Şrift:
Evin zindanında saxlanılan azərbaycanlı fəal Kazım Səfabəxşin ailəsi onun vəziyyətindən nigarandır
08.02.2019 [09:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxşin (Koroğlu) ailəsi onun sağlamlığı və hansı şəraitdə saxlanmasından nigarandır.

“Tehran Traxturçuları”nın lideri kimi tanınan Kazım Koroğlu noyabrın 21-də Təbrizin “Traxtur” futbol komandası ilə “Perspolis”in Tehranda keçirilən görüşü ərəfəsində axşam saatlarında saxlanılıb.

Fəalın yaxınlarından biri GünAz TV-yə bildirib ki, ona ailəsi və yaxınları ilə görüşmək icazəsi verilmir, o yalnız bir neçə həftədə bir dəfə ailəsi ilə qısa telefon əlaqəsi saxlayır.

Həmin mənbənin verdiyi məlumata görə, səhaliyyətli şəxslər dəfələrlə fəalın vəsiqə qarşılığında sərbəst buraxılacağı barədə vəd verib, lakin verilən vədlər yerinə yetirilməyib.

O əlavə edib ki, Kazım Koroğlunun ailəsi bu vəziyyətdən çox narahat və nigarandır, onlar övladlarının sağlamlığı haqqında xəbər tuta bilmir.

Bu günədək azərbaycanlı fəalın nədə günahlandırıldığı barədə heç bir açıqlama verilməyib.

Bundan əvvəl azərbaycanlı fəallar Kazım Koroğlunun azadlığa buraxılması tələbi ilə Tehranda bildirişlər yayıb və “Traxtur” görüşlərində plakatlar nümayiş etdiriblər.

Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars irqçilərinin dəstək verdiyi əsas komandalardır. İranda qeyri-fars millətləri, xüsusi ilə də türklər bu komandalara qarşı xüsusi həssaslıq göstərir. “Perspolis” və “İstiqlal” komandaları ilə görüş “Traxtur” və onun tərəfdarları üçün ən prinsipial yarış hesab olunur. Kazım Koroğlunun məhz “Traxtur”la “Perspolis”in görüşü ərəfəsində saxlanması xüsusi diqqət çəkir.

Kazım Koroğlu Güney Azərbaycanın Meşginşəhr şəhərindəndir, lakin son vaxtlar Tehranda işləyir. O “Traxtur” komandasının Tehranda keçirdiyi görüşlərdə komanda tərəfdarları arasında xüsusi rol oynayır. Fəal bundan əvvəl də mədəni fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed