Şrift:
Gürcüstanın Kaspi rayonunda azərbaycanlıların yaşadığı Cələ kəndinin 120 illiyi qeyd olunub
17.04.2019 [10:37] - Borçalı
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdən biri də Kaspi rayonudur. Kür çayının sahilində yerləşən rayonda 10-a yaxın Azərbaycan kəndi var.

Bu kəndlərdən biri də Kaspi rayonunda, Muxran çökəkliyində, Kür çayının sol sahilində yerləşən Cələ kəndidir.

Aprelin 15-də kəndin əsasının qoyulmasının 120 illik yubileyi qeyd olunub. Bu məqsədlə kənddə mərasim təşkil edilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, rayon rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 150 il bundan əvvəl Tsalka rayonundan olan köçərilər Muxran çokəkliyində, xırda meşəliklərlə əhatə olunmuş bu ərazidə müvəqqəti məskən salıblar. Sonradan Alı kişi adlı şəxs bu ərazidə ev tikib və Cələ kəndinin əsasını qoyub.

Bu gün kənddə 250-dən çox ev var və kənddə 1200-ə yaxın insan yaşayır. Kənd əhalisinin hamısı azərbaycanlılardır.

Lakin kənddə Azərbaycan dilində məktəb, mədəniyyət evi, idman klubu, kitabxana yoxdur.

Kənd əhalisinin ən böyük problemi içməli suyun olmamasıdır. Buna baxmayaraq, kəndin savadlı gəncləri bu gün Gürcüstanın daxili işlər, kənd təsərrüfatı, regional inkişaf nazirliklərində, prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışırlar.

Səfir D.Həsənov, deputat M.Dərziyev, ağsaqqallar şurasının sədri İ.Novruzov kənd əhalisini təbrik edib, onlara firavanlıq arzulayıblar.

Mahir Dərziyev jurnalistlərə müsahibəsində deyib: “Kaspi rayonunda 10-a yaxın azərbaycanlı kəndi var. Azərbaycanlılar təkcə bu rayonun deyil, ölkənin ictimai, siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynayırlar”.

Cələ kəndinin problemlərinə münasibət bildirən deputat deyib: “Kəndin içməli su probleminin həlli və məktəb tikintisi ilə əlaqədar hökumət qarşısında məsələ qaldıracağıq. Bu məktəblərdə heç olmasa Azərbaycan dili və ədəbiyyatı fənləri tədris olunmalıdır. İnanıram ki, birgə səylərimiz nəticəsində buna nail olacağıq”.

Kənd sakini Bayram Məmmədov, kənd məktəbinin direktoru Maya Rexviaşvili kəndin tarixindən, əhalinin əsas qayğılarından danışıblar.

Məlumat üçün qeyd edək ki, Cələ kəndinin yaxınlığında əsasən azərbaycanlıların yaşadıqları Ferma kəndi, əslən Azərbaycanın Qarabağ bölgəsindən olan əhalinin məskunlaşdığı Qarabağlılar, Xidiquri, Tatuşağı kəndləri var. Ümumiyyətlə Kaspi rayonunda 10 mindən çox azərbaycanlı yaşayır.

Bu insanlar Azərbaycan adət-ənənələrini, milli bayramlarını təntənə ilə qeyd edirlər.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed