Şrift:
“Sepah” və “Hizbullah” Cənubi Amerikada narko ticarətini daha da gücləndirir
19.02.2019 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının “Hizbullah”ın Cənubi Amerikada ən böyük maliyyə dəstəkçisi adlandırdığı Əsəd Əhməd Bərəkət 2018-ci ilin sentyabr ayında Braziliyanın Paraqvay və Argentina ilə sərhədində yerləşən turistik bölgədə həbs olunmuşdu.

Əsəd Əhməd Bərəkət Braziliyada tutulmazdan əvvəl Paraqvayda saxta şəxsiyyət vəsiqəsinə görə axtarışda olmuş və bundan öncə də vergidən yayındığına görə 6 il həbs edilmişdi. Braziliya hökuməti onu Argentina ilə sərhəddə yerləşən İquasu şəlaləsinə yaxın bölgədə qumarxana vasitəsi ilə Hizbullahın xeyrinə 10 milyon dollarlıq pul yuma əməliyyatı həyata keçirməkdə ittiham edir. O, hazırda Braziliyanın Foz do İquasu şəhərində yerləşən istintaq təcridxanasında saxlanılır.

Amerika uzun müddətdir ki, Braziliya, Paraqvay və Argentinanın sərhəd üçbucağında Hizbullahın qanunsuz fəaliyyət göstərdiyini bildirir. Amerikanın Maliyyə Nazirliyi 2006-cı ildə Əsəd Əhməd Bərəkətini “dünya səviyyəli terrorist” adlandırmış və onu Braziliya, Paraqvay və Argentinanın sərhəd üçbucağında Hizbullah terror təşkilatını maliyyələşdirmək üçün qanunsuz fəaliyyət göstərən şəxslər siyahısına salaraq, bu şəxsin dərhal həbs edilməsi və ABŞ-a göndərilməsini istəmişdi.

Uzun müddətdir ki, Livanın Hizbullah təşkilatının Cənubi Amerika ölkələrində qanunsuz narkotik ticarəti ilə məşğul olduğu barədə məlumatlar yayılıb. Hizbullahın bu ölkələrdə saxtığı narkotik maddələrin bir hissəsi də qanunsuz yolla Amerika Birləşmiş Ştatlarına daxil olur. Bu ticarətdən əldən edilən böyük gəlirlərin bir hissəsi də Hizbullaha bu ticarətdə kömək edən “Sepah”a, yəni İrana verilir.

Paraqvay da daxil olmaqla, bir çox Cənubi Amerika ölkələrində normal vergi sisteminin mövcud olmaması və bu ölkələrin beynəlxalq maliyyə qanunlarına tabe olmaması “Hizbullah” və “Sepah” kimi narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olan təşkilat və ölkələrin orada fəaliyyət göstərməsinə əlverişli şərait yaradıb. Bununla belə, bu ölkələrin beynəlxalq qanunlara tabe olması istiqamətində yenidən səylərin başladılması gözlənilir. Bu ölkələrin minimum şəffaf maliyyə qanunları və sistemlərə tabe olmasının ən çox “Hizbullah” və “Sepah”a zərər verəcəyi gözlənilir.

Digər tərəfdən, Paraqvay rəsmiləri Hizbullahın ölkələrinə qarşı yaratdığı mümkün təhdidləri nəzərdə saxlamağa və təşkilatın buradakı fəaliyyətini azaltmağa çalışırlar. Bunun əksinə olaraq, Amerika bu təhdidi daha ciddi qəbul edir. Baxmayaraq ki, Amerikanın Cənubi Amerikadakı diplomatik nümayəndəliklərindəki əksər vəzifələr boş qalıb, bu yaxınlarda rəsmi Vaşinqton “Hizbullah”ın yaratdığı təhlükələrlə mübarizə aparmaq üçün özünün ən peşəkar və təcrübəli diplomatlardan birini Paraqvaya elçi kimi göndərib.

Paraqvayda vegidən yayınma ən böyük problemlərdən biri hesab edildiyindən, bu ölkə beynəlxalq şəffaflıq standartları siyahısında 180 ölkə içərisində 130-cu yerdə qərarlaşıb. İran İslam İnqilabı Korpusu (Sepah) və “Hizbullah” da Amerikanın sanksiyaları səbəbindən İranın gəlirlərinin azalmasını kompensasiya etmək üçün hazırda bu cür “əlverişli” ölkələrdə narkotik ticarətlərini və pul yuma əməliyyatlarını genişləndirməkdədirlər.

Bu günlərdə İranda Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Konvensiyasına (FATF) qoşulmaqla bağlı müzakirələr gedir. “Sepah” və Əli Xamneyi başda olmaqla, onlara yaxın rəsmilər bu layihəyə qarşıdırlar.
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed