Şrift:
Naxçıvanda anbarlara taxıl tədarükü davam edir
24.06.2019 [12:57] - Gündəm, İqtisadiyyat
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) sakinlərdən taxıl qəbuluna başlanılıb.

Taxıl tədarükü ilə əlaqədar əvvəlcədən anbarlar, laboratoriya, tərəzilər və digər avadanlıqlar saz vəziyyətə gətirilib. Hazırda cəmiyyətdə əsas diqqət taxıl biçinindən sonra məhsulun qəbuluna yönəldilib.

Bu il taxılın alış qiymətləri növlərinə görə artırılıb. Belə ki, arpanın alış qiyməti bir kiloqramı 30, buğdanın 1 kiloqramı 35, qarğıdalının isə bir kiloqramı 40 qəpik olub. Təsərrüfat sahiblərinin verdikləri taxılın dəyəri nağd şəkildə yerindəcə ödənilir.

MMC-dən aldığımız məlumata görə, bu günədək anbarlara 470 ton buğda, 320 ton arpa tədarük olunub.

Muxtar respublikada taxılı uzun müddətə saxlamağa imkan verən anbarın həcmi 27 min tondur. Burada, eyni zamanda, taxılı qısa müddətə saxlaya bilən, tutumu 20 min ton olan 2 anbar da mövcuddur.

Qeyd edək ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılıq müstəsna əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, 30 ilə yaxındır blokada vəziyyətində yaşayan Naxçıvanda əkinçiliyin vacib sahəsi olan dənli bitkilərin, xüsusilə taxıl və qarğıdalının istehsal həcminin intensiv metodlarla artırılmasına mühüm əhəmiyyət verilir. Əkin sahələrində aparılmış müşahidələr göstərir ki, bu il taxıl zəmilərində bol məhsul yetişdirilib. Əvvəlki illərdən fərqli olaraq taxıl biçininə daha tez başlanılıb. Eyni zamanda, məhsulun vaxtında və itkisiz yığılması məqsədilə taxıl biçini kampaniyasına hazırlıq işləri yüksək səviyyədə başa çatdırılıb, sahələrə kifayət qədər texnikalar cəlb olunub.
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed