Şrift:
Azərbaycanın qədim metallurgiyasına və metalişləmə sənətinə həsr edilmiş elmi-tədqiqat monoqrafiyası nəşr olunub
14.05.2019 [10:46] - Gündəm, DAVAMın yazıları
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Arxeoloji texnologiya” sektorunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun “Azərbaycanda qədim metallurgiya və metalişləmə” adlı monoqrafiyası çapdan çıxıb. Nəşr edilmiş monoqrafiya Azərbaycanda qədim metallurgiya və metal istehsalının yaranması və inkişafı mərhələlərinin tədqiqinə həsr edilib. Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş zəngin maddi mədəniyyət nümunələri əsasında erkən metallurgiyanın xammal mənbələri, qədim dağ-mədən işi, metaldan istifadə vərdişlərinin formalaşması, onun inkişaf mərhələlərinin xarakterik xüsusiyyətləri və metal məmulatlarının geniş tipoloji təsnifatı verilib.

Monoqrafiya dörd fəsildən ibarətdir. İlk fəsil qədim metallurgiya və metalişləmə sənətinin öyrənilmə tarixi və tarixşünaslığna həsr edilmişdir.

Əsərin ikinci fəsli qədim metallurgiya və metalişləmə sənətinin xammal mənbələri və dağ-mədən işi barədədir. İkinci fəsildə xammal mənbələri, qədim dağ-mədən işi, onun texniki üsulları və əmək alətlərindən söz açılır.

Üçüncü fəsildə eneolit, ilk tunc və orta tunc dövrlərində Azərbaycanda metallugriya və metalişləmə sənətinin yaranması və inkişaf mərhələləri mövzusu işıqlandırılmışdır.

Elmi-tədqiqat işinin dördüncü fəslində son tunc dövründə metallurgiya və metalişləmə sənəti kontekstində metal emaletmə vasitələri, metal əşyaların tipoloji təsnifatı, silahlar, əmək alətləri, bəzək əşyaları və tunc əşyalarının istehsalının texniki üsulları təhlil edilmişdir.

Əsə­rə eneolit, ilk, orta və son tunc dövrü metal əmək alət­lə­rinin, bəzək əşyalarının və silahların spektral analizlə müəyyən edilmiş kimyəvi tərkibini göstərən cədvəllər, metal ma­te­ri­al­la­rın təs­vi­rin­dən iba­rət tab­lo­lar əla­və olunmuşdur.

Əsərin elmi redaktorları — tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova, AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Vəli Əliyev, elmi rəyçiləri — tarix üzrə elmlər doktoru, professor Qüdrət İsmayılzadə və tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudovadır.

Əsər arxeologiya, tarix, paleometallurgiya üzrə mütəxəssislər, həmçinin, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.



AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed