azərbaycana gətirildi. Hazırda Bakı İstintaq Təcridxanasındadır, barəsində açılan cinayət işi üzrə istintaq davam edir. Ötən həftə isə xəbər yayıldı ki, Hüseyn Abdullayev təcridxanada aclıq aksiyası keçirir. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda xəbərdə deyilir ki, Hüseyn Abdullayev beynəlxalq təşkilatlardan Azərbaycan hökümətinə daxil olan sorğulara doğru cavabların verilmədiyini iddia edir və buna etiraz olaraq aclıq aksiyası keçirir. Həmin gün də onun anasının əfv müraciəti yayıldı.

Sabiq deputat Hüseyn Abdullayevin anasının müraciətinə onun eks həmkarları Fəzail Ağamalı və Fərəc Quliyevin münasibətlərini öyrəndik.

Fəzail Ağamalı: “Şəxsi münasibətlərdə hər hansı bir məqam olsaydı, onu bağışlamaq olardı”

Deputat Fəzail Ağamalı deyir ki, 11 il əvvəl parlamentdəki məlum davadan sonra Hüseyn Abdullayevin bir daha əvvəlki mövqeyinə qayıtmayacağını düşünüb. Amma sonra görüb ki, vəziyyət dəyişməyib: “Düşünürdüm ki, o, bağışlandıqdan sonra, necə ki, məhkəmə zalında hər kəsdən, o cümlədən məndən də üzr istədi, səhvini etiraf elədi, bundan sonra davranışları dəyişəcək. Ancaq oradan çıxandan sonra öz ampluasında qaldı, fəaliyyətini xoşagəlməz müstəvi üzərində qurdu və davam elədi. Burada ola bilsin ki, şəxsi münasibətlərdə hər hansı bir məqam olsaydı, onu bağışlamaq olardı”.

Fəzail Ağamalı deyir ki, hazırda durum fərqlidir: “Söhbət ümummilli maraqlardan gedirsə, dövlətin maraqlarından irəli gəlirsə, bu baxımdan hər bir Azərbaycan vətəndaşı harada olmasından asılı olmayaraq vətəninə, dövlətinə xidmət etməyə borclu olmalıdır. Bu mənim dəyişməyən mövqeyimdir. O, Avropada olanda sosial şəbəkələrdə ayrı-ayrı açıqlamalarına baxırdıq. Görürüdük ki, düz yolda deyil, ayrı-ayrı adamları hədələyirdi, qeyri-qanuni fəaliyyətdə bulunurdu. Bəlli olduğu kimi qanunsuz əməllərinə görə barəsində cinayət işi başlanıb. Anası vaxtilə də mənə müraciət eləmişdi. Bağışlanmasını xahiş etmişdi. Mən də ona hörmətlə yanaşaraq bir ana kimi başa düşdüm. Mən də valideynəm, ata kimi onu başa düşdüm və Hüseyn Abdullayevi bağışladım. Gərək bundan nəticə çıxaraydı. İndi anasının balasına ürəyi yanır, oğlu kimdir, nəçidir fərq etmir, ana anadır. Ancaq anası vaxtilə ona gərək imkan verməzdi ki, bu qanunsuz əməllərlə məşğul olsun. Bildiyim qədər anasının sözünə baxan adamdır. Bilmirəm, bundan sonrası hüquq mühafizə orqanlarının işidir, onun törətdiyi əməllərə qiymət vermək də məhkəmənin işidir. Onun bağışlanıb-bağışlanmamağı haqda fikirlər məhkəməyə təsir kimi qiymətləndirilə bilər. Hüquq mühafizə orqanlarının obyektivliyinə inanıram. Kim qanunu pozursa, qanun qarşısında cavab verməlidir”.

Fərəc Quliyev: “Bu dəfə Hüseyn Abdullayevin vəziyyəti daha qəlizdir”

Deputat Fərəc Quliyev isə Hüseyn Abdullayevin anasının əfv diləyinə dövlət başçısı tərəfindən qiymət verilməli olduğunu deyir: “Özüm məhbəsdə olmuşam, Allah bütün məhbusların qapısını açsın. Amma əfv birbaşa prezidentin iradəsindən asılı məsələdir. Bir dəfə ona güzəşt elədilər. Çox təəssüflər olsun ki, o, qanunsuz əməllərini dayandırmadı. Hesab edirəm ki, bu dəfə çox çətin ki, güzəşt olunar. Birinci dəfə güzəştdən sonra xaricdən ölkəmizə qarşı söyüş kampaniya aparıldı, hesab edirəm ki, bu dəfə Hüseyn Abdullayevin vəziyyəti daha qəlizdir”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed