Şrift:
İsveçrədə Azərbaycan qaçqın və məcburi köçkünlərinə həsr edilmiş ictimai kampaniya keçirilib
18.06.2019 [10:16] - Gündəm, Sosial
15 iyun - İsveçrə Milli Qaçqınlar Günü ilə əlaqədar Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun iştirakı ilə “İsveçrə Azərbaycanlıları Mədəniyyət Mərkəzi” tərəfindən Azərbaycan qaçqınları və məcburi köçkünlərinə həsr olunmuş ictimai məlumatlandırma kampaniyası keçirilib.

Bu ictimai məlumatlandırma kampaniyasının məqsədi İsveçrə cəmiyyətinin diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək olub. Qeyd edilməlidir ki, bu kampaniya İsveçrə ictimaiyyətinin diqqətini Azərbaycanın qaçqın və məcburi köçkünlərinə yönəltmək üçün Azərbaycanın İsveçrədəki səfirliyinin diaspora ilə birgə planlaşdırdığı silsilə tədbirlərdən biridir.

Bern şəhərinin mərkəzi Vayzenhausplatz meydanında baş tutan kampaniya çərçivəsində Azərbaycan qaçqınları və məcburi köçkünlərinə həsr olunmuş məlumat stendi quraşdırılıb və “İsveçrəli uşaqların Azərbaycanlı qaçqın uşaqlar üçün rəsm çəkməsi” kampaniyası keçirilib.

Kampaniya çərçivəsində paylanan məlumat vərəqələrində “İsveçrə Qaçqınlar Şurası”nın loqosundan istifadə edilməsi və həmin təşkilatın bu layihəni dəstəkləməsi Azərbaycan qaçqınları barədə həqiqətlərin ictimaiyyətə çatdırılmasında müsbət rol oynayıb, bu tədbirin təsir gücünü artırıb. Qeyd edilməlidir ki, sözügedən tədbir barədə İsveçrə Qaçqınlar Şurasının rəsmi internet səhifəsində də məlumat yerləşdirilib.

Tədbir çərçivəsində yerli ictimaiyyətə Azərbaycan qaçqınları barədə broşürlər vasitəsilə məlumat verilib, Azərbaycan qaçqınlarına həsr olunan rəsm əsərləri sərgilənib, İsveçrədə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri, eləcə də digər İsveçrəli uşaqlar tərəfindən Azərbaycanın qaçqın və məcburi köçkünləri mövzusunda rəsmlər çəkilib. Rəsm çəkməmişdən öncə uşaqlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan qaçqın və məcburi köçkünlərinin həyat hekayəsi ilə tanış olmağa dəvət ediliblər. Tədbir Bern şəhərinin sakinləri tərəfindən maraqla qarşılanıb, kampaniya vaxtı çəkilən rəsmlərin daha sonra Azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlara çatdırılması nəzərdə tutulur. Bundan başqa, isveçrəli uşaqlar və ailələrinə Azərbaycandakı qaçqın və məcburi köçkünlərlə həmrəylik rəmzi olaraq üzərində “Azərbaycan qaçqınları və məcburi köçkünləri” yazılmış şarlar paylanıb.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 425 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed