Şrift:
Bəhruz Kamalvəndi: “10 günə qədər İranın zənginləşdirilmiş uran ehtiyatının miqdarı 300 kiloqramı keçəcək”
18.06.2019 [10:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi ölkəsinin qarşıdakı 10 gün ərzində nüvə razılaşması çərçivəsində nəzərdə tutulmuş zənginləşdirilmiş uran ehtiyatının miqdarını aşacağını deyib.

Bu gün media nümayəndələri ilə Ərak Ağır Su Kompleksində görüşən Kamalvəndi deyib: “Bu gündən etibarən 300 kiloqram təyin edilmiş zənginləşdirilmiş uran miqdarını aşmaq üçün geri sayım başlayır və 10 gün sonra, yəni iyun ayının 27-də bu həddi keçəcəyik.”

Qeyd etmək lazımdır ki, nüvə razılaşmasının müddəalarına əsasən, İran 300 kiloqramdan artıq zənginləşdirilmiş uran ehtiyatına sahib ola bilməz. Lakin İran mayın 8-də sözügedən razılaşma çərçivəsində nəzərdə tutulmuş bəzi öhdəliklərini dayandırdığını elan edib.

Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif isə bunun razılaşmadan tamamilə çıxmaq deyil, ölkəsinin öz öhdəliklərini azaltdığı anlamına gəldiyini deyib.

Digər tərəfdən, mayın 20-də rəsmi Tehran nüvə razılaşmasında nəzərdə tutulmuş zənginləşdirmə faizinə riayət etməklə, aşağı faizlə zənginləşdirilmiş uranın miqdarını 4 dəfə artırdığını bəyan edib.

Həmən gün Bəhruz Kamalvəndi bildirmişdi ki, “Avropa nüvə razılaşmasının qorunması istiqamətində əməli addımlar atmasa, İran uranın zənginləşdirilməsi həddini 3.6%-ə qaldıracaq və Ərak Ağır Su Reaktoru barədə də qərar qəbul edəcək”.

Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano İranın nüvə proqramı ilə bağlı hazırladığı son hesabatda bu ölkənin zənginləşdirilmiş uran ehtiyatının miqdarını müəyyən qədər artırdığını qeyd etmişdi.

Hesabatda bildirilirdi ki, mayın 20-nə qədər olan göstəricilərdə İranın zənginləşdirilmiş uran ehtiyatı 174,1 kiloqram olub, hansı ki, bu rəqəm yanvar-fevral aylarında 163,8 kq idi.

Xatırladaq ki, İranla 5+1 ölkələri arasında imzalanan nüvə razılaşmasından sonra rəsmi Tehran özünün 3.5% zənginləşdirilmiş uran ehtiyatının miqdarını 97% azaltmışdı. Razılaşmaya əsasən, İranın zənginləşdirilmiş uran ehtiyatının həcmi 202.8 kiloqramı keçə bilməz.

Eləcə də, razılaşmada İranın Ərak reaktorunu modernləşdirilməsi də qadağan edilir. Razılaşmada qeyd edilir ki, İran bu reaktoru plutonium istehsal etməyə imkan verəcək səviyyədə yenidən qura bilməz.

Lakin bir müddət öncə Həsən Ruhani Avropanı öz öhdəliklərinə əməl etməyəcəyi təqdirdə, ölkəsinin Ərak reaktorunu modernləşdirəcəyi ilə təhdid etmişdi.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed