Şrift:
Fərəc Quliyevdən Stefan Şennaka sərt iradlar (audio)
04.07.2019 [15:42] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Xocalı Soyqırımı sizin ərazidə baş versəydi siz nə dərəcədə buna dözərdiniz?!”

Bu gün Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak və onun başçılıq etdiyi nümayəndə heyyəti ilə görüş keçirilib.
Görüşdə iştirak edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev çıxış edib. Siqnator deputat olduğunu, Sovet imperiyasına qarşı mübarizə aparan, 8 il məhbəs həyatı yaşadığını və hazırda müxalif bir partiyanın rəhbəri olduğunu nümayəndə heyyətinin diqqətinə çatdıran F.Quliyev bildirib ki, bizim üçün əsas prioritet Azərbaycanın suverenliyi və ərazi bütövlüyüdür. O şəxsi və rəhbərlik etdiyi partiya adından əvvəlcə S. Şennaka Qarabağ və ətraf rayonlarla bağlı ədalətli təşəbbüslə çıxış etdiyinə görə təşəkkürünü bildirib.
Partiya sədri mövqelərinin hesabatda yer almasını həmməruzəçidən tələb etdiyini bildirib və Ermənistan-Azərbaycan müharibəsinin dinc yolla həll ediləcəyi ilə bağlı hökumətin mövqeyinə qarşı olduqlarını qeyd edib. Xalqın bu prosesin uzanmasına artıq dözmədiyini bildirən millət vəkili məsələnin hərbi və ya partizan hərəkatı yolu ilə həll edilməsində maraqlı olduğunu və bunun beynəlxalq konvensiyalara görə Azərbaycanın haqqı olduğunu vurğulayıb.
F.Quliyev beynəlxalq qanunların milli dövlətləri qorumaq üçün mövcud olması prinsipini xatırladaraq, avropalı qonaqlara sual ünvanlayıb ki, “əgər Xocalı Soyqırımı sizin ərazinizdə baş versəydi siz nə dərəcədə buna dözərdiniz və yaxud belə bir hadisəni Azərbaycan ermənilərə qarşı törətsəydi sizin reaksiyanız necə olardı?!”
Partiya sədri çıxışında daim müharibənin başlanması üçün çağırışlar edəcəklərini, təbliğat aparacaqlarını və hökumətə təsir göstərməyə çalışacaqlarını bəyan edib və onların müharibə tələblərinin AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə hazırlayacağı məruzəsində ictimai rəy olaraq yer almasını istədiyini bildirib.
S. Şennakla aralarında yaranan polemikada F.Quliyev dünya təcrübəsindən misallar göstərərək, beynəlxalq təşkilatların çox hallarda qəbul olunmuş qətnamələrin dərhal icrasına başladığı halda, Azərbaycanla bağlı BMT-nin 4 qətnaməsinin hələ də həyata keçirilməməsi iradını ortaya qoyub.

F.Quliyevin həmin çıxışının səs yazısını təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 1833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed