Şrift:
Dövlət Kamera Orkestri Şəki festivalının səhnəsində
03.07.2019 [10:08] - Xəbərlər, Mədəniyyət
Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı dördüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

Festival çərçivəsində “Marxal” istirahət kompleksinin yay teatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.

Konsertin əvvəlində məlumat verilib ki, Dövlət Kamera Orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox məşhur səhnələrində çıxış edib, nüfuzlu beynəlxalq festivalların iştirakçısı olub, Azərbaycanın musiqi mədəniyyətini təbliğ edib. Azərbaycan klassik musiqisinin dünyada geniş təbliğinə görə, orkestr 2007-ci ildə “Humay” Milli Mükafatına da layiq görülüb.

2018-ci ildən Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti, Prezident mükafatçısı Fəxrəddin Kərimovdur.

Konsertdə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib. Proqramda, həmçinin festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, görkəmli bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin “Rəqs” əsəri də yer alıb. Solistlər - beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidovanın (violin), Mirxalid Məmmədzadənin (fleyta), Əməkdar artist Fəridə Məlikovanın (kamança) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın simvolu təqdim olunub

Festivalın proqramına uyğun olaraq, iyulun 3-də Şəki Dövlət Regional Kollecində “Nəsimi mövzusu Azərbaycan bəstəkarlarının əsərlərində” mövzusunda dəyirmi masa keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed