Şrift:
MISKIN ABDAL (HÜSEYN) POETİKASI
04.03.2019 [12:34] - Gündəm, DAVAMın yazıları
NƏZƏRİ YANAŞMA


Şeiriyyət haqqında ilk nəzəri məsələləri üç min əvvəl qədim yunan alimi Aristotel elm olaraq formalaşdırmışdır. Aristotel “Poetika” əsərində “metr” (ölçü-heca sayı), “fabula” (bədii lövhə-hadisə, əşyanın təsviri), “ritm” (söz musiqisi-alliterasiya, assonas), “janr” (növ), “təqlid” (təşbeh, metafora və s.) terminləri ilə yunan şeiriyyətinə elmi-fəlsəfi münasibət bildirmişdir. Bu nəzəri baxımdan yanaşsaq, Miskin Abdal yaradıcılığında özünəməxsus ədəbi məktəb, tərz, üsul, bədii sözlər, ifadələr, emosionallıq, obrazlılıq vardır.
Bədii söz ilkin sadə ana laylasından başlamış inkişafda mürəkkəb forma və məzmunla yaradıcı insanlar tərəfindən ədəbi məktəblər, ədəbi cərəyanlar çərçivəsində bəşəriyyətin söz xəzinəsinə təqdim olunmuşdur. Miskin Abdala qədərki bədii söz yaradıcılığı müxtəlif musiqi alətlərinin hiss və duyğulara təsirindən meydana gəlmişdir: Miskin Abdal yaradıcılığı isə insan hiss və duyğularını daha çox vəcdə gətirən, emosiyaları coşduran saz çalğı alətinin sədaları ilə bağlıdır.
Abdalşünaslığın ilkin tədqiqatçısı görkəmli filoloq alim H. İsmayılov tədqiqatlarında Miskin Abdalı böyük Türkün övladı, böyük Türk kamalının vurğunu kimi adlarla səciyyələndirib diqqəti çəkərək göstərmişdir ki, Şəriətin şərtlərindən (iman, elm, namaz, zəkat, həcc, cahad, sünnət, şəfqət və s.) təriqətin təmizlənmələr, təblər, vəhylər aləminə aparan ən müşkül və çətin yolunda Miskin Abdal «şeir və musiqini» real praktik vasitə kimi götürmüş, nəfsi paklaşan insanın yeni bir məqama – sidq və səmimiyyət zirvəsinə qoyacağı qədəmin məhz Saz və Sözün ilhamı, vəcdi, katarsisi ilə mümkün olacağını görmüşdür: «Türkün qopuz havaları çölləmə idi, qəlibsiz idi, Oğuz söyləmələrinin uyarına, ahənginə çalınırdı. Saz isə ritmik idi, vəzn, ahəng, təqt-rəvanlıq tələb edirdi. Miskin Abdal türk-at-saz-söz-ritm-avaz»ı birliyinin möhtəşəm gücünü görmüşdür, sözün fəlsəfi mahiyyəti ilə musiqinin ritmik vədətini birləşdirmişdir.
Miskin Abdalın oğlu Şadmanın nəslinin tanınmış nümayəndəsi, şair, publisist, jurnalist, tədqiqatçı folklorşünas Tofiq Hüseynzadənin (1946-2006) 2005-ci ildə Bakı şəhərində nəşr olunmuş «Səfəvilərin böyük övliyası Miskin Abdal», həmçinin onun 2018-ci ildə nəşr olunmuş 3 cildlik «Xəyal cığırı» şeirlər kitabına daxil edilmiş, 2005-2006-cı illərdə qələmə aldığı «Miskin Abdal -Qeyb Ərəni, Təsəvvüf Piri» elmi-tədqiqat əsəri və digər əsaslı elmi-tarixi mənbələrdə ətraflı və dəqiq məlumatlar verilmişdir. Tofiq Hüseynzadə əsərləri ilə bədii ədəbiyyat tarixinə də dəyərli töhfələr təqdim etmişdir.
Miskin Abdal şeiriyyətinə nəzəri yanaşmalarla elmi təhlillərdən sonra folklorşünas alimlərimizin elmi tədqiqatları ilə bağlı TOFİQ HÜSEYNZADƏNİN «MİSKİN ABDAL –QEYB ƏRƏNİ, TƏSƏVVÜF PİRİ» əsərindən seçmələr də kitabda qeyd olunacaq.

MİSKİN ABDAL YARADICILIĞINDA YENİ BƏDİİ TƏFƏKKÜR FORMALARI HAQQINDA

Dövlətçilik tariximizdə xüsusi yeri olan və Səfəvi dövlətinin qurulmasında mübariz ideoloqlardan biri Miskin Abdal (Hüseyn) olmuşdur. Bundan əlavə, bu məfkurəni sona yetirən filosof şair, dahi mütəffəkir Miskin Abdal (Hüseyn) aşıq poeziyasında müstəsna rolu olan bədii təfəkkür məktəbi yaratmışdır. Həmin məktəb aşıq poeziyasında ustad sənətkarlar yetişdirmişdir. Bu məktəbin ucalığında birinci Dirili Aşıq Qurbani, sonra isə Aşıq Alı və s. sənətkarları görürük. Miskin Abdal şeirdə orijinal bədii təsvir və ifadə vasitələri yaratmış, ondan sonra gələn aşıqlar, şairlər həmin bədii məcazlardan geniş istifadə etmişlər. Miskin Abdalın bu kitabda verilən, poeziyaya gətirdiyi yeni şeir formalarının bir neçəsinin adlarını qeyd edirik: Aşıq yaradılıcılığında ilk qoşma təcnis: “El ata”; müxəmməs növü: ”Bilmərəm”; gəraylılar: ”Düşərsən” və. s. Qoşma növü: “Dağlar” və s.; Hz.Əlinin şəninə ilk dəfə deyilən aşıq şeir nümunəsi: “Ya Əli” kimi rədiflər sonralar sənətkarlar tərəfindən davam etdirilmişdir. Ərəb əlifbası (Quran əlifbası olduğu üçün) əsasında ilk dəfə işlədilən sufi-fəlsəfi “Əlif-Lam”şeirini sonralar yaradıcı aşıqlar təkrar etsələr də, bu mövzunun fəlsəfəsini Miskin Abdal kimi tam, bitkin verə bilməmişlər. “Olmaz” rədifini Miskin Abdaldan sonra yaradıcı aşıqlar öz şeirləri sırasında nəzirə kimi çox işlətmişlər.
Miskin Abdal poetikasında özündən əvvəlki: Ozan İbrahim, Ozan Heydər kimi el sənətkarlarının da təsirini görürük. Miskin Abdal həmin deyimlərdən qaynaq-lanmaqla bədii deyimə sufu-fəlsəfi yön vermişdir.

BİLİR ZƏVVAR

(son əldə olunan şeir)

Canım indi altıdadı, 1

Yeddiyə də vədəsi var. 2

Yeddidən başladım yolu, 3

Altıda tutmuşam qərar. 4



Pənci-əla zatı beşəm, 5

Qeybi- məkana yetmişəm. 6

Haqdan səda eşitmişəm, 7

Cismim beşdə qalıb naçar. 8



Miskin Abdal etməz təkvir, 9

İzin yoxsa, açammaz sir. 10

Hər əmələ mizan-tədbir 11

Olacaqdı, bilir zəvvar. 12.



1.Məkanımız altı müstəvinin-sol-sağ, üst-alt, ön-arxa –kubun içində olması, öləndən sonra ...

2. ruhumuzun yeddinci müstəviyə keçməsi....

3.Qurani Kərimin I surəsinin yeddidən başlayıb axıra-davamı...

4.114-cü surəsinin altı ayə olmasına işarə edilir...

5.Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn –beşliyə aid nəsldənəm.

6.ruhlar aləmində olmuşam...

7.Allahdan bilgilər eşitmişəm...

8.beş duyğu–görmək, eşitmək, dad bilmək, iy bilmək, hiss etmək

9.təkvir-əksinə getməz...

10. Allahdan icazə olmasa, sirr aça bilməz...

11.hər əməlin o dünyada cəzası...

12.Əzrail (Zəvvar) can alandan sonra İnkir-Minkirin insanı əməlinə görə cənnət-cəhənnəmə aparması.

Bu şeir sual-cavabsız olduğu üçün “bağlama-qıfılbınd” sayılmır, lakin deyimlərin açılması tələbinə görə “bağlama” elmi izaha ehtiyacı var. Bundan əlavə, nəzəri quruluşu isə bədii təsvir vasitələrinə görə məcazlar olaraq aşağıdakı qaydadaır: “Canım indi altıdadı, Yeddiyə də vədəsi var” misraları metonimiyalardır (ad dəyişmə): yəni məkanımız-dünya “altı” sözü ilə, gedəcəyimiz o dünya “yeddi” sözü ilə əvəz olunur. İkinci bənddə:“Pənci-əla zatı beşəm” misrasında “peyğəmbər nəsli-möminlər” sözü “zatı beş” metonimiyası ilə əvəz olunur. “Cismim beşdə qalıb naçar” misrasında “beşdə” sözü də beş duyğunu əvəz edərək metonimiya məcazı kimi ad dəyişmədir. Sonuncu bənddə də məcaz –bədii təsvir vasitəsi “Zəvvar” metonimiyası vardır, yəni əcəl karvanının sarvanı-zəvvarı-Əzrayıl olduğu nəzərdə tutulur. Əzrayıl həm də mələk kimi nəzərə çarpır.

Aşağıdakı “Dağlar” şeiri gəraylı olaraq Miskin Abdalın gəncliyində ata-ana tərəfindən verilən (Hüseyn) adı ilə, yəni təxəllüsü olmayan ad ilə dediyi şeirlərdən, bizə gəlib çatan iki (“Dağlar”,”İmam Rza”) şeirdən biridir. Bu şeir bəlkə də ədəbiyyat tarixində dağlara aid ilkin şeirdir və “həsrət üzər” idiomundan savayı bədii təsvir vasitəsi olmayan estetik-bədii təfəkkür, nəzm növüdür. Şeirdə təbiət gözəlliyini əks etdirən epitet lövhələr: “Süsən-sünbül, bənövşəli, allı-güllü bizim dağlar.”, sevgilisinə qovuşmaq üçün mübariz gənclər: “İgidlərin çapar gəzər, yar yolunda dərdə dözər.” kimi emosional məqamlar təxəyyülə xüsusi bir qüvvət verir; “gəzər”, “dözər”... qafiyəli sözlər isə alliterasiya yönlü harmoniya yaradır.

DAĞLAR

Süsən-sünbül, bənövşəli,

Allı-güllü bizim dağlar.

Toy-düyündə, şenniklərdə,

Elatda var izim, dağlar.



İgidlərin çapar gəzər,

Yar yolunda dərdə dözər.

Sevənləri həsrət üzər, -

Cəfadı bu, dözüm, dağlar.



Hüseynin də bir yarı var,

Buta verən yolun açar,

Gərçi uzaq məkan, diyar,

El-obalar gəzim, dağlar.

Aşağıdakı “Dünya səndə nəyim qaldı?” gəraylıda təşbehlər: “tari-mardır" “zəhri-mardır”, "Günüm-gecəm ahu-zardır”, “Ərşə bülənd oldu ahım”, metonimiyalar: “Qövr eləyir söz sinəmdə”, “Qayaları sökdürərdim”, “Zərdən saray tikdirərdim”, “Yağıları çökdürərdim” məcazları şeirin epik-lirik mövzusuna daxil edilmişdir. Şeirin texnikası və janrı baxımından gəraylı növü olmaqla (səkkizhecalı) həmqafiyə sözlərlə ritm, alliterasiyalı estetik deyimlərdir. Bu şeirin forma və məzmunu Miskin Abdaldan əvvəlki ozan saz-söz məclislərində ozanlarin söylədikləri bədii deyimlərdən gəlmədir. Şeirin orijinallığı misraların vahid heca ölçülərində və bəndlərin sonunda həmqafiyə sözlərin olmasıdır. Əvvəlki ozan deyimlərində bəzən ölçülər müxtəlif, qafiyələr də fərqlidir. Bu gəraylıda hər bəndin sonunda rədif yerində saxlanmış və şeirdə estetik harmoniya nəzmin emosiyasını gücləndirmişdir. Gəraylının quruluşu demək olar ki, saz havasında ifa olunmaq üçün alliterasiya şəraiti yaradır.

DÜNYA SƏNDƏ NƏYİM QALDI

Eşit, deyim, dünya səndə

Ayım, ilim, yazım qaldı.

Qövr eləyir söz sinəmdə,

Dil-dil ötən sazım qaldı.



Yar sevmişdim, yarım getdi,

Var yığmışdım, varım getdi,

Eşqim, etibarım getdi,

Ahım, ünüm, sızım qaldı.


Qayaları sökdürərdim,

Zərdən saray tikdirərdim,

Yağıları çökdürərdim,

Məndən təpər, dözüm qaldı.



Ərşə-gürşə bəlli əslim,

Yaradana ollam təslim,

Adla-sanla olan nəslim,

Bir oğlum, bir qızım qaldı.



Hər nə varsa hədər imiş,

Hər şey gəldi-gedər imiş,

Ölüm yaman betər imiş,

Yol-ərkanım, izim qaldı.



Şadman könlüm tari-mardır,

Şanda balım zəhri-mardır,

Günüm-gecəm ahu-zardır,

Şirin-şirin sözüm qaldı.



Yaşayan kim, ölən kimdir,

Ağlayan kim, gülən kimdir,

Gedən gedir, gələn kimdir,

Nə mizrabım, nə sim qaldı.



Yoxdur daha Şahənşahım,

Ərşə bülənd oldu ahım,

Adım, sanım, qibləgahım,

Haqq çağıran səsim qaldı.



Telli saza mizrab vurdum,

Məclislərdə dastan qurdum,

Neçə-neçə aşıq yordum,

Sözüm düzüm-düzüm qaldı.



Bir şəcərəm, bir kəşkülüm,

Gur ocağım, odum, külüm,

Yığın-yığın varım, mülküm,

Al-qumaşım, bezim qaldı.



Dünya puçdu, puçdu dünya,

Dünya heçdi, heçdi dünya,

Abdal, yaman keçdi dünya,

Yaşamaqda gözüm qaldı.

Aşağıdakı “Qocalıram” gəraylısında məcazlar: “Əriyir yaş, (metonimiya-zaman keçir) qocalıram.”, “Heyf, ömrüm (getdi bada-frazeoloji birləşmə-idiom)”, “Əlim çatmır dosta, yada (idiomlar) Sözüm (keçmir-idiom-təsir etmir) arvada da,”, “Bişməyir aş (semantika-işlər düz gəlmir) qocalıram.”, “Zimistandır hər gələn yaz,” (əzablı günlərin adı-zimistan-metonimiya), Pərvazlanmır qol-qanadım,” (idiom-frazeoloji söz birləşməsi), “Qayaları oynadardım” (metonimiya), “Tərpənmir daş (semantikası-gücdən düşmək) , qocalıram.” Burada orijinal məcaz “Bişməyir aş (semantika-işlər düz gəlmir) qocalıram.” Miskin Abdalın təxəyyülündən gələndir. Gəraylıda müəllif əsasən ömürün fiziki-mənəvi durumundan bəhs edir. İnsan da bir bioloji varlıq kimi zaman-məkan arasında əvvələ, sona məhkumdur.

QOCALIRAM

Ay dolanır, il ötüşür,

Yavaş-yavaş qocalıram.

Cavanlığım yada düşür,

Əriyir yaş, qocalıram. –metonimiya…



Nə qədər həmdəmim vardı,

İndi mənlə qalan yardı.

Şəvə kimi telim vardı,

Çallaşır baş, qocalıram.



Heyf, ömrüm getdi bada, -metafora…

Əlim çatmır dosta, yada, -metafora…

Sözüm ’’keçmir” arvada da, -metafora...

Bişməyir aş, qocalıram.



Zimistandır hər gələn yaz, -mettafora…

Dünya uzun, ömür nə az,

Dilimdə söz, əlimdə saz,

Gözümdə yaş qocalıram.



Miskin Abdal – bəlli adım,

Pərvazlanmır qol-qanadım, -metonimiya…

Qayaları oynadardım, -metonimiya…

Tərpənmir daş, qocalıram. -metonimiya…

Aşağıdakı “Nədi?” gəraylısı demək olar ki, bütövlükdə məcazlardan ibarətdir. Burada şeirin obrazı abstrak-xəyali görünür. Şeirin semantikasına diqqət etdikdə isə güley-güzarın Səfəvi dövləti tarixində baş verən əyintili hadisə ilə bağlılığı düşünülür. Güman yaranır ki, “Çaldıran” döyüşünə işarədir…Şeirdə məcazlarla obraz yaradılması müəllif tərəfindən olan yenilikdir. Ədəbi yaradıcılıqda bu məzmunlu gəraylı Şah İsmayıl Xətai tərəfindən davam etdirilmişdir:

NƏDİ?

Tərs düşüb fələyin işi,

Lil basan arxdımı, nədi?-təşbeh-bənzətmə əlaməti.

Fani dünyanın gərdişi,

Dolanan çarxdımı, nədi?-təşbeh-bənzətmə əlaməti.



Qalanıb küfrün kürəsi, -metonimiya...

Odlanır gözün görəsi, -metafora…

Tutulub yanı- yörəsi, -metafora…

Bir bilən yoxdumu, nədi?



Miskin Abdal, işin xata,

Ünün gedib ərşə çata, -mübaliğə-dərdin böyüklüyü.

On iki ay müdam yata, -metafora.

Görəsən baxtdımı, nədi? -bədii sual.

Miskin Abdalın “Nədir” sufi şeiri kimi Şah İsmayıl Xətainin “Nəzər eylə” gəraylısı da semantikadan ibarətdir və saf sufi insan obrazının nümunəsidir.Təsəvvüf fəlsəfi anlamında olan mənəvi-psixoloji məqamlar şeirin əsasən məntiqi, hikmətidir. Şeirdəişlənən yeganə məcaz: “Əyri yola meyil atma,” metaforasıdır.

NƏZƏR EYLƏ

Arif, gəl bəri, gəl bəri,

Gəl, könülə nəzər eylə.

Göz görür, qulaq eşidir,

Söylə dilə, nəzər eylə.



Sufisənsə, alıb-satma,

Halala haramı qatma,

Əyri yola meyil atma, -metafora…

Doğru yola nəzər eylə.



Xətai aydır:-Ya qanı!..

O alar verdiyi canı.

Əvvəl kəndi kəndin tanı,

Sonra elə nəzər eylə.

Yuxarıda Miskin Abdalın gəraylı şeirlərində dediyi məcazlar-bədii təsvir vasitələri və ifadələri aşağıdakı “Dönər” gəraylısında da bəzən təkrar olunur və ya əlavələr edilir. Nəzəri cəlb edən xüsusiyyət isə “səkkizlik” şeirlərin texnikası, qafiyəsi tam qəlibində yerləşdirilir və Miskin Abdala qədərki deyimlərdən əvvəlkilərdə: “a, a, a, b...”dən fərqli olaraq mükəmməl bir formaya salınır: “a, b, s, b... a, a, a, b...” .

DÖNƏR

Vətən deyib ağlayanın, -a

Göz yaşları selə dönər. - b

Axıb gedər gecə-gündüz, -s

Bir məkanda gölə dönər. -b



Yolu yorğun dağ aşanın,-a

Axırı yox şöhrət-şanın, -a

Qürbət eldə yaşayanın, -a

Bir həftəsi ilə dönər. -b



Bir yandadır hay-haraylar, -a

Bir yandadır sonsuz vaylar, -a

Çil-çıraqlı çox saraylar, -a

Yanıb-yanıb külə dönər. -b



Mayasıdır Haqqdan halal, -a

Hər kəlməsi sirli sual, -a

Qərib olan Miskin Abdal, -a

Bəlkə, bir gün elə dönər. -b

Aşağıda iki gəraylı: “Başın”, “Düşərsən” şeirləri didaktika kimi, yəni xitablarda nəsihət, hikmət olaraq işlədilən ifadələr məcazla və ibrətlə olan ustad sözləridir. Mənəvi tərbiyədə didaktikanın rolu böyükdür.

BAŞIN

Namərd ilə yoldaş olma,

Uzun ağrı çəkər başın,

Halallıqla ərsəyə çat,

Daş qalalar sökər başın. -metafora -çətinliklərə qalib gəlmək…



Xain çıxma Yaradana, -asi düşmək...

Qibləgahdır ata-ana. -təşbeh-bənzətmə…

Arxalanma bəyə, xana,

Qoy sağ olsun nökər başın.



Haqdan istə bəxtı-iqbal,

Yaradanı yadına sal,

Söz gövhərdir, Miskin Abdal, -təşbeh…

Saxla, dürdür, tökər başın. -metafora…

“Söz gövhərdir, dürdür” epitet təşbehlər kimi folklordan gələmə məcazlardır və müəllif şeirin emosionallığını artırmaq üçün estetik məqamdan istifadə etmişdir.
Qeyd etdiyimiz kimi, aşağıdakı “Düşərsən” gəraylısı da didaktika olmaqla əsasən ibrətli hadisələr əsasında bədii lövhələrlə təqdim edilmişdir. Şeirdəki Iki məcaz da folklordan gəlmədir: “Yaz gününü eyləyər qış, Qəfil kəməndə düşərsən”. Didaktikada el məsəlləri hikmətli sözlər kimi ictimai anlaqlı olur.

DÜŞƏRSƏN

İnsan oğlu, kələk qurma,

Kələyə, fəndə düşərsən. -metonimiya…

Nahaq yerə üzə durma,

Zülmündən anda düşərsən.- metonimiya…



Hər adamla olma tanış,

Yaz gününü eyləyər qış. –metonimiya…

Fikir eylə, sonra danış,

Qəfil kəməndə düşərsən. – metonimiya…



Miskin Abdal, xəbərdar ol,

Yoldaşına düz ilqar ol,

Yaman günə şükürdar ol,

Dönüb, hasanda düşərsən. -metonimiya…



ARDI VAR
--
Niftali Goyceli
Bu xəbər oxucular tərəfindən 126 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed