Şrift:
Sumqayıt teatrı balacalar üçün yeni səhnə əsəri hazırlayıb
16.02.2019 [10:38] - Xəbərlər, Gənclik, Mədəniyyət
Sumqayıt Dövlət Dram Teatrı (SDDT) 50-ci yubiley mövsümündə bir çox uğurlu layihələr gerçəkləşdirməklə bərabər, fərqli janrda, yeni, maarifləndirici, müxtəlif kontingenti əhatə edən tamaşaların repertuara əlavə olunmasına həssaslıqla yanaşır.

Sənət ocağının direktoru, Əməkdar artist Mübariz Həmidov müsahibəsində deyib ki, cari mövsümdə daha çox axşam tamaşaları ilə şəhər sakinlərinin görüşünə gələn teatr, nəhayət azyaşlı tamaşaçıların maraqla izləyə biləcəyi, təhsil almanın vacibliyinin, valideynlərin övladlarına dəstək olaraq onları bu yöndə motivasiya etmələrinin asan, anlaşıqlı dillə və dialoqlarla vurğulandığı bir tamaşanı təhvil verib.

O, fevralın 15-də quruluşçu rejissoru Vasif Məmmədov olan “Danışan gəlincik” nağıl-tamaşaya baxış keçirildiyini qeyd edib.

Vurğulayıb ki, tərbiyəvi əhəmiyyət kəsb edən səhnə əsərində Əməkdar artist Növrəstə Həşimova, aktyorlar İlham Səfərli, Şəms Abdullayeva, Vəfa Qurbanova, İradə Zeynalova, Aynur Hümbətova, Firuzə Şərifova, Elmir Mehdiyev, Cavanşir Eyyubzadə və Şəmistan Süleymanlı çıxış edəcək.

M.Həmidov əlavə edib ki, tamaşanı izlədikdən sonra müzakirə keçirilib. O, yaxın günlərdə tamaşanın premyerasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 52 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed