Şrift:
Azərbaycan PA-dan Minsk Qrupu əleyhinə görünməmiş əsaslı ittihama böyük dəstək reaksiyaları var
28.02.2019 [12:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Neçə ildir həmsədrlərin bu məsələdə riyakarlığı ortadadır”

Fərəc Quliyev: “Bununla, birmənalı şəkildə, təcavüzkar müdafiə olunur və bu cür mövqe qəbuledilməzdir”

Ötən 27 il ərzində Minsk Qrupunun həmsədr ölkələri münaqişənin ədalətli həlli üçün Ermənistana qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar. Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Əli Həsənəv haqlı olaraq ATƏT-in Minsk Qrupunu ikili standartlarda ittiham edib. Onun sözlərinə görə, münaqişənin nizama salınması üçün aparılan danışıqlarda Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir: “Digər tərəfdən isə, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir. Bununla yanaşı, keçən 27 il ərzində ATƏT çərçivəsində yaradılan Minsk Qrupu və bu qrupa həmsədrlik edən dövlətlər “ikili standartlar” prinsipindən çıxış edərək, münaqişənin ədalətli həll olunması üçün Ermənistana qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar. Buna baxmayaraq, Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir. Bu da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın ilk növbədə sülh variantına üstünlük verdiyinə sübutdur”.
Həqiqətən də həmsədrlər işğalçı tərəfə danışıqlarda konstruktiv addım atmaqla heç bir təzyiq göstərmirlər. Halbuki, bu yöndə təzyiq olsaydı, Dağlıq Qarabağ münaqişəsinin həlli bu qədər uzanmazdı. Nə Minsk Qrupu, nə də həmsədr dövlətlər işğalçı Ermənistana təzyiq göstərmək istəmirlər. O baxımdan Minsk Qrupu və bu qrupa həmsədrlik edən dövlətlər, faktiki olaraq, “ikili standartlar” prinsipindən çıxış edirlər.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Fərəc Quliyevin sözlərinə görə, neçə illərdir həmsədrlərin bu məsələdə riyakarlığı ortadadır: “Artıq neçə ildir bu ədalətsiz yanaşma ortadadır. Söhbət ondan gedir ki, artıq neçə ildir birtərəfli qaydada, faktiki olaraq, işğalçı tərəf müdafiə olunur. Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var və hər birində göstərilir ki, Azərbaycan əraziləri işğal olunub. O cümlədən, qeyd olunub ki, işğala son qoyulmalıdır. Əslində, BMT nizamnaməsinin 7-ci bəndi və 48-ci paraqrafına görə, bununla əlaqədar dərhal Ermənistana sanksiyalar tətbiq edilməlidir. Ya hərbi, ya da iqtisadi sanksiyalar Ermənistana tətbiq edilməlidir. Ancaq bunların heç biri işğalçı dövlətə tətbiq edilməyib. ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlər (Türkiyə xaric) birmənalı olaraq Ermənistanla əlaqələr saxlayırlar. Sanki Ermənistan bu işğalı həyata keçirməyib. Ən azından, bu dövlətlər gərək Ermənistana qarşı müəyyən tədbirlər görməli idilər. Həmsədr dövlətlərin heç biri Ermənistana təzyiq göstərmir. Bununla, birmənalı şəkildə, təcavüzkar müdafiə olunur və bu cür mövqe qəbuledilməzdir. Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfinin göstərdiyi bütün etirazlar yenə də cavabsız qalacaq. Həmsədrlərə bundan sonra da inamım yoxdur. Ona görə də biz işğalçı tərəfə ərazilərin boşaldılması üçün vaxt verməliyik. Ermənistan buna əməl etməyəcəksə, o zaman əlimizdə olan BMT qətnamələrini əsas götürərək dərhal hərbi əməliyyatlara başlamaq lazımdır. Avropa təsisatlarının riyakarlığı ortadadır. ATƏT-in Minsk Qrupuna da heç bir güman yoxdur. Otuz ildir gedib-gəlirlər, amma ortada heç nə yoxdur”.

Vidadi ORDAHALLI
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed