Şrift:
Ərdəbildə beynəlxalq voleybol yarışlarında səsləndirilən şüarlar və tehranlı müxbirlərin yerli jurnalistlərə hücumunun VİDEOSU
24.06.2019 [09:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Ərdəbil şəhərinin Sultan Savalan stadionunda (Rzazadə stadionu) keçirilən dünya millətləri voleybol liqası yarışları zamanı bütün təzyiqlərə baxmayaraq milli şüarlar səsləndirilib.

Tamaşaçı qismində görüşdə iştirak edən azərbaycanlı gənclər şənbə günü, İran və Avstraliya komanadaları arasında keçirilən görüşdə ən çox “Yaşasın Azərbaycan” şüarına üstünlük veriblər.



Bundan əvvəl qeyd etdiyimiz kimi, stadionda milli şüarlar səsləndirilməsin deyə İran rejimi tərəfindən bilet satışına məhdudiyyətlər tətbiq olunub, Tehrandan farsdilli liderlər (azarkeşlərə başçılıq edənlər “lider” adlanır) gətirilib və stadiona bəsic qüvvələri və mülki geyimli məmurlar göndərilib. Lakin bütün bunlara baxmayaraq stadionun daxilində və ətraf küçələrində soydaşlarımız milli şüarlar səsləndirib və bir çox plakat nümayiş etdiriblər.

Azərbaycanlılara qarşı yönəlmiş önləyici tədbirlərə etiraz olaraq Ərdəbil küçələrində yığıncaq keçirilib. Gənclər “Traxtur” futbol klubu və Urmiyənin “Şəhrdari” voleybol komandasının bayraqlarını qaldıraraq “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Yaşasın Azərbaycan”, “Vətən bizə ana – Biz əsgərik ona” və s. kimi şüarlar səsləndiriblər. Onlar “Dağlar başı dumandı, bura Azərbaycandır” yazılmış parça da nümayiş etdirib.
Yığıncaqda qadınların stadionlara buraxılmasını dəstəkləyən “Azərbaycan qızları, göylərin ulduzları” şüarı da səsləndirilib.



Həmin gün İran komandası qalib gəldikdən sonra stadionda xoşagəlməz hadisə baş verib. Tehranlı müxbirlər Sultan Savalan stadionunun meydançasına daxil olaraq sevinclərini paylaşmaq istəyiblər. Onlar ətrafa əşyalar atıb və meydançanın örtüyünü zədələyib. Bu mədəniyyətsiz hərəkətə etiraz edən yerli jurnalistlər Tehrandan gələn müxbirlərin hücumuna məruz qalıb və stadionda qarşıdurma yaşanıb.
Qarşıdurmaya polis əməkdaşları müdaxilə etməli olub, onlar tehranlı müxbirləri meydançadan uzaqlaşdırıb.



Bu barədə ərdəbilli jurnalistlər İnsaqram səhifəsində bir post paylaşaraq bildiriblər ki, tehranlı müxbirlər yarışlarla bağlı xəbəri tam fərqli şəkildə işıqlandırır, onlar Ərdəbilin yarışlara yüksək səviyyəli ev sahibliyi etməsini kölgədə qoymaq istəyir.

Ötən həftə Urmiyənin “Durnalar yuvası” stadionunda keçirilən voleybol yarışlarında 16 yaşlı bir yeniyetmə İranın təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülmüşdür.



Dünya millətləri voleybol liqası yarışları Urmiyədə iyunun 14-dən 16-dək keçirilib. Yarışlar zamanı Azərbaycanla bağlı çoxlu şüar səsləndirildi. Bundan sonra İran idman nazirinin müavini oxşar şüarların Ərdəbildə səsləndirilməsinə icazə verilməyəcəyini vurğuladı. Rejim bu istiqamətdə önləyici tədbir kimi, bir çox işlər görsə də, Ərdəbildə “Yaşasın Azərbaycan” şüarını susdurmaq mümkün olmadı, gənclərimiz Azərbaycanla bağlı bir çox milli şüar səsləndirdilər.
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed