Şrift:
XİN: Ermənistan rəsmilərinin bu kimi bəyanatları ucuz təbliğat xarakteri daşıyır
27.02.2019 [10:15] - Siyasət
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ermənistan müdafiə nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibə ilə bağlı açıqlama yayıb.

Açıqlamada Ermənistan rəsmilərinin bu kimi ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmağın mümkün olmadığı bildirilir. Qeyd edilir ki, Ermənistan nazirinin fikri 1990-cı illərin əvvəllərində başı daxili çəkişmələrə qarışan və bu fürsətdən istifadə edərək torpaqlarını zəbt etdikləri Azərbaycanın müstəqilliyinin ilk illərinə getməsin. Bu gün Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqları azad etmək əzmində və iqtidarında olan vətənpərvər Silahlı Qüvvələrə sahibdir. Azərbaycanın güclü iqtisadiyyatı, uğurlu daxili və xarici siyasəti onu bölgədə danılmaz liderə çevirib.

Ermənistan müdafiə nazirinin ölkəsinin 27 il öncə işğal etdiyi Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinin soyqırımının ildönümü günü Ermənistanın hücum silahları alması ilə əlaqədar bəyanatla çıxış etməsi bu ölkənin açıq təcavüzkar siyasətinin bariz göstəricisidir. Xatırlatmaq istərdik ki, 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, məhz Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrina qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutması məlum Aprel hadisələrinin baş verməsinə gətirib.

Erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir.
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed