Şrift:
Vətəndaşlara ödənişsiz hüquqi məsləhətlərin verilməsi davam edir
15.02.2019 [10:33] - Hüquq
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq hüquq şöbəsi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə çərçivəsində vətəndaşlara ödənişsiz hüquqi məsləhətlərin verilməsi davam edir.

Layihənin əlaqələndiricisi Samir Osmanlı bildirib ki, 2018-ci ildə 3726 nəfər müraciət edib. Onların 55 faizi (2055 nəfər) kişilər, 45 faizi (1671 nəfər) qadınlardan ibarət olub. Müraciətlərin əksəriyyəti nikahın pozulması, aliment, uşağın kimin himayəsində qalması kimi məsələlərlə bağlı olub.

Cari ilin ilk iki ayı ərzində isə hüquqi yardım almaq üçün layihəyə 778 nəfər (384 nəfər kişi, 394 nəfər qadın ) müraciət edib. Müraciətlər daha çox əmlak hüququ ilə bağlı olub.

Layihə çərçivəsində 2018-ci ilin oktyabr ayından etibarən regionlarda yaşayan hədəf qruplarına pulsuz hüquqi yardım göstərmək üçün görüşlər keçirilib. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində olan 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzində (Hacıqabul, Şüvəlan, İsmayıllı, Qəbələ, Goranboy, Göygöl, Zərdab, Ağdam, Zaqatala, Saatlı, Sabirabad) görüşlər təşkil edilib və hüquqi yardım xidmətləri göstərilib.

Xatırladaq ki, hüquqi yardım xidmətlərinin göstərilməsi üzrə layihə 2018-ci ilin mart ayından həyata keçirilir. Layihənin məqsədi hüquqi yardıma ehtiyacı olan həssas qrup vətəndaşlara, xüsusilə qadınlar, yetkinlik yaşına çatmayanlar, qaçqın və məcburi köçkünlər, milli azlıqlar, aztəminatlı ailələr üçün ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi, habelə əhalinin maarifləndirilməsi üçün hüququn müxtəlif sahələri üzrə məlumat xarakterli broşürlərin hazırlanmasından ibarətdir. Vətəndaşlara ailə, inzibati, əmək, əmlak, borc, miras, təqaüd, sosial yardım, istehlakçı hüquqları, cinayət və s. sahələrdə yaranan problemlərə dair məsləhətlər verilir.

Hüquqi yardım vətəndaşların birbaşa hüquqi yardım mərkəzində qəbulu, telefon, elektron poçt və “facebook” sosial şəbəkəsində sualların cavablandırılması ilə icra olunur.

Əlaqə telefonu (+99412 )539 58 06

Email:legalaid@human.science.az

Ünvan: AZ1073, Azərbaycan, Bakı şəhəri, H.Cavid pr., 125 (AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu)
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed