Şrift:
Zərdab bölgəsinin orta əsrlər dövrü arxeoloji abidələrinə həsr edilmiş əsər nəşr olunub
06.03.2019 [09:38] - Gündəm, Bildiriş, DAVAMın yazıları
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Oğuz-Qax arxeoloji ekspedisiyasının rəhbəri Taleh Əliyevin “Zərdab orta əsrlərdə” (Bakı, 2018, “Elm və təhsil”, 144 s.) adlı monoqrafiyası nəşr edilib. Tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev elmi-tədqiqat əsərini 8 oktyabr 1992-ci ildə Ağdərə bölgəsindəki Çıldıran yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş zərdablı şəhid Babək İsmayılovun xatirəsinə itham etmişdir.

Elmi-tədqiqat əsəri Azərbaycanın erkən və klassik orta əsrlər tarixinin tərkib hissəsi olaraq Qafqaz Albaniyasının Əcəri vilayətinin, Şirvanşahlar dövlətinin və Şirvan bəylərbəyliyinin Kür sahili ərazilərini, Şirvan xanlığının Qarasubasar və Xançoban mahallarını əhatə edən Zərdab rayonunun tarixi-arxeoloji abidələrinə həsr edilmişdir. Əsərdə bölgənin orta əsr şəhər və kənd tipli yaşayış yerləri, müxtəlif çeşidli abidələri barədə geniş məlumat öz əksini tapmışdır.

Monoqrafiya üç fəsildən ibarətdir. İlk fəsildə Zərdab ərazisinin orta əsrlər dövrü üzrə yaşayış yerlərinin, ikinci fəsildə qəbir abidələri və dini-memorial tikililərin, sonuncu fəsildə isə, qeyd olunan abidələrdə aparılan arxeoloji tədqiqat işləri nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələrinin təsnifatı aparılmış, orta əsrlərdə bölgənin mədəni səviyyəsini göstərən sənətkarlıq sahələrindən bəhs edilmişdir. Əsərdə, həmçinin, müəyyən etnoqrafik məlumatlar da yer almışdır.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 14 noyabr 2018-ci il tarixli 11 saylı iclasının qərarı ilə çapa məsləhət bilinmiş və nəşri İnstitut tərəfindən maliyyələşdirilən monoqrafiyanın elmi redaktoru tarix üzrə elmlər doktoru Qafar Cəbiyev, elmi rəyçilər tarix üzrə elmlər doktoru, professor Arif Məmmədov və tarix üzrə fəlsəfə doktoru Əlibaba Babayevdir.

Əsər orta əsrlər dövrü və İslam arxeologiyası üzrə ixtisaslaşan arxeoloqlar, tarixçilər, etnoloqlar, həmçinin, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun

İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed