Şrift:
Gürcüstan-Azərbaycan sərhədində təxribatçı aksiya
07.05.2019 [11:11] - Borçalı
Elxan Şahinoğlu: “Elə etməsinlər ki, biz də Gürcüstanda yaşayan azərbaycanlılara muxtariyyət tələb edək”
Rəsmi Tiflis Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi məsələsində sanki “dünyanın sonu imiş” kimi davranır. Qonşu ölkənin prezidenti Salome Zurabişvilinin absurd mövqeyindən və davranışlarından sonra ölkənin bütün siyasi elitası Keşikçidağ (David Qareci) uğrunda səfərbər olunub.

Mayın 7-də isə Azərbaycan-Gürcüstan sərhədinin Keşikçidağ monastır kompleksinin yerləşdiyi hissəsində gürcü vətəndaş fəalları toplaşaraq aksiya keçirib. Virtualaz.org “Exo Kavkaza” portalına istinadən xəbər verir ki, fəallar əl-ələ tutaraq monastır kompleksinin sərhədin Azərbaycan tərəfində qalan hissəsini əhatəyə alıblar. Fəalların bildirdiyinə görə, onların məqsədi kompleksin Gürcüstanın tərkibində olduğuna dair Azərbaycana mesaj verməkdir. Aksiyada iştirak edənlər gürcü milli mahnıları oxuyublar. Onlar bir neçə kilometr piyada yol qət edərək monastır kompleksinə gəliblər. Kompleksə aparan cığırların bəzilərində Azərbaycan sərhədçiləri dayanıb, onlar situasiyaya müdaxilə etmədən vəziyyəti izləyiblər. Perimetr boyu gürcü sərhədçiləri də dayanıb və onlar fəalların hərəkətinə nəzarət edib. Gürcü KİV-lərinin məlumatına görə, mayın 5-də də monastır kompleksinin ətrafında bu cür aksiya olub.
Aksiyanı “Güc birlikdədir” adlı hərəkat təşkil edib. Hərəkatın rəhbəri David Katsarava bildirib ki, onlar belə aksiyaları müntəzəm olaraq təşkil edəcəklər.

Xatırladaq ki, Keşikçidağ monastır kompleksi ilə bağlı məsələ aprelin 25-də Azərbaycan sərhədçilərinin gürcü ziyarətçilərinin kompleksə ziyarətini məhdudlaşdırmasından sonra gündəmə gəlib. Daha sonra iki ölkə xarici işlər nazirlikləri məsələni yoluna qoyublar və sərhədlərin demarkasiyasına dair danışıqlara hazır olduqlarını bildiriblər.

Bundan əvvəl Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib ki, Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmayan ərazilərin delimitasiyası və demarkasiyası prosesi mürəkkəb olacaq, lakin son nəticə uğurlu olacaq. (Sputnik Azərbaycan ttps://sputnik.az/) Baş nazir “İmedi” telekanalının efirində bildirib ki, məsələnin həlli üçün müvafiq qurumların nümayəndələrindən ibarət xüsusi komissiya yaradılacaq. Lakin konkret nəticələrin əldə olunması üçün adi praktikadan istifadə olunacaq. “Azərbaycandan olan həmkarlarla birgə işləyəcək komissiyanın heyəti hökumətin növbəti iclasında təsdiqlənəcək”, - deyə Baxtadze vurğulayıb.

Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bundan əvvəl demişdi ki, Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub və bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır.

Lakin Bakının obyektiv mövqeyinə baxmayaraq, gürcü tərəf inadla sərhədlərin dəqiqləşdirilməsini tezləşdirməyə çağırır. Hətta Gürcüstanın din xadimləri də qədim alban kilsəsinə iddialarını davam etdirir, konflikt yaratmağa cəhd göstərirlər.

Gürcüstan rəhbərliyi ölkələrinin məhz Azərbaycanın sayəsində ayaqda olduğunu unudur. Təkcə bir faktı xatırladaq: cari ilin aprelində Gürcüstan Azərbaycandan 177 milyon kubmetr təbii qaz idxal edib. Gürcüstanın təbii qaza olan tələbatının 97 faizi məhz Azərbaycan tərəfindən ödənib.

Gürcüstanın “Starvision TV Georgia” telekanalında gürcü politoloq Gela Vasadzenin müəllifi və aparıcısı olduğu “Bolşaya İqra” (Böyük oyun) proqramında son günlər Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən “Keşikçidağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında yaranmış gərginlik müzakirə edilib. Axar.az xəbər verir ki, proqrama qonaq qismində vəkil, Xristian Demokrat Partiyasının lideri Levan Çxeidze, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Qafqaz Strateji Araşdırmalar İnstitutunun direktoru Teymuraz Tumanişvili, politoloq İlqar Vəlizadə və siyasi şərhçi Tornike Şaramenidze iştirak ediblər. İlk olaraq çıxış edən Levan Çxeidze bir-birimizi təhqir etməyi bir kənara buraxıb, SSRİ Nazirlər Şurasının qərarına baxmağın vacibliyini qeyd edib: “Əgər sözügedən ərazi Gürcüstan torpağı kimi göstərilibsə, sərhəd xətti buradan keçməlidir, yox, Azərbaycan ərazisi kimi qəbul edilibsə, o zaman biz buna hörmətlə yanaşmalıyıq. Kompleksin bizim üçün dəyərini nəzərə alsaq, alternativ variant kimi ərazi mübadiləsi təklif edilə bilər. Azərbaycanda və Gürcüstanda sağlam düşüncəli insanlar qanun çərçivəsində hökumətlərin bu məsələni həll etməsinə çalışmalıdır”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə müzakirələrin ictimai tərəfinin düzgün istiqamətə yönəlmədiyini qeyd edib. Onun sözlərinə görə, kimlərsə iki ölkə arasındakı münasibətləri pisləşdirməyə çalışır:

“Bunun müxtəlif səbəbləri ola bilər. Bu konflikt nə Gürcüstanın, nə də Azərbaycanın maraqları daxilindədir. Məsələnin həlli üçün dövlət strukturları arasında ünsiyyət artırılmalıdır”.

“Gürcüstanın Azərbaycana qarşı ərazi iddiası sanki bir mərkəzdən idarə olunur. Prezident dedi, anladıq. Lakin ardınca bütün siyasətçilər bu məsələni gündəmə gətirdilər. Elə bil ki, Gürcüstanın problemi az imiş, ayrı dərd-səri yox imiş”.
Bu fikirləri isə “Yeni Müsavat”a açqlamasında politoloq Elxan Şahinoğlu bildirdi. Qeyd etdi ki, gürcü tərəf zərurət olmadan Azərbaycanla 34 faiz razılaşdırılmayan sərhəd məsələsini əsas müzakirə mövzusuna çevirib: “Halbuki biz danışıqlardan imtina etmirik. Rəsmi Bakı Tiflislə münasibətlərin gərginləşməsində maraqlı deyil. Elə buna görə də prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olundu. Halbuki Xələf Xələfov 5 ay öncəsinə qədər elə bu vəzifədə idi. Görünür, Azərbaycan prezidenti də Gürcüstanla sərhəd mövzusundakı danışıqları gecikdirmək istəmir. Sərhəd mövzusunda peşəkar diplomat olan Xələf Xələfov Gürcüstanla danışıqlarda Azərbaycanı təmsil edəcək. Gürcü tərəf məsələni niyə tələsdirir, mən anlaya bilmirəm. Olan-qalan strateji müttəfiqlərini də özlərindən küsülü vəziyyətə gətirəcəklər. Ermənistanmı onların xilaskarıdır, yoxsa Azərbaycanmı? Görünür, bunu anlamaqda çətinlik çəkirlər”. Politoloq dedi ki, Azərbaycan danışıqları davam etdirməkdə qərarlıdır: “Ancaq bu cür təzyiq, şantaj mövqeyini də qəbul edə bilmərik. Danışıqlar sakit və rəvan şəkildə aparılmalıdır. Əgər onlar gərginliyi davam etdirməkdə qərarlıdırlarsa, onda gərək biz də gürcülərə sərt üzümüzü göstərək. Onları yerində oturtmaq lazımdır. Gürcüstanda 500 min azərbaycanlı yaşayır, elə etməsinlər ki, biz də onların qarşısında sərt tələblər qoyaq. Bir daha vurğulayıram, bəli, biz də sərhədlərin tam dəqiqləşdirilməsinin tərəfdarıyıq. Ancaq daha bu cür gərginlik yaratmaq heç bir tərəfə xeyirli olmayacaq. Gərək onda biz də onlara tərs üzümüzü göstərək. Elə etməsinlər ki, biz də Gürcüstanda yaşayan azərbaycanlılara muxtariyyət tələb edək. Biz ermənilər, abxaz və ya osetinlər kimi etmədik, Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşdıq, Gürcüstanın bütün layihələrində biz aparıcı dövlətə çevrildik. Ancaq çox təəssüf ki, Gürcüstanın bir sıra rəsmiləri bizə qarşı çox sərt tələblər irəli sürürlər. Onları başa salmaq lazımdır ki, əgər gərginlik yaratsalar, özləri də bunun mənfi nəticələri ilə üzləşməli olacaqlar”.

XİN-in mətbuat katibi Leyla Abdullayeva “Yeni Müsavat”ın sorğusuna cavab olaraq dedi: “Bundan öncə dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan Gürcüstanla dövlət sərhədinin delimitasiyasi prosesinin ən qısa zamanda başa çatmasının tərəfdarıdır. Bu proses nə qədər tez yekunlaşarsa, bir o qədər də hər iki tərəf üçün yaxşıdır”.

Azərbaycanın soyuqqanlı davranışına rəğmən qarşı tərəf dayanmaq bilmir. Gürcüstan televiziyaları davamlı şəkildə Keşikçidağ məbədindən reportaj verir, keşişlərin, ayrı-ayrı siyasətçilərin qərəzli, tarixin təhrifi ilə dolu fikirlərini tirajlayır. Belə görünür ki, hansısa qüvvələr tərəfindən Gürcüstan cəmiyyətinin Azərbaycana qarşı səfərbər olunması prosesi gedir...

E.PAŞASOY
Bu xəbər oxucular tərəfindən 931 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed