Şrift:
MİSKİN ABDAL POETİKASI. IV YAZI (əvvəli üçüncüdə)
12.03.2019 [11:36] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Aşağıdakı “Pir idi” qoşması epik-lirik formada deyimlərdən ibarətdir. Şeirdə zəngin bədii təsvir və ifadə vasitələri işlədilmişdir.

PİR İDİ
Asta gedən bu gözəllər sultanı,
Yerişindən məlum olur huridi. -təşbeh…
Deyin, bəsdir, mənim xəstə canımı, -inversiya…
Siyah zülfün zəncirində sürüdü. -metafora…

Şah hüsnünün sütunundan asıldım, -metafora…
Çıldır-çıldır dörd məqama yazıldım,
Hicran ləşkərinə endim, basıldım, -təşbeh…
Yan-yörəmi qurdlar-quşlar bürüdü.

Seyraquba yıxıldımı görən nər? -bədii sual
Aşıq sınsa sin axtarar, gor enər, -sin-qəbir-metonimiya…
Belə dedi bu çağımı görənlər:
’’Miskin Abdal bir zamanlar pir idi”. -təşbeh…

Aşağıdakı “Ağlaram” qoşması minor notlarla kədər üstündə deyimdir. Ehtimal ki, bu qoşma da “Çaldıran” döyüşündən sonra deyilmişdir.Bu şeirdə də Miskin Abdal dostu Şeyx Heydərin 1488-ci ildə xəyanətlə həlakından sonra kiçik yaşlı İsmayılı Göyçədə Ağdamar qalasında düşmənlərdən gizlədib qoruması və böyüdüb Səfəvi dövlətinin taxtına əyləşdirməsi hadisəsindən sonrakı əzablı günlər yad olunur. Miskin Abdal Səfəvi sufi ideoloqu kimi sonuncu mürşid idi ki, Səfəvi dövləti-Bütöv Azərbaycan dövlətinin qurulması ideyasını həyata keçirmişdi. “Çaldıran” məğlubiyyəti Miskin Abdala ömrünün sonuna kimi rahatlıq verməmişdir və bu narahatlıqlara ardıcıl olaraq şeirlərində büruzə verir.

AĞLARAM
Dostu-mehribanım, yetiş dadıma,
Səndən qeyri yox imdadım, ağlaram!
Ah çəkib, dağlara salaram səda,
Qohum gəlməz, gülər yadım, ağlaram!

Dəstində Zülfüqar, Düldülə süvar,
Məhsəril-əcayib, bir adı Kərrar,-Həz. Əli-metonimiya...
Müşkülə düşmüşəm, könlüm intizar,
Sən gəlməsən, ey ustadım, ağlaram!

Salma nəzərindən, salma ilahim,
Dar gündə köməyim, püştü-pənahım,
Ərşə bülənd olub fəryadı-ahım, -mübaliğə…
Abdaldı, Miskindi adım, ağlaram!

Aşağıdakı qoşma Qurani-Kərimin “Bismillah!” Sözünün “Əlif-Lam” hərfi ilə, Allahın adı ilə başlamasına işarədir. “doxsan min kəlam.” (metonimiya) –Qurani-Kərimdəki sözlərin cəminə aiddir. Şeirdə hərflərlə bağlı Qurani-Kərimin hikmətləri və ibrətləri semantik üsulla verilir və sonuncu bənddə Miskin Abdal ərəb əlifbası əsasında öz bioqrafiyası haqqında məlumat bildirir. Bu şeirin məzmununu açmaq üçün Qurani-Kərimin ayələrini oxuyub geniş anlayış əldə etmək olar. Miskin Abdalın “Əlif-Lam” şeirindən sonara bir neçə söz sənətkarları da oxşar şeirlər yazmışlar. Həmin şeirlərin bədii təsvir və ifadə vasitələri Miskin Abdalın deyimləri kimi də işlədilmişdir. “Əlif –Lam” Quran-Kərimin birinci şifrəsidir.

ƏLİF-LAM
Təmiz əkilmişəm, pak doğulmuşam,
Atadan-anadan lütfi-halalam.
Dərsimi Haqq verib, ağdan almışam,
Dilimdə əzbərdir doxsan min kəlam. -metonim…

Qafdan qərar tapmış, kafdan kainat,
İsmi feyli-hərfi olmuş əsli-zat,
Veydən bəna tutub, kaf-nundan nicat,
Yeydən bişərikdi, bişərikdi lam.

Əlifdən əladı, alidən ali,
Cimdən dücahandı böyük cəlalı,
Mimdən mehribandı məddi-məalı,
Nun – hər vaxt zəmini xəlq edib tamam.

Sin şükrü sənalar, vov vahid ismə,
Hey həlim, rey rəhmi acı yel əsmə,
Zey zəlil bəndədən, sin nəzər kəsmə,
Sat sahib ixtiyar, mən həqir qulam.

Ocaqzadə bir təb əhli nökərəm,
Kuyində qələndər, sinə dəftərəm,
Mimnən Məhəmmədəm, cimnən Cəfərəm,
Ləqəbi çox olan Miskin Abdalam.

Aşağıda “Qocalıq” qoşmasında müəlif qocalıq dövrünün fiziki zəifliklərini bir növ yumoristik yanaşmada orijinal məcazlar vasitəsi ilə təsvir edir:

QOCALIQ
Hardan gəldi-getdi ömür, bilmədim,
Baxdım ki, qapını döydü qocalıq. -metafora…
Bir kərə ürəkdən deyib-gülmədim,
Qəddimi kaman tək əydi qocalıq. -təşbeh…

Ümidim, pənahım qadir Allahım,
Dar gündə hoy edən var qibləgahım,
Pakam, Tanrım bilir yoxdu günahım,
Ağlayan, sızlayan neydi qocalıq. -metonimiya…

Şaha baş əyməzdim, şeşpər atardım,
Sultanlar yurdunda at oynadardım, -mübaliğə…
Namərdi bazarda qul tək satardım, -təşbeh…
Bilməm niyə gəldi, nəydi qocalıq? -bədii sual…

Ötübdü hay-hayım, qalıb vay-vayım,
Sananır dillərdə hər günüm, ayım,
Oxum əldən çıxıb, sökülüb yayım, -təşbeh…
Deməz Miskin Abdal, yeydi qocalıq.-metonimiya…

Aşağıdakı “Dönərmi” qoşmasında Miskin Abdal dövlət işləri ilə bağlı, diplomatik fəaliyyətlə əlaqədar aylarla Dağıstanda, Osmanlı ərazilərində olarkən doğma yurdu Göyçə mahalından uzaq düşdüyü zaman darıxdığı anları nəzmlə bəyan etmişdir. Qoşmada olan bədii təsvir və ifadələr folklor dilindən götürülmüş sözlərdir.

DÖNƏRMİ
Qadir Allah, əlim əldən uzaqdır,
Yazıq könlüm görən indi dinərmi?
Vaxt yetişib, ömürdə qış-sazaqdır, -təşbeh…
Şahin könlüm yuvasına enərmi? -bədii sual…

Elim qalıb neçə dağlar dalında,
Qismətim var yazılıbsa alında,
Gedəcəyəm, ayaq qalsa yalın da,
Pir igidin çırağı da sönərmi? -bədii sual…

Miskin Abdal hanı zərdən libasın?
İnsan olan unudarmı obasın? -bədii suallar…
Yada salıb ulu-ulu babasın,
Axır günü Göyçəsinə dönərmi?

Aşağıdakı “Dolanar” qoşmasında müəllif Göyçə dağlarında marallar olduğu barədə məlumat verir. Lakin XIX-XX əsrdə bir çox çöl heyvanlarının müharibələr nəticəsində nəsli kəsilmişdir. Belə vəziyyət daha çox Səfəvi dövlətinin zəifləməsi, süqutu dönəmində ərazidə gedən qanlı müharibələr nəticəsində meydana gəlmişdir. Ordunu ərzaqla təmin etmək üçün marallar ov edilmişdir.Mənim xatırladığım, son dövrlərdə-1960-cı illərdə Göyçə gölünün sahillərində dalğaların, bəzən ləpələrin suyun dərinliklərindən vurub sahilə çıxardığı iri maral buynuzlarına da rast gəlmək olurdu. Həmin buynuz sümüklərini dağ çaylarına qovuşan yağış sel-suları ərazilərdən axıdıb gətirmişlər və dağ çayları da öz növbəsində gölün sularına qovuşması ilə buynuzlar göl hövzəsində qalmışdır.Buynuzlar yüz illər suda qalmaqla tam çürüməsə də, pendir kimi əllə oxalanırdılar.

DOLANIR
’’Şişpilləkən” dağların şah dağıdır, -təşbeh…
Maralları neçə başı* dolanar, - ərazi mənasında…
Quldur-qaçaq bu yerlərə yağıdır,
Fürsət güdər, dağı-daşı dolanar.

Ətəyində durna gözlü gölü var,
Zirvəsində dərilməmiş gülü var,
Yağılara basılmayan eli var,
Yazda yazı, qışda qışı dolanar.

Torpaqları zər yükünə yüklənib, -təşbeh…
Könül sazı”Şahsevən”ə köklənib, -təşbeh…
Karvanları uzaq səmtə diklənib,
Nagah-nagah burda naşı dolanır.

Basılmazdır hər igidi, ərəni,
Biri saxlar neçə bəndi, bərəni,
Baxıb, görsə dağda çiçək dərəni,
Ürəyində can ataşı dolanar. –idiom…

Doğmaları bu torpağa yad olmaz,
Qəriblərin dəhanında dad olmaz,
Qürbət eldə Miskin Abdal şad olmaz,
Gözlərində kədər yaşı dolanar. –idiom…

Aşağıdakı “Qocaldım” qoşmasında müəllif ömür yaşının yüzü keçdiyini və fiziki zəifliyi dilə gətirir: “silkələyir baxt məni,” kimi metafora, məcazlarl, emosiayalar şeirə bədii təsir gücü verir.

QOCALDIM
Yaman yerdə yaxalayıb vaxt məni,
Hey desəm də qocalmaram, qocaldım,
Yüzü keçib, silkələyir baxt məni,
Nə olsun ki, pirəm, nuram, qocaldım.

Seyyid mənəm, pay paylayan dərvişəm,
Namərdlərin xatasını görmüşəm,
İsmətimdən bir məbədgah hörmüşəm, -metonimiya…
Sızıldayır qanlı yaram, qocaldım.

Miskin Abdal yolu Haqqın yoludur,
Ömrüm Tanrı dərgahının quludur,
Adım, sanım, halallığım uludur,
Etməmişəm bircə haram, qocaldım.

Aşağıdakı “Nökərəm” qoşmasının axırıncı bəndi sufi-fəlsəfi məqamının təqdimi ilə sona yetir: Haqq yolunda mən bir qulam, nökərəm.”. “nökərəm”-ad dəyişməsi-metonimiya.

NÖKƏRƏM
Qadir Allah qismət etdi cəfanı,
Gecə-gündüz qəm kotanı çəkərəm, -metonimiya…
Elə bildim, qopdu Nuhun tufanı,
Bəxt şumuna dərd-sərimi əkərəm. -metonimiya…

Kəsilməzdi əllərimin səxası,
Zərdən idi köynəyimin yaxası, -təşbeh
Sınaqlıdır abidlərin çuxası,
Başım ilə daş qalalar sökərəm. -təşbeh

Qürbət eldə yanar ömür sürənlər,
Yasa batdı bu halımı görənlər,
Yada düşsə igid ərlər, ərənlər,
Göz yaşımı sel yerinə tökərəm.

Həsrət qaldım Göyçə kimi elimə,
Əl uzatdım, əl çatmadı əlimə,
Əslim, zatım manşır olub aləmə,
Evlər yıxmaz, müdam evlər tikərəm. -idomlar…

Miskin Abdal, çox ağlayıb, sıxtama,
Başa vurdum nə düşübsə baxtıma,
Ömür keçib, nə qalıb ki, vaxtıma,
Haqq yolunda mən bir qulam, nökərəm. –meto…

Aşağıdakı “Ağlaram” qoşması da “Çaldıran” döyüşünün faciəli sonluğunun xatırlanmasıdır. 1500-cü ildən 1514-cü ilə kimi böyük Səfəvi dövlətinin qurulması yolunda döyüşlərdə zəfərlər qazanan Səfəvi ordusunun məğlubiyyəti kədərlə anılır. “Çaldıran” döyüşündə Səfəvi ordusunun cəngavər sərkərdələri, yenilməz ər döyüşçüləri qeyri-bərabər, sayca üç dəfə çox olan düşmənlə döyüşdə qəhrəmanlıqla həlak olmaları yad edilir. İki müsəlman dövlətin türk insanları və qardaş xalqları üz-üzə ölüm-dirim savaşı şeirin semantikasını təşkil edir.

AĞLARAM
Sultanlar əyləşdi təriz taxtında,
Aralığa şəmşir endi, ağlaram! -metonimiya…
Məkas fəqan etdi dərya üzündə,
Yelkəni tərsinə döndü, ağlaram! -təşbeh…

Nökər olan qulluq edər xanına,
Məşuqlar susadı aşiq qanına, -metafora…
Cəbrayıl yetişdi Haqq məqamına,
Alışdı şahpəri, yandı, ağlaram!

Ya Rəbb, görən, kimlər yetər dadıma,
Həsrət qaldım ocağıma, oduma.
Miskinəm, ərənlər düşdü yadıma,
Didəm yaşı selə döndü, ağlaram! – təşbeh…

Aşağıda “Ayaq üstədir” təcnisini Miskin Abdal “Çaldıran” döyüşü ərəfəsində Şah İsmayıl Xətainin döyüşə bir gün qalmış ova getmək fikirinə qarşı demişdir. Lakin Şah müharibədə üstünlüyünü düşünüb, Osmanlı ordusunu yenəcəyinə arxayın olub ova getmişdir. Şah İsmayılın gecə hücumu haqqında və manevr edib düşmən ordusuna arxadan zərbə vurmaq kimi strateji əməliyyat planın haqqında sərkərdələrin açıqlamasına da cavabı belə olmuşdur: ”Mən karvan basan quldur deyiləm!”

AYAQ ÜSTƏDİR
Bu gün bir bağçanın seyrinə vardım,
Bu bağın bağbanı ayaq üstədir. -1
Könül pərvazlandı şahı görməyə,
Seyraqub yatmayıb, ayaq üstədir. -2

Salam verdim, əleyk aldım dərindən, -3
Səda gəldi dəryalardan dərindən, -4
Əlim üzməm ərənlərin dərindən, -5
Ağam Şahi-Mərdan ayaq üstədir. -6

Miskinəm, qılginən inayət mənə, -7
Dəruləl məqamnan şəfayət mənə, -8
İnşallah, yetişər bəraət mənə, -9
Haqq özü yatmayıb, ayaq üstədir. -10

1. bağban gəzir, işləyir.
2. hazırdır.
3. mükəmməl…
4. uzaqdan
5. qapısında
6. nəzarindədir
7. rəhm eləmək
8. şahid olmaq…
9. Haqq mənnən olar…
10. Allah ayıqdır.

Aşağıdakı “Olmaz” şeiri ilə Miskin Abdalın Səfəvilərin vəziri kimi Osmanlı sultanının rəsmi dövlət nümayəndəsi, diplomatı ilə görüşündə iki müsəlman dövlətlərinin bir-biri ilə müharibə etməsinin lüzumsuz olduğunu, düşmən qərb dövlətlərinin xeyirinə olduğunu bildirmişdir. Şeirin ikinci bəndində müəllif: “Sərgərdan qalmışam Urum elində” deməklə qarşı tərəfi bu fikirdən çəkindirmək üçün bir neçə dəfə Osmanlı və Səfəvi dövlətləri arasında get-gəl etdiyini bildirir. Lakin Osmanlı sultanını bu fikirdən yayındıra bilməyən Miskin Abdal Qərbin xaçpərəst dövlətləri qarşısında İslam dinli dövlətlərin zəifləyəcəyini əvvəlcədən görüb deyir:“İslam bada gedir cəllad əlində”. “Çaldıran” döyüşündən sonra həqiqətən də İngitərə İspaniyada İslam dininə son qoydu, Qüdsi ələ keçirdi. Fransa və İngiltərə mərkəzi Avropada müsəlmən dininə qarşı kəskin mübarizə aparmaqla fəaliyyətə başladılar. Nə Osmanlı, nə də Səfəvi dövlətləri dünya coğrafiyasında fəaliyyət göstərə bilmədilər: başları bir-biri ilə dağıdıcı müharibələrə qarışdı. “Ayaq üstədi” təcnisi ilə “Olmaz” qoşması “Çaldıran” döyüşü ərəfəsində deyilən şeirlərdir. Miskin Abdal qarşıdan gələn fəlakətləri əvvəlcədən desə də, onun müdrik tezisləri hər iki hökmdara təsir etməmiş və dünya coğrafiyasında iki nəhəng İslam dövlətləri xaçpərəst dövlətlərinə nisbətən zəifləmişlər. Dağıdıcı müharibələr yüz illərlə davam etdiyindən Qara dənizdən Xəzər dənizinə uzanan bir ərazidə müsəlmanlar zaman-zaman qanlı tarixlər yaşamışlar, mərkəzi Avropaya nisbətən elmi tərəqqidə geri qalmışlar…

OLMAZ
Sultanın fərmanı, paşa qəzəbi,
Paşam, mürvət eylə, belə kar olmaz.
Üzdü məni bu yolların əzabı,
Paşam, mürvət eylə, belə kar olmaz.

Canım qoydum mürşidimin yolunda,
Sərgərdan qalmışam Urum elində,
İslam bada gedir cəllad əlində,
Paşam, mürvət eylə, belə kar olmaz.

Cüda Miskin çəkər qəmi-möhnəti,
On iki imam peyğəmbər züryəti,
Sünnü, şiə –Məhəmmədin hümməti
Paşam, mürvət eylə, belə kar olmaz.

ARDI VAR...


Niftali Goyceli
Bu xəbər oxucular tərəfindən 1386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed