Şrift:
Marağa zindanında saxlanılan Mehdi Kuxiyandan yeni xəbər
06.07.2019 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Marağa zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal, “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri Mehdi Kuxiyan yenidən həbsxananın ümumi bölümünə köçürülüb.

Azərbaycanlı fəal iyulun 2-də zindana baxış keçirən Məlikan Prokuroru ilə mübahisə etdikdən sonra Ş.Tütünçü adlı bir məhbus tərəfindən döyülmüşdür. Aldığı zərbələrdən yaralanan fəal poliklinikaya aparılmaq yerinə zindanın karantin bölümünə köçürülmüşdür.
Mehdi Kuxiyan karantin bölümündə bir gün qaldıqdan sonra həbsxananın ümumi bölümünə intiqal edilib.

Bu barədə etibarlı bir mənbə “Herana” agentliyinə məlumat verib.
“Mehdi Kuxiyan narkotik maddələri ilə əlaqədar ittihama görə həbs edilən Ş.Tütünçü adlı bir məhbus tərəfindən döyülərək ağır yaralanıb. Bu hadisə Məlikan prokuroru Mehdi Əlimuradi zindana baxış keçirdikdən sonra baş verib. Prokuror zindanda olduğu zaman onunla Mehdi Kuxiyan arasında mübahisə yaranıb.
Ş.Tütünçü qarşıdurma zamanı bildirib ki, zindan rəisi narkotik maddələri ilə əlaqədar həbs olunan 150 məhbusdan Mehdi Kuxiyanın onları narahat etməsi ilə bağlı imza alıb.”- deyə o bildirib.

Mənbənin sözlərinə görə, zindan rəisi azərbaycanlı fəalı təhdid edərək onun yaxın zamanda sərbəst buraxılmayacağını deyib. “Məhkumluq müddətin başa çatsa da azadlığa buraxılmayacaqsan. Həbs müddətin ən azı 6 ay uzadılacaq ki, millət vəkili Salman Xudadadinin əleyhinə getməkdən peşman olasan.”- deyə zindan rəisi azərbaycanlı fəala bildirib.

Prokuror Mehdi Əlimuradi də zindana baxış keçirərkən azərbaycanlı fəalı oxşar sözlərlə hədələmişdir. O fəala bildirmişdir ki, millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpur məsələsi ilə bağlı ifşaedici fəaliyyətinə görə yeni dosye ilə üzləşəcək və Ettelaat İdarəsində dindiriləcək.
Mehdi Kuxiyanın prokurorla mübahisə etməsi də bu təhdidlə bağlı olmuşdur.

Fəal aprelin 8-də Ettelaat əməkdaşları tərəfindən saxlanılıb və aprelin 13-də Ettelaat İdarəsinin təcridxanasından Marağa zindanına intiqal edilib.

Bundan əvvəl fəalın yaxınlarından biri bildirib ki, o Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb, deputat və Ettelaat İdarəsinin onunla bağlı hansı ssenari qurduqları məlum deyil.
Fəal yaxalanarkən Ettellat əməkdaşları tərəfindən döyülüb, aldığı zərbələrdən baş nahiyyəsindən yaralanmışdır.

Azərbaycanlı fəal saxlandıqdan sonra yeni dosye ilə üzləşib, lakin barəsində vəsiqə qərarı çıxarılıb. Onun hazırda bundan əvvəlki dosye ilə bağlı saxlandığı qeyd olunur. Deyinlərə görə, zindan məsullarının razılıq verməsinə baxmayaraq prokuror təhlükəsizlik qüvvələrinin təzyiqi ilə onun məzuniyyətə çıxmasına icazə vermir.

Məlikan sakini olan Mehdi Kuxiyan 2017-ci ilin yanvarında (hicri-şəmsi təqvimi ilə 1395-ci ilin dey ayı) yaşadığı şəhərin prokuroru Peyman Məhəmmədpur və bələdiyyə başçısı Fəhad Nərimanpurun şikayəti əsasında Marağanın kiber polisi tərəfindən saxlanmışdır. Birinci günlərdə Polis İdarəsinin təcridxanasında saxlanılan fəal sonra Marağa zindanına intiqal edilib. O saxlandığı gündən aclığa başlayıb və aksiyasını 28 gün davam etdirib. Aclıq aksiyasının son günlərində dodaqlarını tikən fəal nəhayət 2017-ci il fevralın 11-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.

Mehdi Kuxiyan 2018-ci ilin mart ayında Marağa İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilib. Fəal islam cümhuriyyətinin əleyhinə olan kanal, qrup və təşkilatların xeyirinə olaraq sistemə qarşı təbliğat aparma ittihamı ilə azadlıqdan məhrum edilib.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed