Şrift:
SAPİENZA UNİVERSİTETİNİN NÜFUZLU DƏRGİSINDƏ AZƏRBAYCANDA APARILAN ARXEOLOJİ TƏDQİQATLAR HAQQINDA MƏQALƏ DƏRC OLUNUB
27.03.2019 [10:19] - Gündəm, DAVAMın yazıları
Romanın (İtaliya) Sapienza universitetinin beynəlxalq elmi “Origini” dərgisində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Çöl tədqiqatları bölməsinin və Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev və Almaniya Arxeologiya İnstitutunun, Eberhard və Karl Universitetinin, hal-hazırda Sidney Universitetinin (Avstraliya) Arxeologiya Departamentinin doktoru Barbara Helvinqin həmmüəllifləri olduqları “Oxşar, həm də fərqli: e.ə. VI minillikdə Cənubi Qafqaz və Şimal-Qərbi İran cəmiyyətlərinin müqayisəsi” adlı geniş məqaləsi dərc olunub (Origini XLI, 2018-I: 53-81).
Məqalədə son illər Azərbaycanda – Mil düzündə aparılan tədqiqatlar zamanı əldə olunan arxeoloji materiallar İranın şimal-qərbində (Cənubi Azərbaycanda), Sulduz vadisində yerləşən Hacı Firuz yaşayış yerinin materialları ilə müqayisə olunur. Onu da xatırladaq ki, 2018-ci ilin yanvar ayında Romanın Sapienza Universitetində Sapienza Fondu, eləcə də həmin universitetin kommunikasiya və sosial araşdırmalar departamentinin təşkilatçılığı ilə “İtaliyada Azərbaycanla bağlı araşdırmalar: mövzular və perspektivlər” adlı akademik konfrans keçirilmişdir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Çöl tədqiqatları bölməsinin və Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyasının rəhbəri T.Əliyev bəhs olunan məqalənin qısa məzmununu şərh edərkən bildirmişdir ki, Mil düzündə aparılan arxeoloji tədqiqatlar alman-fransız disiplinlərarası “Qədim Kür” (2010-2012) və “Kür hərəkətdədir” (2013-2015) adlı araşdırma layıhələrinin bir hissəsidir. Bu layihələr Alman Tədqiqat Fondu (DTG) və Fransanın Milli Tədqiqat Agentliyinin (ANR) dəstəyi ilə Almaniya Arxeologiya İnstitutu (DAİ), Fransa Milli Elmi Tədqiqat Mərkəzi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Gürcüstan Milli Muzeyi yanında Otar Lordkipanidze adına Arxeoloji Mərkəzin birgə əməkdaşlığı ilə həyata keçirilmişdir. Müştərək layihə çərçivəsində Mil düzündəki Kamiltəpə yaşayış yeri ilə yanaşı Tovuz rayonundakı Menteştəpə və Şərqi Gürcüstandakı Aruxlo Neolit dövrü məskənləri də tədqiqata cəlb olunmuşdur.
E.ə. VI minillikdə Cənubi Qafqazda - Araz və Kür çayları ətrafındakı düzənliklərdə kiçik kənd icmalarına məxsus ilk oturaq məskənlər meydana gəlir. Qarabağ dağlarından başlayıb Mil düzündən keçərək Kür çayına doğru uzanan Qarasuyun ətrafında Neolit dövrünə aid onlarla belə məskən aşkar edilmişdir. Çay yatağının sahillərində terrasların üzərində yerləşən bu məskənlər kiçik sahələri (0,5 – 1 ha) əhatə edir. Burada yalnız 18 saylı abidə (Qarabeltəpə) geniş sahəyə malik olması ilə (3,5 ha) diqqəti çəkir.
Mil düzünün Ağcabədi rayonu ərazisindəki Neolit dövrü abidələrində aparılan arxeoloji qazıntılar zamanı kiçik sahəli yarımqazma tikililərə (V Kamiltəpə), kərpic arakəsməli xəndəklərə (IV Kamiltəpə), monumental platformaya (I Kamiltəpə) və digər memarlıq nümunələrinə rast gəlinmişdir. V Kamiltəpənin kiçik sahəli dördkünc formalı və IV Kamiltəpənin dairəvi şəkilli evlərinin tikintisində istifadə olunmuş çiy kərpiclər ölçüsünə görə biri-birinə yaxındır. Bu iki abidə quruluşca fərqli olsalar da, tikinti materialına, evlərin sahələrinə, monoxrom dulusçuluq ənənələrinə görə ümumi cəhətlərə malikdirlər. IV Kamiltəpədən məhdud sayda monoxrom gil qab nümunələri, çaxmaqdaşı və obsidiandan alətlər, sümükdən asmalar və gil fiqurlar da aşkar olunmuşdur.
I Kamiltəpə kənd icmasına məxsus evlər düz divarlı, dördkünc formalıdır. Burada qədim insanlar qoyun, keçi və iri buynuzlu mal-qara otarır, arpa əkini ilə məşğul olurdular. Aşkar edilən sümük qalıqları balıqçılığın, cüyür və durnakimilər dəstəsindən olan dovdaq (lat. Otis tarda) ovunun da təsərrüfatda müəyyən yer tutduğunu göstərir. Bu neolit kəndinin sakinləri qonşu regionlarla əlaqələr sayəsində obsidian, firuzə və əqiq kimi müxtəlif ekzotik məhsulları əldə etməyə nail olmuşlar. Kamiltəpə sakinləri Zaqros dağları arealındakı boya naxışlı saxsı məmulatına oxşar keramika istehsal edərək ondan istifadə etmişdilər. Belə nümunələr regionda nə Kamiltəpənin məskunlaşmasına qədərki dövrdə, nə də bundan sonrakı dövrdə qeydə alınmamışdır. Kamiltəpə Neolit kəndi icmasının çiy kərpicdən inşa etdiyi möhtəşəm platforma araşdırmaçı alimlərin xüsusi marağına səbəb olub. Onun diametri 24 metrə yaxın, qalmış hündürlüyü isə 2,5 metrdən artıqdır. Təəssüf ki, bu tikilinin üst qatı dövrümüzə qədər gəlib çatmayıb. Buna görə də onun tam və ilkin – orijinal quruluşu sirr olaraq qalır.
Hacı Firuz təpə İranın şimal-qərbində – Qərbi Azərbaycan əyalətində, Urmiya gölündən cənubda, Qədər çayı vadisində yerləşir. Abidə 2,8 ha sahəni əhatə edir. 1958-1968-ci illər arasında fasilələrdə Pensilvaniyanın (ABŞ) Arxeologiya və Antropologiya Muzeyinin əməkdaşları tərəfindən Hacı Firuz təpənin şərq yamacında qazıntı işləri aparılmış, müxtəlif dövrlərə aid qalıqlara rast gəlinmişdir. Burada aşkar olunan və e.ə. VI minilliyin birinci yarısında intensiv həyat olduğunu göstərən Neolit dövrü təbəqəsi 12 mərhələyə (altdan yuxarıya L-A hərfləri ilə işarənmiş) bölünür. Bu abidədə Kamiltəpə yaşayış yerində açılan iri, monumental tikili kompleksinə bənzər tikiliyə rast gəlinməmişdir. Mil düzündə ilk məskunlaşma zamanı çiy kərpicdən istifadə olunduğu halda, Hacı Firuz məskənində əvvəlcə möhrə divarlı dördkünc şəkilli tikililər meydana gəlmişdir. Digər tərəfdən, Mil düzünün Neolit dövrü kənd icmalarından fərqli olaraq, Hacı Firuz məskəninin sakinləri əsrlər boyu eyni yerdə yaşamaqda davam etmişlər. Burada – Sulduz vadisində qısamüddətli yaşayış yerləri aşkar edilməyib.
Kamiltəpənin boyalı qabları Hacı Firuzun boyalı qablarına bənzədiyi halda, monoxrom naxışlı dulus məmulatı Qafqazın Şomutəpə-Şulaveri ənənlərini özündə əks etdirir. V Kamiltəpənin və Hacı Firuzun Son Neolit təbəqəsinin üzəri hamar və qırmızı boyalı keramikası da biri-birinə çox yaxındır. Mil düzü abidələrində olduğu kimi Hacı Firuz yaşayış yerində də keçi və dovdaq sümüklərinə təsadüf olunub.
Aparılan tədqiqatlar belə bir mülahizə yürütməyə imkan vermişdir ki, Hacı Firuz məskəninin sakinləri Neolitik texnologiyanın tam dəsti ilə təchiz olunmuş halda Zaqros dağlarının qərb ətəklərindən bu məskənə köç etmişlər. Mil düzünün neolit sakinləri isə bir neçə - ən azı iki kökə mənsubdurlar. Buradakı erkən yaşayış məskənləri Şomutəpə-Şulaveri ənənələri ilə sıx əlaqədardır. Sonrakı mərhələ isə boyalı keramika ənənələrinə malik Hacı Firuz məskəni ilə bağlıdır. Bütövlükdə isə kollektiv səylər hesabına iri xəndəklər sistemi və kərpic platforma yaradan Mil düzünün Neolit icmaları Hacı Firuz ənənələrindən nəzərə çarpacaq dərəcədə fərqlənən özünəməxsus sosial strategiya seçmişlər.
E.ə.VI minillikdə bəhs olunan iki əyalət aralarındakı mədəni əlaqələrdən qaynaqlanan yaxın oxşarlığa baxmayaraq, müxtəlif inkişaf yolları keçmişlər. Biri-birindən 350 km məsafədə yerləşən bu əyalətlər arası əlaqələr Araz vadisi və ya Xəzər sahili təbii keçidlər vasitəsilə mümkün olmuşdur.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 668 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed