Şrift:
Azərbaycan dördüncü dəfə bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edəcək
15.02.2019 [11:24] - İdman
Mayda Bakı ilk dəfə gimnastikanın 2 növü üzrə birgə Avropa çempionatına ev sahibliyi edəcək. Belə ki, bu il bədii və aerobika gimnastikası üzrə qitə birinciliklərinin təşkili məhz Azərbaycan Gimnastika Federasiyasına (AGF) həvalə olunub.

Mayın 16-da Milli Gimnastika Arenasında 4-cü dəfə (2007-ci, 2009-cu, 2014-cü, 2019-cu il) paytaxtımızda təşkil olunan bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək.

Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışın ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə start veriləcək. Ertəsi gün yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Otuz beşinci Avropa çempionatının üçüncü günündə komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Turnirin sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastları müəyyənləşəcək.

Qeyd edək ki, çempionatda iştirak edəcək ölkələrin ilkin siyahısı fevralın ortalarında, gimnastların adlarının qeyd olunduğu siyahı isə apreldə açıqlanacaq.
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed