Şrift:
Respublika Günü, Silahlı Qüvvələr Günü və diplomatik xidmət orqanlarımızın 100 illiyi Vyanada qeyd edilib
25.06.2019 [09:33] - Xəbərlər, Siyasət
İyunun 24-də Vyanada “Grand Hotel Wien” mehmanxanasında 28 May–Respublika Günü, Silahlı Qüvvələr Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib.

Qəbulda Avstriyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, elm və mədəniyyət xadimləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun, hərbi nümayəndəliklərin, BMT bölməsinin və digər beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya işgüzar dairələrinin təmsilçiləri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Avstriyanın dövlət himnləri səsləndirilib.

Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək bildirib ki, Azərbaycan xalqı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin qurulmasının 101-ci ildönümünü böyük qürur və təntənə ilə qeyd edir. Cümhuriyyət qurucularının bizə demokratik və dünyəvi dövlətçilik ənənələrini miras qoyduqlarını bildirən səfir yenidən müstəqilliyə qovuşduqdan sonra Azərbaycanın keçdiyi inkişaf yolundan söz açıb. Qeyd edilib ki, dünyanın bir çox ölkələri ilə uğurlu münasibətlər quran Azərbaycan bu gün yerləşdiyi regionda etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan yalnız ölkə daxilində deyil, eləcə də region dövlətlərinin də faydalandığı bir sıra transmilli layihələrin reallaşmasında təşəbbüskar və aparıcı qüvvədir.

Səfir həmçinin qeyd edib ki, bu il eyni zamanda ölkəmizdə diplomatik xidmət orqanlarının bir əsrlik yubileyi də qeyd edilir. 100 il bundan öncə Bakıda 16 ölkənin diplomatik nümayəndəliyinin, Azərbaycanın isə xarici ölkələrdə beş səfirliyinin akkreditə olunduğunu diqqətə çatdıran Q.İsrafilov bildirib ki, bu gün Azərbaycan uğurlu xarici siyasət yürüdür, dünya dövlətləri ilə və eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəal diplomatik əlaqələrə malikdir.

Avstriyanın Federal Nəqliyyat, innovasiya və texnologiya naziri Andreas Rayxhart çıxışında Azərbaycan və Avstriya arasında münasibətlərin tarixindən və son illərdə diplomatik əlaqələrin inkişafı və intensivləşməsindən bəhs edib. O bildirib ki, Azərbaycan Avstriyanın Cənubi Qafqaz regionunda əsas tərəfdaş ölkəsidir. İki ölkə arasında dostluq münasibətləri iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu göstərir. Hər iki ölkənin oxşar cəhətlərə malik olduğunu vurğulayan nazir mövcud tərəfdaşlığın sıx dostluğa çevrildiyini də diqqətə çatdırıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Avstriyadakı səfirliyi nəzdindəki hərbi nümayəndəsi, polkovnik-leytenant Azər Heybətli çıxışında bildirib ki, bu günlərdə yaradılmasının 101-ci ildönümü qeyd edilən Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Cəsur şəxsi heyətə malik və müasir silahlarla təchiz olunmuş bu ordu yüksək döyüş qabiliyyətinə sahibdir. Azərbaycanda güclü ordu yaradılmalı idi və bu gün belə bir ordu artıq mövcuddur.

Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu ölkənin qüdrətinin əsas güc faktorlarından birinə çevrilib və hazırda siyasi rəhbərlik tərəfindən qarşıya qoyulan bütün tapşırıqları həyata keçirmək iqtidarındadır.

Vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi təhdiddir. Buna görə də Azərbaycan son illərdə öz hərbi potensialını gücləndirib, nəticədə Azərbaycan və Ermənistan arasında hərbi güc balansı əhəmiyyətli dərəcədə ölkəmizin xeyrinə dəyişib. 2016-cı ilin aprel döyüşləri zamanı cəsur Azərbaycan əsgəri erməni ordusunun qüdrəti haqqında mifləri darmadağın edib.

Qeyd edilib ki, beynəlxalq sülh və təhlükəsizliyə töhfə verməyə qadir güclü bir orduya malik Azərbaycan müxtəlif tərəfdaşlıq təşəbbüslərində fəali iştirak edir. Azərbaycan Silahlı Qüvvələri bu gün beynəlxalq təşkilatlar və dünyanın əksər ölkələrinin hərbi qurumları ilə uğurlu əməkdaşlıq edir, bununla da münaqişə və müharibələrin olmadığı, sülh və əmin-amanlığın hökm sürdüyü dünyanın bərqərar olması məqsədlərinə xidmət edir.

Rəsmi qəbul boyunca böyük ekranda təbliğat xarakterli videoçarxlar nümayiş etdirilib, eləcə də hərbi marşlarımız səsləndirilib.

Səfirliyin tədbir salonunda Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini əks etdirən fotosərgi nümayiş etdirilib.

Sonda qonaqlar milli və Avropa mətbəxinin təamlarından dadıblar.

Elgün Niftəli
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed