Şrift:
“Borçalı” qəzetinin “Avey Qəhrəmanı - Vəfa Dəmirçioğlu” adlı xüsusi buraxılışı işıq üzü görüb
05.07.2019 [10:31] - Borçalı
“Borçalı” qəzetinin növbəti nömrəsinin xüsusi buraxılışı Milli Ordunun könüllü döyüşçüsü, şəhid Vəfa Dəmirçioğluna həsr edilib. Xüsusi buraxılışa məsul şəhidin bacısı, şair-publisist Zərəngiz Dəmirçi Qayalıdır.

Xüsusi buraxılışda şəhidin həyat yolu, döyüş fəaliyyəti haqqında geniş məlumat verilib. Ona həsr edilmiş əsərlər - şair Eyyub Paşanın "Vəfa" lirik poeması, "Oğul payı" şeiri, qəzetin baş redaktoru, həkim-şair Azadə Taleh Hüseynovanın “Baş redaktordan” yazısı və "Qəhrəman Vəfa" poeması yer alıb.

Buraxılışda bildirilir ki, bir xalqın tarixində onun qan yaddaşına çevrilən dərdləri, yaraları olduğu kimi, o qanlı müharibələrdə misilsiz xidmətlər göstərən qəhrəmanlar da unudulmamalıdır. Xüsusən də öz adını tarixin səhifəsinə baş qəhrəman kimi yazan igidlərimiz, ər qeyrətli, şir ürəkli, oğul təpərli qızlarımız da təbliğ olunmalıdır.

Xalqımızın qan yaddaşı olan Qarabağ müharibəsinin unudulmaması, gələcək nəsillərə çatdırılması üçün yazarların, publisistlərin, rejissorların, ümumilikdə yaradıcı insanların üzərinə böyük məsuliyyət düşdüyü vurğulanır. Oğullarımızla bərabər qəhrəman qızlarımızın təbliğ olunmasının, onların haqqında kitabların yazılmasının, xüsusi buraxılışların hazırlanmasının, filmlərin çəkilməsinin vacibliyi bildirilir.

Buraxılışda Vəfa Dəmirçioğlunun Daş Salahlı kəndində döyüş əhvali-ruhiyyəsinin qaldırılmasında, kənddə səngər qazılmasında, qərargah yaradılmasında, cəbhə xətti ilə həmsərhəd olan kənddə tam müdafiənin qurulmasında böyük fədakarlıqlar göstərdiyi qeyd olunur. Vətəninə, doğma kəndinə vəfası, onu qorumaq üçün canını qurban verməsi, əsgərlərə arxa-dayaq olması, insanların həyatını xilas edərək özünü odun-alovun içinə atması bir daha diqqətə çatdırılır.

Buraxılışda onun yarımçıq qalmış ömür yoluna da nəzər salınır. Bildirilir ki, Vəfa Dəmirçioğlu (Dəmirçi qızı Mansurova) 1966-cı il iyulun 23-də Qazax rayonunun Daş Salahlı kəndində, qulluqçu ailəsində anadan olmuşdu. Altı qızın 5-cisi olan Vəfa zirəkliyi, ötkəmliyi, hünəri ilə hələ uşaqlıqdan seçilirdi. O, məktəbdə, qohumlar arasında, ailədə istiqanlılığı, qoçaqlığı, təəssübkeşliyi ilə həmişə fərqlənirdi. Vəfanın düşüncəsi də, həyata münasibəti də həmişə fərqli olub. 20 Yanvar hadisələri, Xocalı faciəsi onun həyat yolunu dəyişib. Belə ki, Vəfa sənədlərini Bakı Dövlət Universitetinin tarix fakültəsinə versə də, oxumaq, tarixçi olmaq istəsə də, bu hadisələrdən sonra fikrindən dönüb. Qəbul imtahanına deyil, Vətənin müdafiəsinə yollanıb. Bu yoldan onu heç kim döndərə bilməyib. “Diplom Vətən qorumur” deyərək elinin, obasının, doğulduğu torpağın müdafiəsinə qalxıb. Ona etiraz edənlərə: “Müharibə gedən ölkədə hər ev cəbhəyə bir əsgər göndərməlidir! Bizim evdən də mən əsgər gedirəm!” deyib.

Vəfa Dəmirçioğlu 1992-1993-cü illərdə Qazax ərazisində “AVEY”, “Üçgül”, “Satılmış” adlanan cəbhə bölgələrində könüllü kimi döyüşüb. O, Qazaxda 707 nömrəli hərbi hissənin 5-ci batalyonunun 1–ci bölüyündə qulluq edən yeganə qız əsgər olub. Hətta qızların döyüşməsi qadağan olunduğu üçün onun adını “Mansurov Vəfa Dəmirçi oğlu” kimi qeydə alıblar.

Qara, yağışa, günün dözülməz istisinə baxmayaraq, o, Avey dağından enməyib, kəndin ərazisinin, rayonun və demək olar bütün Gəncəbasarın təhlükəsizliyinin qorunmasında fədakarlıq göstərib.

Onun adı az bir zamanda dillərə düşüb, haqqında oçerklər, əfsanələr, şeirlər, poemalar yazılıb. Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, yazıçı-publisist Hicranə Əhmədqızı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, şairlər Eyyub Paşa, Güləmail Murad və bir çox qələm adamları ona bədii əsərlər həsr ediblər.

Vəfa Dəmirçioğlunun yanında partlayan mərmi onun səhhətində ciddi fəsadlar yaradır, müalicə olunsa da, həyatını xilas etmək mümkün olmur. Bu, mərd, vətənsevər, igid qız ailəsinin mənsub olduğu Qayalı qəbiristanlığında torpağa tapşırılır.

Bu gün də onun xatirəsi əziz tutulur, tez-tez məzarı ziyarət edilir, xatirəsinə ehtiram bildirilir. Qazax rayonundakı Şəhidlər xiyabanında 2017-ci ildə “Şəhidlərin qız qardaşı - Vəfa Dəmirçioğlu” adına bulaq inşa edilib.

Xüsusi buraxılışda bir daha vurğulanır ki, Vəfa cismən aramızda olmasa da, o, hər zaman bizimlədir.
Bu xəbər oxucular tərəfindən 948 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed